Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Əlbəttə, Taleh Bağırzadə Milli Şuraya üzv olarkən bilirdi ki, biz Azərbaycanın gələcəyini Avrointeqrasiyada görürük, buna can atırıq və mitinqlərimizdə Azərbaycan bayrağı ilə yanaşı yalnız Avropa Birliyinin bayrağını ucaldırıq. Əlbəttə, bir din adamı kimi onun bizdən fərqli cəhətləri və görüşləri var və biz bunu anlayışla qarşılayırıq.
Biz də Hacı Talehi Milli Şuraya üzv qəbul edərkən bilirdik ki, onun İslam dininə, Şiə təriqətinə xüsusi bağlılığı var. Onun heç də bütün fikirlərini biz bölüşmürük, ancaq o da buna həmişə həssaslıqla yanaşıb və bizi başa düşüb.
Heç də bütün məsələlərdə fikirlərimiz üst-üstə düşməsə də Taleh bəyə və dindar qardaşlarımıza qarşı Nardaran terrorunu böyük çətinliklər, risklər hesabına olsa da ifşa etdiyimiz, tüstüsü ərşə çatan zülmə məruz qalan günahsız insanları müdafiə etmək cəsarətini özümüzdə tapa bildiyimiz üçün çox xoşbəxtik.
Taleh bəy də ona verilən ağlasığmaz işgəncələr qarşılığında sınmaması, dik, məğrur duruşu, mərdliyi ilə bütün fədakarlıqlarımızı, zəhmətlərimizi haqq etdiyini sübuta yetirdi. Halal-halal xoşu olsun!
Aramızda fərqlər olsa da bizi birləşdirən məqamlar daha çoxdur. Mən dünən Taleh qardaşımızın məhbəsdən göndərdiyi məktubundakı bu sətirləri oxuyanda, gerçəkdən də təsirləndim:
“Bizi birləşdirən dəyərlər demokratiya, insan hüquqları, Azərbaycanın müstəqilliyi və bölünməzliyidir”.
Bizi birləşdirən başqa bir dəyər isə uca bayrağımızın üçüncü rəngi olan gözəlim yaşılın (ən sevdiyim rəngdir) ifadə etdiyi İslam inancımıza sayğımız və ehtiramımızdır. Ancaq bu, əlbəttə ki, fərqli inanclı və ya inanmayan vətəndaşlarımıza sayğımızı da istisna etmir.
Biz birlikdə fərqliliklərimizlə və bu fərqliliklərə sayğımızla gözəlik. Hamını, bütün fərqlilikləri sevə bilmərik, belə borcumuz və öhdəliyimiz də yoxdur. Ancaq Azərbaycanı hər bir Azərbaycan vətəndaşı üçün sevimli və gerçək bir Vətənə çevirmək hər birimizin boynunun borcudur və buna görə biz bir yerdəyik.
Hacı Taleh yenə də çoxlarına mərdlik dərsi keçdi, Milli Şuraya qarşı hökumətin ən ləyaqətsiz başqıları və kampaniyaları qarşısında geri çəkilmədi, bizə açıq və birmənalı dəstəyini bildirdi. Amma məni onun bu davranışında ən çox təsirləndirən bir cəhət oldu:
Bu mövqeyilə Hacı Taleh qardaşımız qalın məhbəs divarları arasında da azadlıqda olan bir çoxlarından daha azad olduğunu sübut etdi! Respect!