Filmin sonu
Milli Şuranın sədri Cəmil Həsənli
İlham Əliyevin Milli Şura və Xalq Cəbhəsini birdəfəlik bitirmək ssenarisi davam etsə də, filmin sonu artıq aydındır. Bu mövzuda yazmaq son dərəcə ağırdır. Amma baş verənlərə, xüsusiylə bəzi tv proqramlarında səsləndirilən “fikir və mülahizələrə” də səssiz qalmaq doğru olmazdı.
Onsuz da çoxdan gündəmdə olan bu planı, heç sübhəsiz ki, 19 yanvar mitinqinin qorxusu tətiklədi. Hələ ötən ilin yazından başlayaraq hakimiyyətin xarici tərəfdaşlarından məlumat sızmışdı ki, İlham Əliyev müxalifəti bitirməyin müxtəlif variantları üzərində işləyir.
Əslində, bu ssenari 2019-cu ilin 2 noyabrında əməli xarakter almalı idi. Həmin gün bir neçə dinc vətəndaş və polis işçisinin öldürülməsi ilə bu proses başlanmalı, Milli Şura və Xalq Cəbhəsinə qarşı geniş miqyaslı total repressiyalara start verilməli idi. Bununla da parlament seçkiləri öncəsi siyasi mühit “radikallardan”, “dialoq əleyhidarlarından” təmizlənməli, daha sonra “konstruktiv” dialoq müxalifətinə parlamentdə 10-15 yer verilməli idi. Həmin 10-15 mandata sahiblənən “mötədil, konstruktiv müxalifətçilər”-in uğur hekayəsi bütün dünyanı “radikalların”, yəni, Milli Şuranın qeyri-sivil, çağdaş demokratiya tələblərinə cavab verməyən bir qaragüruh olduğu üçün siyasi prosesdən uzaqlaşdırılmasına,
marginallaşmasına, siyasi və mənəvi baxımdan sıradan çıxmasına inandırmalı idi. Ssenarini gercəkləşdirmək üçün təhlükəsizlik və güc strukturlarında bütün hazırlıq tədbirləri görülmüşdü, hətta dialoqçulara sonradan özləri etiraf etdiyi kimi “xoş müjdə” də çatdırılmışdı. Gözlənilmədən bizim mitinqi təxirə salmağımız yalnız hakimiyyətin planlarını pozmadı, içərisində polis işçiləri də olan bir neçə vətəndaşın həyatını da xilas etdi. Eyni zamanda yeni parlamentin çərçivələri öncədən başqa situasiyaya uyğun cızılan konfuqurasiyasını dəyişdi. Çünki, Milli Şuranı sıradan çıxarmaq hələ də mümkün olmamışdı.
Milli Şuranı dağıtmaq üçün Əliyev rejimi bütün vasitələrə əl atıb: təqib, şantaj, təzyiq, izləmə, övladla imtahana çəkilmə və sair. 2019-cu ilin yazında və yayında isə şirin “qoğal” vədi ilə rəhbərlikdə olan adamların ələ alınması yolu ilə təşkilatın iflasa uğradılması metodu işə salındı. İlk olaraq Milli Şuranın rəhbər heyətində öz prinsipial mövqeyi ilə seçilən Gültəkin Hacıbəyliyə təzyiqlər başladı. Əvvəl məhkəmə qərarından dörd saat əvvəl zorakılıqla maşınını əlindən aldılar. Sonra yanına böyük vədlərlə elçilər gəlib bilavasitə İlham Əliyevin adından böyük hörmət və ehtiramlarını açıqca ifadə edir, onunla bağlı ölkə başçısının adından bütün məsələləri həll etməyə, narazılıqları nizama salmağa hazır olduqlarını, onun hər bir istəyini gerçəkləşdirməyə hazır olduqlarını, “hər şeyin çox gözəl olacağını” ifadə edirlər. Yalnız bir şərtlə ki, Gültəkin xanım Milli Şuranı tərk etsin.
