Azərbaycanda baş verən polis zorakılığı ilə bağlı Milli Şuranın dünya xalqlarına və hökumətlərinə müraciəti
İnsan azadlığı və hüququn aliliyinə hörmətlə yanaşan, demokratik dəyərlərə sayğı göstərən hər kəsə müraciət edirik. Azərbaycanda polis vəhşiliklərinin həddi-hüdudu yoxdur. Əliyev rejimi dünyanın global pandemeya təhlükəsi ilə üz-üzə olduğu bir zamanda öz xalqına qarşı polis dəyənəyini işə salmışdır. Azərbaycanda ailə-feodal rejimi bərqərar edildiyindən kleptokratik, korrupsioner Əliyev hakimiyyəti Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, təhlükəsizlik və məhkəmə orqanlarını xalqı əzmək alətinə çevirmişdir. İyun ayının 6-7-də Bakı şəhərində görünməmiş hadisə baş vermiş, şəhərin Yeni Yasamal məhəlləsində həyətə zibil atmağa düşmüş vətəndaşa 5-6 nəfər polis işçisi hücum etmiş, həmin şəxsi insanların gözü qarşısında vəhşicəsinə döymüş, polislərdən birinin çox bahalı şəxsi maşınına salaraq bölməyə aparmış, adama amansız işgəncə vermişlər. Həmin mənzərəni öz mənzillərindən seyr edən sakinlər polis vəhşiliyinə etiraz əlaməti olaraq yaşadıqları evlərin balkonlarından hadisə yerinə zibil atmışlar.
İyunun 8-də səhər tezdən həmin binaya yüzlərlə Çevik Polis Alayının xidmətçiləri yeridilmiş, qanuna zidd olaraq polis işçiləri vətəndaşların evlərinə daxil olmuş, bu işdə şübhəli bildikləri şəxsləri yatağından qaldıraraq geyinməyinə belə imkan vermədən çılpaq formada işgəncə altında yerlə sürüyərək aşağı endirmişlər. 11 nəfər dinc mülki vətəndaşa ağır işgəncə verilmiş, insanların gözü qarşısında onların ləyaqəti təhqir edilmiş, şəxsiyyəti alçaldılmışdır. Eyni zamanda saxlanılan şəxslərə qarşı amansız işgəncə əməlləri polis bölməsində də davam etdirilmişdir. Ən acınacaqlısı odur ki, bütün bu işgəncə halları, insanların çılpaq formada adamların gözü qarşısında vəhşicəsinə döyülməsi əməliyyatda iştirak edən polis işçiləri tərəfindən telefonla çəkilmiş və sosial şəbəkələrdə yayılmışdır.
Qeyd edilən ünvanda Elvin və Kərim Süleymanlı qardaşlarının vəhşicəsinə döyülməsinin izləri, birincinin çılpaq formada sürüdülərək polis maşınına aparılmasının görüntüləri artıq sosial şəbəkədə yayılmışdır. Bu dəhşətli hadisə ilə bağlı onların anası Gülər Süleymanovanın fəryadı ürəklər parçalayır. Bu vəhşiliyin törədilməsi və onun nümayişkaranə formada yayılması cəmiyyəti qorxutmaq zərurətindən irəli gəlir. Əliyev rejimi ölkə müxalifətçilərinə qarşı dəfələrlə belə üsullardan istifadə edib. Ötən ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi aksiya zamanı saxlanılan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli Şuranın rəhbər heyətinin üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimli də eyni ilə bu qaydada kamera çəkilişləri ilə ölüm həddinə qədər döyülmüş və alçaldılmışdı. Tofiq Yaqublunun oğlu da polis bölməsində onunla qonşu otaqda vəhşicəsinə işgəncəyə məruz qalmış, onun işgəncə altında fəryadı eşidilərkən qonşu otaqda atasından siyasətdən çəkilməsi tələb edilirdi. İşgəncə, zor, insanların bədəninə elektrik cərəyanı verilməsi, adamların işgəncə altında ləyaqətinin alçaldılması Əliyevin polis rejimi üçün adi hala çevrilmişdir.
