Milli ŞuraKoordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Niyə şənbə-bazar günləri “ölü karantin” tətbiq etdilər? Bu sual indi hamını düşündürür. Zəruri ərzaq mallarının alışı üçün marketə, hətta aptekə getməyi qadağan edən bu sərt karantinə nə ehtiyac vardı?!
İlk əvvəl narahatlıq hiss olunurdu. Hökumət olaraq öz fərasətsizliklərinə, bacarıqsızlıqlarına hamıdan yaxşı bələd olduqları üçün öncə təşvişə düşdülər. Bilirdilər ki, nə normal səhiyyələri, nə də alababat sosial müdafiə sistemləri var və xəstəliyin epidemiya şəklini alacağı durumda aciz qalacaqlar. Yasaqlar və SMS-lə icazə də buna görə tətbiq edildi.
Lakin insanları evdə saxlamağın məsuliyyəti var. Bunu edən bütün dövlətlər, hətta hökumət televiziyalarımızın on illərdir oboy yedizdirib acından öldürdüyü Ermənistan vətəndaşına ciddi yardımlar etdiyi halda, sən, ümumiyyətlə, heç nə etmirəm deyə bilməzsən. Nəsə etməlisən. Görüntü üçün də olsa.
Məhz həmin görüntü xətrinə ən zəif nazirlərinin altından 100 milyonlar, icra başçılarının seyflərindən 10 milyonlar çıxan neft və milyardlar səltənəti guya cəmi 200 min işsizinə əslində bir ailənin bir həftəlik xərci də olmayan 190 manat ödəyəcəyini bəyan etdi və… həngamə də bundan sonra qopdu.
Evində çörəyi olmayan, balası ac qalan on minlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli təşkilatlarına hücum etdi, milyonlar eyni gündə online müraciət etməklə nazirliyin saytını çökdürdülər.
Və həşəmətli hökumətimiz nəhayətində anladı ki, ermənilərdən fərqli olaraq yüz minlərlə azərbaycanlının evində yeməyə heç divar kağızı da yoxdur!
Məcburiyyət qarşısında 600 min insana 190 manat yardım ödəməli oldular. Gerçək ehtiyacı olan azı 1 milyon 300 min insana isə saxta və gülünc imtina cavabları verməklə özlərini xalq arasında daha da nüfuzdan saldılar.
Lakin haqqına girilmiş həmin o 1 milyon 300 nəfər 190 manat almaq üçün müraciətlər ünvanlamaqda, əsaslı tələblər qoymaqda davam edirdi. Gördülər ki, belə getsə 2 milyon insana, heç olmasa 1 milyona, 1 milyon 200 minə 190 manat ödəməli, xalqa real pul verməli olacaqlar, bu isə Azərbaycan hökumətinin planlarına heç neftin barrelinin 149 dollar olduğu dövrdə də daxil olmayıb, o ki, ola əllərinin aşağı olduğu indiki vaxt.
Bir tərəfdən də bütün keçmiş sosialist ölkələri kimi çox böyük ehtimalla BCJ, Vərəm əleyhinə peyvəndin təsirilə ölüm halları yüksək deyildi. Odur ki, karantini ləğv edib 190 manatın artan yükündən xilas olmaqda heç tərəddüd etmədilər.
Amma unutdular ki, dövlət olaraq qorxunc virusun yayılmasının qarşısını almaq üçün heç bir əməli iş görmədilər:
- ictimai nəqliyyatda, xüsusilə də, metro və avtobuslarda zəruri mütəmadi dezinfeksiya işləri həyata keçirilmədi;
-heç bir ictimai toplaşma məkanında insanların hərarəti yoxlanılmadı; əlcək, maska və dezinfeksiya vasitələrindən istifadə edilmədi;
-əhalinin aztəminatlı təbəqəsinə maska, əlcək, spirt, sabun paylanmadı və s.
Hökumət o qədər yalanlar danışıb, xalqın inam və etibarını o qədər itirib ki, insanlar “maska taxıb özünüzü qoruyun” çağırışını da “maska biznesindən qazanmaq istəyirlər” kimi yozub (və haqsız da deyillər) ona məhəl qoymadı.
Bu halda klassik “yalançının evi yandı, heç kim inanmadı” nümunəsi gerçək oldu.
Dövlət idarəetməsinin məsuliyyətsizliyi, insanlarımızın isə güvənsizliyi elə bir duruma gətirib çıxardı ki, xəstəlik əksər dünya ölkələrində azaldığı halda, ölkəmizdə artmağa bağladı. İndi “Koronavirusu aciz qoyan dövlət siyasəti” özü virusun əlində aciz qalıb və dünyadakı yaxşılaşma fonunda geriləyən statistikası ilə rüsvay olur.
Odur ki, qorxunc dinamikanın qarşısını almaq üçün nəsə etmək lazımdır. Ən düzgün yol, təbii ki, bizim əvvəldən tələb etdiyimiz kimi hər bir vətəndaşa aylıq 300 manat ödəməklə sərt karantini bərpa etmək olardı. Ancaq hökumət əhaliyə artıq bir qəpik də ödəmək niyyətində deyil.
Məhz bu səbəbdən cəmiyyətdə haqlı hiddət və gülüş doğuran şənbə-bazar yasağını tətbiq etdilər. Yəni, COVİD-19 həftənin beş günü istirahət edib, yalnız həftəsonu böyük şəhərlərə gəzməyə çıxır ki, hökumət bu qrafikə uyğun da qadağalar tətbiq edir?!
Aydındır ki, burada məqsəd insanlara 190 manat yardımı verməkdən də yayınmaqdır. Yəni, bütün iş yerləri açılıb, dövlət niyə sizə yardım etməlidir ki?!
Aydındır ki, bu qadağa ilə gündəlik yoluxma sayının İtaliyanı və İspaniyanı örtüyü bir şəraitdə şənbə və bazar günləri yoluxma ehtimalını maksimal minimuma endirməklə yoluxma göstəricisini 20-30 faiz azaltmaq istəyirlər.
Bu zaman şanlı hökumətimiz onu da nəzərə almalıdır ki, iş günləri karantin tətbiq edilməsə də, ölkədə 3 milyon işsiz var və onların əhəmiyyətli hissəsi acdır. O aclara isə sahib çıxmaq dövlətin ən əsas vəzifəsi və borcudur.
DÖVLƏTİN deyə etiraz edəcəksiniz və haqlı da olacaqsınız. Çünki Azərbaycanda mövcud idarəetmə modeli dövlət adını haqq etmir. Etsəydi, gecə-gündüz vətəndaşından oğurlamaq, vətəndaşının haqqından kəsmək barədə düşünməzdi…