Lakin bir nəticə əldə edilməyəndə Gültəkin xanıma qarşı hakimiyyətin illərlə ailə məişət zəminində təzyiq vasitəsi kimi arsenalında saxladığı keçmiş qaynanasının guya mənzil təmiri üçün ona borc verməsi ilə bağlı çoxdan qapadılmış saxta məhkəmə işini yenidən “diriltdilər”. Maraqlıdır ki, Gülltəkin xanıma qarşı iddia ərizəsini qaynana qızının insan alveri ilə bağlı polis orqanlarında saxlandığı gün məhkəməyə təqdim etmişdi. Guya 2003-cü ildə verilən borc barədə heç bir yazılı və notarial qaydada təsdiq olunmuş müqavilə və hətta, tərəflərin öz aralarında yazılı və şifahi razılıq olmadığı halda, mənzilin real təmir qiymətinin 15 min dolları aşmadığı haqda mötəbər ekspert rəyi ola-ola məhkəmə iddia müddəti 15 il əvvəl ötmüş 85 min manatlıq saxta və əsassız iddianı təmin edir. Əlavə olaraq Ali Məhkəmə də daxil olmaqla müxtəlif məhkəmə instansiyaları oğlunun xaricə çıxışı üçün xarici passport verilməsindən imtina qərarı çıxarır. Elə həmin vaxt Gültəkin xanımın xarici diplomatla restoranda günorta yeməyi zamanı söhbəti yazılır və Amerika səfirliyinin məsul əməkdaşı ilə telefon danışıqları qeydə alınıb hökumət mediasına ötürülür.
Gültəkin xanımdan az sonra YAP qərargahından, partiya rəhbərliyində təmsil olunan şəxslərdən biri tərəfindən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya telefon açılır. Onun xidmətləri sadalanır, vətən uğrunda döyüşdüyü, qəhrəman bir şəxs olduğu xatırlanır, rəhbərliyin onun bu xitmətlərini yüksək qiymətəndirdiyi vurğulanır və Milli Şuradan çıxmağı “məsləhət” görülür. Lakin Tofiq bəy bu məsləhətə əməl etmədikdə onu inzibati repressiv yollarla ram etməyə start verirlər. Əvvəlcə o, Baş prokurorluğa çağrılıb təhdid edilir və oktyabrın 19-da Əli Kərimli ilə çiyin-çiyinə mitinqə çıxdığı üçün həbs olunur. Həbs yerində Tofiq bəyə olmazın işgəncələr verilir və əsas tələb də Milli Şuradan çıxmaq olur. Tofiq bəy bu tələbi yerinə yetirmədiyi üçün İlham Əliyevin pandemeya şəraitində “yeni qayda” tətbiqinin ilk hədəfinə çevrilir və şərlənərək həbs edilir.
Hadisələrin gərgin bir mərhələyə daxil olduğu məqamda Milli Şuranın rəhbər heyətinin digər bir üzvü, ədliyyə generalı, professor Vidadi Mirkamal “Bandotdelə” çağırılır, onun haqqında kompromat olduğu bildirilir, Milli Şuranın Koordinasiya Mərkəzinin toplantılarının onun Pirşağıdakı bağ evində keçirilməsi dayandırılmasa və Vidadi müəllim Milli Şuradan çıxmasa kompromaterialın yayılacağı ilə hədələnir. Vidadi müəllim təklifi qəbul etmədiyi üçün hakimiyyət əxlaqsız üsula əl atır və onun vəkil kimi ünsiyyətdə olduğu bir qadın müştərisi ilə montaj edilmiş səs yazısı yayılır.
Tofiq Yaqublu və Vidadi Mirkamalla eyni vaxtda Milli Şuranın rəhbərliyində əsasən insan haqları və işgəncələrə qarşı məsələlərdə ortaya böyük iradə qayan, qurama Nardaran, Tərtər və Gəncə hadisələrinin gerçək mənzərəsini ölkə və beynəlxalq ictimaiyyətə çatdıran Oqtay bəy Gülalıyev dəfələrlə açıq və gizli şəkildə hədələnir, baş prokurorluğa dəvət edilir, onun əməlində çinayət tərkibi olduğu nəzərinə çatdırılır və hətta kriminallaşmış bir sıra dövlət qurumları ondan tələb edirlər ki, bu işlərə, xüsusilə, işgəncə ilə bağlı məlumatların yayılmasına son qoysun və eyham vururlar ki, bura Azərbaycandır və yol keçdiyi yerdə adamı maşın da vura bilir. Oqtay bəy bütün bu məsələlər barədə MŞ KM-nin toplantısında məlumat verir və “islah” olunmadığı üçün oktyabrın 29-də yol keçərkən onu “təsadüfən” maşın vurur. Oqtay bəyin nəinki özü, ailəsi də davamlı və açıq təhdidlər altında olduğundan onun hər iki övladı Azərbaycanı tərk edib mühacir həyatı yaşamaq zorunda qalmışdı.
