Yalçın İmanov
Gündəm, carilikdir. Gündəmə köklənmək, cariliyə köklənməkdir. Yox, mən demirəm, gündəmin təklif elədiyi mövzular gözardına vurulmalı, günlüyün yaratdığı çox vacib problem və məsələlər diqqətdən kənarda qalıb, görməzdən gəlinməlidir. Əsla.
Gündəm menyusunda seçim iradəvi olmasa da, buna mümkün qalıcılıq elementləri qatılmalı, günlüklərin adi, maraqlı, inanılmaz sürətlə dəyişən axarında ən vacib, ən mühüm və təbii mümkün olsa həlli zəruri suallara cavab axtarmaq lazımdır.
Qalıcılıq olmayanda, gündəm sadəcə şəhadət barmağının islanmış ucuyla çevrilən qəzet səhifəsi kimi bir şey olur. Gündəmlə çevrilən səhifə tarix olmur! Uzağı, nəsə solğun, boz və statistik bir şey!
Bu mənada məhşur “gündəmi dəyişmək istəmirəm, amma…” klişesini qatlayıb bir kənara tullamaq lazımdır.
Gündəm bir sıra hallarda qapalı tələdir, avtoritar rejimlərin idarəetmə üsulu, saqqızı, yemidir. Onunla yemləyir, onunla bəsləyirlər. O, daima ac, iştahlı və dibsiz, mırıq ağzını açıb yeni və maraqlı mövzular tələb edir və pisi də odur ki, bu mövzuların ən ümumxalqının belə uzağı 2-3 günlük canı olur. Sonra heç nə! Heç nə olmamış kimi hər şey unudulub gedir və növbəti maraqlı mövzu axtarışı başlayır.
Maraqlılıq instinkti, maraqlı olmaq təklifi və tələbi təkcə insani münasibətlərdə deyil, həm də tarixi baxımdan yanlış və aldadıcıdır.
Gündəmin zənglinliyi və maraqlılığı, onun məzmun yoxsulluğu və statikliyindən xəbər verir!
Gündəmin önə çıxardığı mövzuların iyerarxıyasını onun əhəmiyyəti və vacibliyi müəyyən etmir. Mövzu/probleməri sıralamaq, ictimai rəyin kompetensiyasında deyil, adətən konyuktur çoxluğun mütəşəkkil mövqeyindən asılı olur. Yoxsa mən heç vaxt dərk edə və anlaya bilməzdim ki, necə olur ki, gənc, işıqlı bir insanın xüsusilə ağır cinayətdə göz-görəsi şərlənməsi, hansısa yüzüncü dərəcəli bir mövzuya böyük hesabla niyə uduzur.
Əsas məğzdən yayınma və çoxsözlü sükut gündəmin yaratdığı fenomenlərdən biridir. Başqa sözlə desək, ictimai təlabat gündəmdə kriteriya, indikator deyil, uzağı fakültetiv əlamətdir.
“Sizin gözləntiləriniz, sizin probleminizdir” – gündəmin adamın sifətinə çırpdığı sərt gerçəklik və əbləh həyat həqiqəti budur!
Gündəm, idrakın ən etibarsız mənbəyidir. Onda ümumxalq əlaməti nadirən baş verir, əksər hallarda şəxsi və icma maraqlarının təzahürü, ifadə üsulu, üslubudur. Duyğu istismarı və qara əyləncə onun daha çox nəzərə çarpan keyfiyyət əlamətlərindən biri kimi təzahür edir.
Gündəmə istinad, elmi, ən başlıcası isə strateji və səmərəli deyil. Onunla yola çıxmaq və hədəfə çatmaq, yetişmək mümkün deyil. Vur-tut bir-iki həftə əvvəlin hay-küylü, ölkənin əsas problemlərindən /Qarabağ/ biri ilə birbaşa bağlantısı olan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşasını indi nə qədər adam xatırlayır?
Gündəm effektə hesablanıb və mövsümü xarakteri daşıyır.
Gündəmə uyanlar, gündəmi dəyişmək istəməyənlərdi. Gündəmi dəyişənlər, ona aldanmayanlar və yaxud da onda ən vacib konteksti arayanlardı.
Gündəmi dəyişməyənlər, daima onun ardınca yortacaqlar və nəhs günlərin birində ayılacaqlar ki, bütöv bir ömür gündəmin miskin arxivinə çevrilib.
Günlük, ən yaxşı halda bir neçə günlük mövzularla uzağı gün uvatmaq, vaxt öldürmək olar. Bu baxımdan o həm də zamanın hissolunmaz qatilidir.
Gündəmin qapalı dairəsindən, günlüyün mənasız aldanışından, təsirindən çıxmaq, qurtulmaq lazımdır.
“Gündəmi dəyişmək istəmirəm, amma…”nın əvəzinə, “gündəmi dəyişmək istəyirəm, amma…”!