ABŞ-ın Şimali Dakota Universitetinin azərbaycanlı müəllimi Fariz Hüseynli
“Arşın mal alan”da deyir toy eləmək üçün nə lazımdır – “Bir molla, üç manat pul, və bir kəllə qənd, vəssalam şüttəmam.” Kosmonavtların ilk dəfə özəl şirkət tərəfindən kosmosa aparılmasına hamı baxdı və sevindi. Amma niyə o əjdahadan hamıda yoxdur? Çünki o məsəldəki toy işində olduğu kimi gərək bu işlərin də içindəki hissələri sistem kimi düzüb qoşasan.
Əvvəlcə inqilabçı-innovativ ideyanı ortaya qoyan, illərlə o ideyanın arxasında bütün enerjisini sərf edən bilikli-bacarıqlı-macərapərəst adam(lar) olmalıdır. O adamlar ki, böyük risklər götürüb həyatlarını bu ideyalara bağlayırlar, borc götürürlər, pulu olanların qarşısında yorulmadan riskli ideyalarını danışırlar.
Sonra o ideyanı reallaşdıracaq alimlər, mühəndislər, elmi işçilər, dizaynerlər, laboratoriyalar və məhsulu istehsal edən işçi-fəhlələrdən tutmuş, laboratoriyaları təmizləyən işçilərə qədər bu məqsəd üçün çalışan komanda potensialı olmalıdır.
Sonra bu işçiləri bir araya yığıb həmin məqsəd üçün çalışdıracaq infrastrukturu, fiziki vəsaiti quracaq investorlar olmalıdır. O investorlar ki, vəsaitlərini təkcə villalara-torpaqlara yox, həm də belə innovative ideyalara qoymaq istəyirlər.
Amma bunlardan da vacib olanı, bütün bunları bir yerə yığacaq, aralarındakı bağı reallaşdıracaq və ideyanın məhsula çevrilməsini təmin edəcək bazar mexanizmini quran, ya da özü bazar rolunu oynayan dövlət olmalıdır. Bax bu DÖVLƏT olmayanda əvvəldə dediklərimin hamısı ayrı-ayrılıqda nə qədər güclü olsalar da bir yerə gəlib ideyadan çıxıb məhsula doğru gələ bilmirlər.
Dövlət gərək xərclədiyi vəsaitlərə yiyə dura, öz qoyduğu investisiyaların itib ölkə xaricində mala-mülkə xərclənməsinə razı olmaya, innovativ elmi ideyaları məhsula çevirə biləcək yüzlərlə savadlı gənclərə vəsait xərcləməyi üstün tuta, deyə ki, korrupsiyaya qurban gedən bir manatım dünya bazarına çıxacaq hansısa bir innovative ideyadan, o ideyanı məhsula çəvirəcək vətəndaşımdan oğurlanmış manatdır, və nəhayət öz vətəndaşına inanıb deyə ki, mən onlara şərait yaratsam dünyaca əhəmiyyətli mövzularda baş sındırıb həll yolları ortaya qoysa özüm də dünya səviyyəsində dövlətlər arasına qoşularam.
Reallıq budur ki, hər dövlət bunu etmir, ya edə bilmir. Bunu edən dövlətlərdən olmaq lazımdır, başqa cür dünyada əsl müstəqil dövlət olmaq olmur…