Milli Şuranın ilk üzvlərindən olan, Azərbaycan İstiqlal aktını imzalamış istiqlalçı deputat İbrahim İbrahimliyə “həmyerliləri” tərəfindən təzyiqlər başlanır ki, axı sənin Milli Şurada nə işin var? Oranı tərk elə bütün məişət məsələlərini həll edək. Söhbət alınmır və İbrahim İbrahimli 19 oktyabr aksiyası ilə bağlı polisə aparılır və ağır işgəncə (boğulma) altında səsini itirir. Milli Şuranı tərk etmək barədə eyni məzmunlu təkliflər müxtəlif tərəflərdən rəhbərlikdə təmsil olunan Rafiq Manaflıya da gəlir və razılaşmadığı üçün ilk “cəza” kimi oğlu çalışdığı işdən çıxarılır. Qurumun rəhbərliyində təmsil olunan AXCP sədri Əli Kərimlinin oktyabr ayının 19-da, eləcə də ondan öncə və sonra başına gələnlər haqqında da məlumatlısınız. Daha əvvəl Milli Şuranın rəhbər heyətinə daxil olan Leyla xanım Yunusun (2014), Gözəl xanım Bayramlının (2017) və Mehman Əliyevin (2018) həbslərini də bura əlavə etsək mənzərə daha aydın olar.
Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslərin bütün vasitələrlə, ən iyrənc metodlarla təqib olunduğu həmin o məşum yay günlərində, Milli Kino Günü münasibətilə qurumun rəhbərliyində təmsil olunan tanınmış ziyalı Eldəniz bəy Quliyevin həyat yoldaşı Xalidə xanım Quliyevaya İlham Əliyev öz sərəncamı ilə 2019-cu ilin iyul ayında “Azərbaycanın Xalq Artisti” fəxri adını verir. Şübhəsiz ki, hələ məşhur “Nəsimi” filmindən başlayaraq Xalidə xanımın sənət uğurları var, amma İlham Əliyev o qədər “tolerant” kleptokrat deyil ki, həyat yoldaşı ölkənin aparıcı müxalifət qurumunda təmsil olunan bir aktrisaya sənət uğurlarına görə “Xalq Artsiti” yüksək fəxri adını versin. Başımız bizə qarşı hücumları dəf etməyə qarışdığından dostumuzun ailəsindəki bu uğurdan da vaxtında xəbər tutub onu təbrik edə bilməmişik.
Pis-yaxşı 2019-cu ilin payızındakı repressiyalardan, xüsusilə, 2 noyabr təxribatından itkiylə olsa da salamat çıxdıq. İlham Əliyevin Nardaran, Fətullah Gülən, Qərbdən maliyyə dəstəyi almaqla (Gözəl xanım və Əfqan Muxarlı) konstitusion qurluşu devirmək, Saleh Rüstəmlinin timsalında AXCP-nin “çirkli” pulları yuma əməliyyatı gözlənilən nəticələri vermədiyi kimi, rejimin payız əməliyyatı da sona çatmadı. Milli Şura da, Xalq Cəbhəsi də yaşadı.
2020-ci ilin növbədənkənar parlament seçkilərindən sonra yenidən köhnə müxalifətin bitirilməsi məsələsi ən yüksək səviyyədə, xarici polittexnoloqların iştirakı ilə müzakirəyə çıxarıldı. Bu dəfə İlham Əliyev məsələni qəti olaraq belə qoydu ki, biz artıq özümüz üçün müxalifət formalaşdırmışıq. Onlar parlamentdə təmsil olunub dialoqa cəlb ediliblər və konstruktiv əməkdaşlığa hazır olduqlarını nümayiş etdiriblər. Azərbaycanda artıq müxalifət var, onları prosesə yaxından cəlb edib köhnə müxalifəti sıradan çıxarmağın zamanı yetişib. Azərbaycan hakimiyyəti xaricdəki dostlarına və lobbiçilərinə belə belə də mesaj verdi: Prezident köhnə müxalifəti bitirməyə qərar verib, bu iş qarşıdakı aprel-may aylarında başa çatdırılmalıdır. Məlumat müxtəlif yollarla bizə də sızdırıldı və hamını bir sual düşündürürdü: necə? hansı yollarla, hansı üsullarla? Çox variantlar üzərində baş sındırılırdı, müxtəlif versiyalar üzərində günlərlə müzakirələr aparılırdı.
