Ilham Hüseyn
Xırda yolların açılışın etdilər, amma amma azadlığa gedən bütün yolları qapadılar.
Hansısa kompleksin lentin kəsdilər, amma dövləti və xalqı təhdid edən neqativləri kəsə bilmədilər.
Məktəb binası tikdilər, amma keyfiyyətli təhsil tikə bilmədilər
Dəbədəbəli məhkəmə zallarımız oldu, amma o zallarda ədalətin koması olmadı.
Qara neftimiz oldu, amma ağ günümüz olmadı.
Diaqnostika mərkəzi ucaldıladı, amma səhiyyəmiz xəstəlikdən sağalmadı.
Milli Məclisin binası təmir edildi, amma millətə vəkillik edənlərin təfəkkürü təmirsiz qaldı.
Mərkəzi Seçki Komissiyamız oldu, amma şəffaf seçki qutumuz olmadı.
Xəritədə qartala bənzəyən ölkəmizi, pis əməllərlə sərçəyə bənzətdilər.
Saysız-hesabsız ziyalıya oxşayanlarımız oldu, amma içində həqiqi ziya daşıyanlar bir əlin barmaqları qədər olmadı.
Hündür bayraq dirəyimiz oldu, amma o bayrağı itkin düşən torpaqlara sancmağa təpər olmadı.
Sahibsiz oyunlara ev sahibliyi etdik, amma evsiz qalan vətəndaşa sahib çıxmadıq.
“Qarabağ boyda dərdimiz var” deyən vəzifəlilərin, bütün dərdlərinin pul boyda olduğu üzə çıxdı.
Qürur ağacın kəsib, yaltaqlıq kolu əkdilər.
Mənasız adamların ulduzu parladı, əvəzində ədalətin ulduzu söndü.
102 il əvvəl Cümhuriyyət olduq, 102 il sonra Cümhuriyyətin qurulduğu ölkəyə monarxiya, diktatura, avtoritar ölkə dedilər.
Səfalətin monopoliyasın xalqa verib, sərvətin monopoliyasın özlərinə götürdülər.
Azərbaycandan səfil xalqın iniltili səsi, Britaniyadan, ABŞ-dan, offşorlardan isə Azərbaycandan oğurlanmış pulların səsi gəldi.
Və bütün bunlardan sonra “inkişaf edirik” deməkdən çəkinmədilər.
Öz şəxsi inkişafların, dövlətin və xalqın adına yazmağa adət etdilər.
Etməli olduqların etmədilər, etməməli olduqları hər şeyi isə etməkdən yorulmadılar, usanmadılar, utanmadılar.
Bu da sizin üçün “uğurlu idarəçilik” fəlsəfəsi..