AXCP-nin İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev
İlham Əliyev deyir ki, Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi. Səhviniz var, cənab İlham Əliyev! Bir qarış nədir, 6 rayon Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə işğal olunub. Elementar müqayisə aparmaq imkanı olan hər kəs çox da uzaq olmayan tarixi xronologiyaya gözucu nəzər yetirməklə buna çox asanlıqla əmin ola bilər.
Heydər Əliyev 1993-cü il iyun ayının 24-dən prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra rayonlar bir-bir işğal olunub. 1993-cü il iyulun 7-də Ağdərə, yulun 23-də Ağdam, avqustun 23-də Cəbrayıl və Füzuli, avqustun 31-də Qubadlı, oktyabrın 29-da isə Zəngilan işğal olunub. İyulda 2 rayon, avqustda 3 rayon, oktyabrda isə 1 rayon olmaqla üst-üstə 6 rayon məhz Heydər Əliyevin prezidentliyi dövründə ermənilər tərəfindən işğal olunub.
Bu tarixi faktlar Azərbaycan tarix kitablarına salınıb, dövlət orqanlarının rəsmi internet səhifələrində yerləşdirilib və beynəlxalq təşkilatların da rəsmi sənədlərinə daxil edilib. Elə isə bu tarixi həqiqətləri başqa qiyafədə necə təqdim etmək olar? Nəticəsi çox ağır olsa da, bu bir gerçək tarixdir. Bu, həm də Azərbaycanın məğlub vəziyyətə düşməsinin əsas səbəbləri üzərinə aydınlıq gətirilməsi baxımından çox ibrətamiz tarixdir. Odur ki, bu tarix heç zaman unudulmamalı, mühafizə edilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır ki, iz itirmək mümkün olmasın.