Hakimiyyətin ən üst düzeyində, təhlükəsizlik xidməti və güc nazirliklərində bu plan hazırlananda global dağıdıcı böhranın (Covid-19) ilk həmləsi dünyada, xüsusilə, böyük dövlətlərdə artıq özünü göstərmişdi. Hamı öz başının hayında idi və bundan avtoritar-kleptokratik rejimlər uzun müddət arzuladıqları “azad əl” imkanı qazanmışdılar. Hər şey planlaşdırıldığı kimi başladı. Əvvəl dialoq oyunu atıldı ortalığa. Şübhəsiz ki, Milli Şura və Xalq Cəbhəsi dialoqa razılaşsaydı məqsəd onları alçaldıb xalqın gözündən salmaq, xalqın iradəsin ifadə etməyən qüvvə kimi təqdim etmək, beynəlxal aləmi isə “qurdla quzunun həmrəy” olduğuna inandırmaq idi. Razılaşmasaydı ölkədə stabilliyi pozan “ünsürlər”, “5-ci kolon”, “vətən xainləri” kimi “təmizlənmələri” nəzərdə tutulurdu. İlham Əliyev martın 19-dakı bayram təbrikində müxalifəti (Milli Şura və Xalq Cəbhəsini) bitirməyin açıq anonsunu verdi. Lakin ölkə içində və beynəlxalq reaksiya onun gözlədiyi kimi səssiz olmadı.
İlham Əliyev bir az da irəli gedərək aprelin 14-dəki hökumət kabinetinin iclasında bu “bitirmə” əməliyyatını bir az da konkretləşdirdi. Bütün rəsmi dövlət orqanlarına, təhlükəsizlik və güc nazirliklərinə, nəzarətdə olan media qurumlarına konkret tapşırıqlar verildi. Martın 23-də Tofiq Yaqublunun qurama, az sonra cəbhəçi Əlzamin Salayevin saxta bir ittihamla həbsi ilə başlanan bitirmə əməliyyatı çoxlu sayda cəbhə funksionerləri və aktivistlərinin həbsi ilə geniş xarakter aldı və nəhayət proses AXCP sədri Əli Kərimlinin blokadası və ev dustaqlığı ilə qorxunc bir məzhəkəyə döndü. Əli Kərimlinin sürücü və mühafizəçilərinin həbsi, Paşa Umudova “narkobaron” olduğunun “etiraf” etdirilməsi, cəbhə fəalı Niyaməddin Əhmədovun terrorun “maliyyələşdirilməsi” işində “etirafını” almaq üçün böyrəklərindən qan sızana qədər işgəncəyə məruz qoyulması Cəbhəni bitirməyin köhnəlmiş ehtiyat variant kimi “sənədləşdirilirdi”.
Milli Şura və Xalq Cəbhəsinə qarşı başlanmış “təmizləmə” kampaniyası yalnız beynəlxalq aləmdə deyil, ölkə içərisində də bir mənalı qarşılanmadı. Tanınmış ziyalı və ictimai xadimlərin böyük bir hissəsinin Əli Kərimlinin kommunikasiya və humanitar blokadaya alınmasına qarşı xüsusi etiraz bəyanatı ilə çıxış etməsi “bitirmə” əməliyyatının birinci böhranı idi. Bunun ardınca dünyanın media nəhənglərinin mövzuya müraciət etməsi, Qərbin müxtəlif dairələrinin, müxtəlif beynəlxalq insan hüquqları, nüfuzlu beynəlxalq təşkilatların İlham Əliyevin Covid-19-dan öz əleyhdarlarına qarşı istifadə cəhdlərini ifşa etməsi, Azərbaycanın gercək müxalifət qüvvələrinə dəstəyini ifadə edilməsi İlham Əliyevi etimadsız vəziyyətinə saldı. Proses davam etdikcə Qərbin önəmli qurumlarının Covid-19 şəraitində Əliyev rejiminin basqısına məruz qalmış Azərbaycan müxalifətinə dəstək prosesi də nişlənirdi. İndi hamı müxalifətin ünvanın çox açıq ifadə edir və az qala onu barmaqla göstərirdi. Vəziyyətin bu məcraya yönəlməsi hakimiyyəti sadəcə olaraq hövsələdən çıxardı və proseslərin daha əxlaqsız xarakter alan növbəti mərhələsinə start verildi.
Milli Şuranın üzvlərini sındırmaq, ələ almaq mümkün olmamışdı. Təzyiqlər, həbslər də işə yaramadı. Bizi korrupsiyada, terrorda ittiham etməklə dünyanı inandıra bilməzdilər. Demək, daha kreativ, daha cəlbedici və müasir “ideya və ittihamlara” ehtiyac vardı.