Şübhəsiz ki, yüzlərlə Çevik Polis Alayı mənsubunun səhər saat 7 radələrində Yeni Yasamalda keçirdiyi “zibil” əməliyyatı bilavasitə Daxili İşlər Nazirliyinin rəhbərliyi və ölkə başçısının sanksiyası ilə baş vermişdir. Qanunun aliliyini təmin etməli olan Respublika Baş Prokurorluğu törədilmiş qanunsuzluğa nəinki göz yummuş, əksinə onu müdafiə etmiş, məhkəmə orqanları isə ağır işgəncəyə məruz qalmış şəxslər haqqında inzibati qaydada həbs qərarı çıxarmışdır. Eyni zamanda hakimiyyət öz nəzarətində olan mətbuat, sosial şəbəkə fəalları, televiziyalar, jurnalistlər, deputatlar vasitəsilə törətdiyi vəhşiliyə dəstək kampaniyası təşkil etmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində deyilir: “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”. Həmin Konvensiyanın 8-ci maddəsində deyilir: “Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir”.
Biz Milli Şura olaraq Sizləri, ilk növbədə Qərb ölkələrinin hakimiyyət yetkililərini, ABŞ Dövlət Departamentini, Qərb ölkələrinin Bakıdakı səfirliklərini Azərbaycan vətəndaşlarına qarşı törədilmiş bu polis zorakılığına, ağır işgəncə faktlarına, insan ləyaqətinin alçaldılmasına səssiz qalmamağa, bu hadisədə əli olan Daxili İşlər naziri, onun müavinləri, onlara göstəriş vermiş digər vəzifəli şəxslərə öz ölkələrinizə viza verməməyə çağırırıq. Məsələn, bir faktı xatırladırıq ki, “zibil” əməliyyatına hadisə yerində rəhbərlik edib bu vəhşiliklərin törədilməsinə başçılıq edən polis zabiti bir icra başçısının oğlu, digər bir icra başçısının kürəkənidir. Azərbaycanın vəzifəli şəxslərinin əksəriyyəti ölkədən oğurladıqları korrupsiya pullarını Qərb ölkələrində saxlayar, xalqdan mənimsənilmiş çirkli pullarla məhz Qərb ölkələrində mal-mülk alırlar. Lap bu yaxında ölkənin fəaliyyətdə olan Xarici İşlər nazirinin Nyu Yorkda 4 milyon dollardan artıq dəyəri olan mülkləri aşkarlandı, keçmiş Milli Təhlükəsizlik nazirinin Londonda 100 milyon funt sterliq dəyərində əmlakı üzə çıxdı. 3 milyard dollar məbləğındə London təyinatlı “Azərbaycan Çamaşırxanası”nın əsl sahibləri bu günə kimi aşkarlanmır. Ölkədə baş alıb gedən polis zorakırığının bir səbəbi də bununla bağlıdır.
Biz demokratik dünyanın xalqlarına, vətəndaş cəmiyyəti institutlarına, insan hüquqları təşkilatlarına müraciət edirik: kleptokratik Əliyev rejiminin korrupsioner, rüşvətxor, insan haqlarını pozan, insan ləyaqətini alçaldan, günahsız adamların bədəninə elektrik cərəyanı verən məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı hökumətlərinizə təsir edin. Əliyev rejiminin transmilli korrupsiyası, insanları təqib etməsi, görünməmiş işgəncə əməlləri, korrupsiya pulları ilə Qərb ölkələrində vəzifəli şəxsləri satın alması, korrupsiya pulları ilə mülklər alması, ofşor hesablar saxlaması Sizlərin həyatı üçün də ciddi təhlükəyə çevrilir.
Biz Milli Şura olaraq demokratik dünyaya, onların rəsmi dövlət qurumlarına, Bakıdakı səfirliklərinə müraciət edirik: bu natəmiz əməllərdə iştirak etmiş Azərbaycan məmurlarını öz ölkələrinizə buraxmayın, dinc vətəndaşlara qarşı zor tətbiq edən, işgəncə verən polis işçilərinə, saxta iddiaları müdafiə edən prokurorlara, məhkəmələri cəza orqanına çevirən hakimlərə, bütün bu qanuna zidd əməllərə göstəriş verən prezident aparatının rəsmilərinə, işgəncə faktını müdafiə edən deputatlara, jurnalistlərə ilk addım kimi viza verməyin, belə natəmiz əməl törədənləri öz ölkənizə buraxmayın, onların öz xalqının qanına bulamış, öz xalqına dəyənək qaldırmış çirkli əllərini sıxmayın.