Bəxtiyar Hacıyev
“Mənə dəyməyən ilan min yaşasın” dediyiniz ilan mütləq sizə də dəyəcək. Özü də ilan kimi yox, əjdaha kimi. Çünki onu ilandan əjdahaya çevirən elə sizin bu deyiminiz olacaq.
Təsəvvür edin ki, küçədə ən əziz bir doğmanızla, övladınızla gedirsiniz. Yolda 3 qoluzorlu doğmanızı zorlamaq istəyir. Kənarda da 5 idmançı gənc dayanıb. Nə edərsiniz? O 5 gəncin sizə, doğmanıza kömək etməsini istəyərsiniz, yoxsa, “niyə qarışırsan, qoy zorlasın, sənin işin deyil?” deyərsiniz?
Təbii ki, əksəriyyət birincini seçər. Amma zorlanan adam sizin doğmanız, yaxınınız olmasa, çoxları o gəncə rahatlıqla “qarışma, səni də vurarlar, xəsarət alarsan, birdən söyərlər” deyə bilərlər və deyirlər. O 5 gəncdən biri sizə yaxın biridirsə, belə xəbərdarlıqları daha çox edirsiniz, ürəyiniz yanır. Ancaq düşünmürsünüz ki, o 5 gənc xəsarət alsa da, bu gün başqasına, sabah sizə hücum edəcək ilanları yerindəcə boğmaq istəyir.
Təəssüf ki, bu gün boğazımıza qədər zibilin içində yaşamağımızın kökündə elə “mənə dəyməyən ilan min yaşasın”, “nəyinə lazımdır?”, “el üçün ağlayan kor olar” kimi zərərli yanaşmalarımızdır. Məhz ona görədir ki, bu gün cəmiyyətin ən əxlaqsız, ən tərbiyəsiz, ən şərəfsiz adamları başa çıxır, xalqın sərvətini mənimsəyib, lüks həyat yaşayır, sonradan ilandan əjdahaya çevrilib, insanları hər cür təhqir edirlər.
Bir ölkədə minlərlə əxlaqsız, küçə fahişəsi səviyyəsində olan adamlar on minlərlə müəllim, ziyalı, həkimdən min dəfələrlə yaxşı yaşayırsa, daha yaxşı hörmət görürsə, bunu özünüzə təhqir hesab etmirsinizmi?
Məhkəmələrdə haqlı olan yox, pul verən qalib gəlirsə, bu təhqir deyilmi? Elə bilirsiniz siz bir gün bu məhkəmənin qurbanı olmayacaqsınızmı? Yaxşı təhsilli, öz zəhməti və əməyi ilə peşəkarlaşmış yaxınlarınızı kənarda qoyub, kiminsə qohumu və övladını işə götürəndə bunu özünüzə təhqir saymırsınızmı?
Axı bir ovuc insan bu ölkədə bunları dəyişmək üçün çalışır. Həm də sizin üçün çalışır. Bəlkə də əksəriyyəti elə yalnız və yalnız, məhz sizin üçün çalışır. O doğmanızı gələcəkdə zorlamasınlar deyə bu gün fiziki və mənəvi xəsarət alır, ömrünü xarab edir. Onlara dəstək vermək əvəzinə “məni zorlamır, başqasını zorlayır, mənə nə, sənə nə?” deyirsinizsə, sabah sizi zorlayanda heç kim müdafiə etməyəcək axı. Bunu anlamaq o qədərmi çətindir?
Ya xalq olaraq birləşib, o bir ovuc insana sahib çıxıb, dəstək verməliyik ki, boğaza qədər nəcis içində olan cəmiyyətdən xilas olaq və ədalətli, hamı üçün qanunun ali olduğu cəmiyyətdə yaşayaq. Ya da “mənə dəyməyən ilan min yaşasın” deyib, o ilanı əjdahaya çevirib, əjdahanın gəlib tək-tək özünüzü, yaxınlarınızı məhv etməsini gözləyin.
Şəxsən mən və bir çox tanıdığım fəallar birinci yol uğrunda çalışırıq. Əgər böyük çoxluq ikincini seçirsə, aydın deyin, biz də işimizi bilək. Mən Bəxtiyar üçün sərhədlər açılanda istənilən bir Avropa ölkəsinə köçüb, vətəndaşlıq alıb, normal, stressiz həyat qurmaq kifayət qədər asandır. Əgər cəmiyyət “bizə indiki durum xoşdur” deyirsə, açıq desin. Demirsinizsə, dəyişmək istəyirsinizsə, hamı gərək əlini daşın altına qoysun.