2019-cu ilin avqust-sentyabr aylarında Xalq Cəbhəsinə qarşı süni şəkildə gündəliyə gətirilmiş feminist qalmaqalını ilk belə təcrübə kimi hökumət məharətlə işləmiş və sınaqdan keçirmişdi. Hakimiyyət labaratoriyasında hazırlanmış bu eksperment müxalifətə qarşı “modern” bir silah idi və bu silahın ilk sınağı gözlənilən nəticəni vermişdi. Qərb üçün cəzbedici sayılan feminizmlə ayaqlaşmamaq hakimiyyət uğrunda mübarizə aparan bir qurumun beynəlxalq aləmdə “ifşasına” hesablanmışdı. Şübhəsiz ki, burada vicdanlı yanılanlar var idi, lakin hökumət nəzarətində olan şəbəkəni, xüsusilə, REAL-ın cazibəsində olan “twitter” şəbəkəsini informasiya səfərbərliyi halına gətirə bilmişdi.
Cinsi azlıqlar məsələsi də uzun müddət idi feminizm kimi müxalifətə qarşı mübarizədə hakimiyyətin planlara daxil edilmişdi. Belə “mübarizə” metodlarını Azərbaycan siyasətinə İlham Əliyev gətirib. Xüsusilə, son vaxtlar Qərbdə feminizm və LGBT məsələlərnə diqqət artdıqdan sonra Əliyev rejimi yenidən bu “silahı” əleydarlarına qarşı öz arsenalına yeni biçimdə daxil edib. Mühafizəkar Azərbaycan cəmiyyəti üçün bu məsələ kifayət qədər həssas olduğundan siyasi dairələr bu mövzudan məsafə saxlamağa çalışırlar. Əslində isə ölkədə kleptokratik rejim o qədər problemlər yaradıb ki, cinsi azlıq məsələsi insanların şəxsi həyat hekayəsi olduğundan bu problemlərin yanında ön sırada yer almır. Amma mənim hələ 3-4 il əvvəl keçirdiyim görüşlərdə bəzi nüfuzlu siyasi və ictimai xadimlər, insan haqları təşkilatlarının rəhbərləri bir sıra maraqlı məqamlara toxunurdular. Bu həmin vaxt idi ki, hakimiyyət ssenarisi üzrə həbs edilmiş Nardaran dindarlarının siyasi məhbus kimi tanınıb-tanınması haqqında Qərb dairələrində mübahisələr gedirdi.
Biz Milli Şura olaraq onların bir sıra dini görüşlərini bölüşməsək də, Nardaran hadisələrinin siyasi məqsədlə törədildiyini bildirir və islam inanclı dindar məhbusların insani haqlarını müdafiə etdiyimizi çox açıq şəkildə ifadə edirdik. Azərbaycandan olan bir sıra yerli insan hüquqları təşkilatları bu mövqeyin əleyhinə beynəlxalq təşkilatlara gizli dəyərləndirmələr göndərdiyindən məsələyə münasibət birmənalı deyildi. Onların eyhamlarının birincisi onunla bağlı idi ki, hökumət və onun lobbi qurupları Milli Şura tərəfindən müdafiə ediləm Nardaran məhbuslarının radikal İran şiə terror qurupları ilə bağlı olduğunu bildirir və onların fəallaşmasının Azərbaycanın yəhudi əhalisinin gələcək təhlükəsizliyi üçün arzuolunmazlığını vurğulayırdılar. Hakimiyyətin siyasi məzmun kəsb edən bu qorxunc və çəkindirici gizli arayışları Qərbi Milli Şuradan uzaq durmağa hədəflənmişdi və Milli Şuranın mitinqlərinin birində “İşıdın” bayrağının uğursuz şəkildə qaldırılması da buna xidmət edirdi.
Hakimiyyətin bizm əleyhimizə ötürdüyü ikinci gizli dəlil isə cinsi azlıqlarla bağlı idi. Orada göstərilirdi ki, guya biz hakimiyyətə gəlsək İranın təsiri altında olan islam radikalları ilə birləşib cinsi azlıqları təqib edəcəyik. Öz növbəsində həmsöhbətlərimiz maraqlanırdılar ki, bu doğrudan da belədirmi? Eyni zamanda onu da əlavə edirdilər ki, 2017-ci ilin sentyabr ayının sonlarında Azərbaycan hakimiyyəti LGBT-lərə qarşı kütləvi təqib əməliyyatı keçirib onları Binəqədi saxlama məntəqəsinə dolduranda müxalifət dairələrindən yalnız Milli Şuranın buna etiraz olaraq insanların şəxsi həyatına müdaxiləni yol verilməz hesab etdiyindən də məlumatlıdırlar. Odur ki, siyasi müstəvidə Azərbaycan hakimiyyətinin LGBT kartından müxtəlif məqsədlər üçün istifadə etməsindən az-çox məlumatlı idik.
İlham Əliyev rejiminin müxalifəti “bitirmək” uğrunda döyüşlərinin daşa dirəndiyi bir vaxtda, aprel ayının 24-də qəflətən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz bəy Quliyevin süni olaraq cinsi azlıq məsələsində münaqişəyə cəlb edilmiş İsmayıl Cəlilova qarşı postu dərc olunur. Həm də tək İsmayıl Cəlilovla bağlı yox, İlqar Məmmədov (bundan əvvəl də Eldəniz Quliyevin yazılarında İlqar Məmmədov haqqında yolverilməz ifadələr var idi, biz onun nəzərinə çatdırmışdıq ki, tənqidlə təhqirin sərhəddi olmalıdır), ReAL, Ziqmund Freyd zad, 50 dərəninin suyu bir-birinə qatılmışdı. O, yazırdı: “İlqar Məmmədovu qınamayın!.. Ziqmund Freyd üzdəniraqlığı, daha dəqiqi, “ismayılcəlilovluq” meyillərini oğlan uşağının öz anasına aşırı bağlılığı ilə əlaqələndirir. Qoca Freyd bu anormallığa səfeh bir izah verir: oğlan uşağı təbii olaraq öz anasına ilk seksual mənbə kimi yanaşır, lakin eyni zamanda, şüuraltı şəkildə bu istəyinə heç zaman çata bilməyəcəyini də dərk edir; belə olan halda, nəhayət O, özü ana olmaq qərarı verir verir: “mən özüm ana olacağam və mənə yiyələnəcək, yəni məni seksual subyekt kimi qəbul edəcək ata axtaracam!..”
Bu post dərc olunan kimi İlqar Məmmədov və ReAL-a yaxın şəbəkə twitter vasitəsilə geniş kampaniya başladaraq Milli Şuranın onu cinsi azlıqlar müstəvisində təhdid etdiyi barədə bütün Qərb dairələrinə ingilis dilində məlumatlar göndərdi. Eyni iş İsmayıl Cəlilov tərəfindən də görüldü. Amma niyə hədəf kimi İsmayıl Cəlilov seçilir? Bu seçim özü də bəzi suallar doğurur.
Birincisi, İsmayıl Cəlilov ardıcıl olaraq cəbhəçiləri təhqir etdiyi üçün burada “obyektiv” səbəb var idi. İkincisi, onun Bakı ilə bəzi əlaqələri, nəinki özünün Azərbaycana gedib-gəlməsi, hətta bəzi “arzuolunmaz” adamların belə gedib-gəlməsinə “bələdçilik” etməsi barədə yoxlanmamış informasiyalar dolaşırdı. “Yeni Müsavat” qəzetinin onun haqqında yazdığı yazını səssiz-küysüz saytdan silməsi də bəzi suallar doğururdu. Üçüncüsü, isə bir müddət əvvəl Azərbaycan demokratiyasının bəzi “xadimləri” və fəal xanımları nədənsə belə qənaətə gəlmişdilər ki, ölkədə demokratiyanın müdafiəsi, cinsi azlıqların müdafiəsinə dəstək verilməsindən, Azərbaycanda LGBT layihəsinə böyük vəsaitlərin ayrılmasından və bu yolla demokratiyanı “xilas” etməkdən keçir.
Nəinki insan hüquqları təşkilatlarını, hətta ABŞ-ın ən mötəbər dövlət orqanlarını belə, bu layihənin cazibəsinə sala bilmişdilər. Aldığımız məlumata görə bu layihədə əsas əlaqələndirici fiqur da məhz, İsmayıl Cəlilov olmalı idi. Lakin nədənsə proses sona çatmadı. Müzakirələrin gedişində kiminsə ağlına gəldi ki, müsəlman ölkəsi olan Azərbaycanda demokratiyanı cinsi azlıqlar vasitəsi ilə “xilas etmək” əlavə suallar doğura bilər. Yeri gəlmişkən, ötən ilin payızında Xalq Cəbhəsinə qarşı hazırlanmış “feminist qiyamın”da da buna bənzər pərdəarxası məqamları var idi.
Milli Şura ilə bağlı son olaylara gəldikdə, əslində, burada heç cinsi azlıq məsələsi də yox idi, jurnalist Ismayıl Cəlilovun öz şəxsi həyatını siyasiləşdirməsi, bu fonda ardıcıl olaraq Xalq Cəbhəsi və Milli Şura əleyhinə qıcıqlandırıcı təhqiramiz ifadələr işlətməsi müşahidə edilirdi. Hələ mən Birləşmiş Ştatlara getməzdən əvvəl İsmayıl Cəlilov mənə mesaj yazıb müsahibə istəmişdi və mən də razılıq vermişdim. Lakin bu müsahibə baş tutmadı. İsmayıl Cəlilov bunu guya Sevinc xanım Osmanqızının önləməsi ilə izah etsə də, əslində bu belə deyildi. Mən Cəlilovun proqramlarını, fb səhifəsini (və ya profilini) izləyəndə orada Əliyev rejiminə qarşı dirəniş göstərən və sistemli şəkildə repressiya edilən Xalq Cəbhəsi üzvlərinə qarşı ağır ifadələrə və böhtanlara rast gəldim və özümü onun kanalında görmədim. Məsələ bu qədər sadə idi. Amma gizli əllər İsmayıl Cəlilovla olan münaqişəni cinsi azlıq müstəvisinə keçirməyə maraqlı idi. Məhz, həmin məqmda Eldəniz Quliyevin yuxarda qeyd edilən yazısı öz işini gördü.
Şübhəsiz ki, yazı yol qovşaqlarına qoyulan çoxprofilli kameralar kimi çoxplanlı idi. Onun birini yuxarıda qeyd etdim: Azərbaycan hakimiyyəti ilə dialoq adı altında sövdalaşmaya getmiş İlqar Məmmədov və ReAL-ı onlarla sağlam tənqid imkanları olduğu halda, məsələ cinsi azlıq fonunda təhqir müstəvisinə çəkilirdi. İkincisi, Eldəniz bəy bu yazı ilə cinci azlıqları “günahi-kəbirə” hesab edən və müəyyən tellərlə bağlı olduğu islami cameənin “rəğbətini” qazanmış olurdu. Üçüncüsü isə, həmin vaxt bəzi talış fəalları ilə İsmayıl Cəlilov arasında yaranmış ixtilafda birincilərin “qisasını” almış olurdu. Amma bütün bu proses Xalq Cəbhəsi və Milli Şuranı müdafiə görüntüsü altında aparılırdı.
Yuxarıda qeyd etdiyimiz kimi LGBT məsələsi Əliyev rejiminin Milli Şuraya qarşı natəmiz bir əməliyyatı idi və bu əməliyyatda hökumətin nəzarətində olan daxili şəbəkə ilə yanaşı, maraqları kəsişən müəyyən qüvvələr də rol almışdılar. Çox maraqlıdır ki, biz bu yazıya görə Eldəniz Quliyevi məzəmmət etsək də, xüsusilə, onun yazısında cinsi azlıqlardan olan “oğlan uşağı təbii olaraq öz anasına ilk seksual mənbə kimi yanaşır” ifadəsinin yol verilməz olduğunu kəskin şəkildə tənqid etsək də, Eldəniz bəy 20 gün sonra, mayın 14-də bu mövzuda ikinci yazını yazıb prosesləri daha da qızışdırır. Elə həmin günlərdə biz KM-də məsələni müzakirəyə çıxaranda cinsi azlıqların ünvanına ən ağır ifadələri (Rafiq bəyin Hitler və faşizm ifadələri istisna olmaqla) Eldəniz bəy səsləndirsə də, amma nədənsə onun ifadələri hakimiyyətin kibercinayət yolu ilə əldə edib yaydığı süjetdə yer almır. Amma hədəf kimi daha çox onun bu mövqeyinin yolveriməz olduğunu ifadə edən Gültəkin Hacıbəyli seçilir.
Bununla yanaşı məhz həmin günlərdə Gültəkin xanımın internet üzərindən olan mühüm kommunkasiya əlaqələri sındırılır, hələ Eldar Mahmudov dövründə bünövrəsi qoyulan (Mədət Quliyev “terrorist” adı ilə 40-a yaxın adam güllələsə də bu əxlaqsızlığa elə də meylli deyildi) və DTX tərəfindən yenidən şəbəkələşdirilən əxlaqsız saytlarda onun şəkilləri yerləşdirilir, telefon nömrəsi qoyulur və əxlaqsız xidmətin preyskurantı reklam edilir. Yəqin belə preysukarantları “müştərilərə” təqdim edənlər öz yaxın qohumlarını bu bazara çıxardıqlarından qiymət cədvəli ilə çoxdan tanış imişlər. Məqsəd bütün inzibati təzyiq və şirnikləndirici təklif mexanizmlərilə sındıra bilmədikləri bu xanım siyasətçini ən iyrənc vasitələrlə mənəvi terorora məruz qoyub, “nəfəsini kəsib” Milli Şuradan istefaya məcbur etmək idi.
Kibercinayət yolu ilə əldə edilmiş bir saat yarımlıq toplantıdan 2 dəqiqə 29 saniyəlik montaj edilmiş material necə olursa İsmayıl Cəlilovun tərəfindən yayılır və vicdanlı mövqe nümayiş etdirənlər istisna olmaqla səfərbər edilmiş şəbəkə hərəkətə keçir. Yeri gəlmişkən, Cəlilov bugünədək Azərbaycan DTX-nin xüsusi əməliyyatının nəticəsi olan həmin videonu ilkin olaraq necə əldə etməyinə aydınlıq gətirməyib. Əvəzində isə Milli Şuranın cinsi azlıqları “təqib və təhqir” etməsi barədə Qərbin dövlət qurumları da daxil olmaqla demək olar ki, bütün ünvanlara məktub və məlumatlar göndərib.
Biz radikal addımlar atmalı oluruq, Eldəniz Quliyev yarızarafat “güncdə” dayanmağa belə razı olsa da, bütün vasitələrlə təşkilatda qalmaq istəsə də Milli Şuradan çıxarılır, Rafiq bəy istefa verir. Mavr artıq öz öz işini görmüşdü, amma yenə də getmək istəmirdi. Daha əvvəlki postlarda yazdığım kimi biz Eldəniz bəyi Milli Şuranın rəhbərliyindən uzaqlaşdırırıq, o, yollarımızın ayrıldığı barədə məlumat paylaşır və sonra da milli-mənəvi, islami dəyərlərə “xəyanət” etdiyinə görə Milli Şurada qala bilmədiyini bəyan edib istefa isterikası yaradır. Tanınmış din xadimi Hacı İlqar İbrahimoğlu isə dərhal cinsi azlıqları münasibətə görə Milli Şuranı “günahi kəbirədə” ittiham edib, ayrı-ayrı adamları oradan çıxmağa çağır, “istefasına” görə Eldəniz Quliyevi təbrik edir, onu milli-mənəvi və islamı dəyərlərin keşikçisi kimi alqışlayır. Ayrı bir Hacı isə bu məsələlərdə adı keçən İsmayıl Cəlilovu öz kanalına çağırıb Milli Şuranın əleyhinə danışdırmağa cəhd göstərir.
Qəribə mənzərə yaranmışdı: bir tərəfdən hakimiyyət Milli Şuranı LGBT-ləri təhdid etmək ittihamı ilə Qərb ölkələri və ABŞ-a, beynəlxq qurumlara operativ məlumatlar göndərir, “Azərbaycan Çamaşırxanası”ndan “təmiz” çıxmış xarici mətbuat informasiya xidmətini əsirgəmir, digər tərəfdən dialoq müxalifəti öz twitter və fb imkanlarını səfərbər edir, hökumətin nəzarətində olan vətəndaş cəmiyyəti şəbəkəsi hazır bəyanatları və postları ilə yuvadan çıxırlar. Daha çox xaricə hədəflənmiş bu dairə Milli Şuranı cinsi azlıqlara “ögey” münasibətdə günahlandırır, ölkə içində isə kleptokratik rejimin nəzarətində olan dini cameənin əli ilə Milli Şuranı milli-mənəvi, islamı dəyərlərə xəyanətdə ittiham edir, “günahi-kəbirədə” suçlayır. Etiraf etmək lazımdır ki, əməliyyat yaxşı hazırlanmışdı, İlham Əliyevin cinsi azlıqlar üzərində qurduğu Milli Şuranı və bütövlükdə müxalifəti bitirmək ssenarisində bəzi boşluqlar olmasaydı.
İki dost alpinistlər haqqında filmə baxıram. Alpinistlərin başıqarlı dağ zirvəsini fəth etməsi anı yaxınlaşdıqca dostlardan biri çox həyəcanlanır. Filmi daha təmkinlə seyr edən digər dost deyir ki, çox həyəcanlanma, onlar zirvəyə çıxa bilməyəcəklər, qar uçqunu altında qalıb məhv olacaqlar. Dostu isə deyir ki, bilirəm, mən bu filmi iki dəfə izləmişəm. “Bəs o zaman nədən belə təlaşlısan?” sualına cavabı bu olur ki, dedim bəlkə bu dəfə filmin sonu başqa cür oldu.
Şübhəsiz ki, filmin sonu dəyişmədi. Amma Əliyevlərin kleptokratiya, korrupsiya, rüşvətxorluq, güdükçülük, işgəncə, nepotizm, traybalizm kimi natəmiz əməllər üzərində qurulan xanimanı Azərbaycan xalqının qəzəbinin və dəmir iradəsinin uçqunu altında bir gün qalıb əziləcək. O gün elə də uzaqda deyil!