Milli Şuranın sədri Cəmil Həsənli
İrəvan məsələsi ilə bağlı İlham Əliyev yenə aranı qatıb. Hazırda Azərbaycanın qarşısında duran vacib məsələ İrəvan deyil, ölkənin BMT və ATƏT tərəfindən tanınan ərazilərin işğaldan azad etməkdir. Bunu edə bilmir, nəinki edə bilmir, hətta ərazisinin 20 faizi işğal altında olan ölkənin hökumətinin müdafiə xərcərini gizli və əyri yollarla ofşor hesablara göndərməsi, “Рособоронэкспорт”la silah alverindən “otqat” götürməsi kimi cinayət xarakterli rüsvayçı faktlar ortaya çıxıb. Ölkə başçısı kimi buna aydınlıq gətirmək əvəzinə yapışıb İrəvandan, kola güc edir.
İlham Əliyevin 17 il, atası Heydər Əliyevin 10 il ərzində edə bilmədiyini Xalq Cümhuriyyəti hökuməti 6 ay ərzində edə bilmişdi. Bu 6 ayda Bakı daxil olmaqla bütün ölkə düşməndən təmizlənmiş, Vaqon kabinetlərdə İslam Ordusunun ardınca Bakıya doğru hərəkət edən milli hökumət ən mühüm qərarlarını relslər üzərində vemişdi. Hələ, ordu Bakıya doğru hərəkət edəndə hökumətin qərarı ilə onun bir bölüyü Qarabağa doğru göndərilmiş və Bakının qurtuluşundan az sonra Şuşada da Azərbaycanın bayrağı dalğalanmağa başlamışdı. İlham Əliyevdən fərqli olaraq nəinki milli hökumət Rusiyanın təzyiqi ilə Qarabağda suverenliyin təmin edilməsi əməliyyatın dayandırmış, əksinə Ermənistandan Qarabağa göndərilmiş pozucu qüvvələri həbs edərək Bakıya gətirmiş və Yalama stansıyasından Rusiyaya yola salmışdı. Bu belə.
Niyə İlham Əliyev yapışıb bu İrəvan məsələsindən? Birincisi, Xalq Cümhuriyyəti ideoloji cəhətdən bunların ailə-feodal hakimiyyəti üçün yaxşı bir örnək deyil; İkincisi, cümhuriyyətin milli yaddaşlara hopmuş adı və əməlləri Əliyevlərin uğurlu tarix hekayəsi üçün ciddi maneədir; Üçüncüsü, deyəsən kleptokratik rejim başçısı Qarabağın azad olunacağından əlini üzüb və hər ehtimala qarşı 102 il bundan öncənin İravan “kriminalından” bir tutarqa hazırlayır ki, ondan öncə də torpaq “satanlar” olub. Burdan-bura atası hakimiyyətə gələndə sonra 6 rayonun ermənilərə təslim edilməsin görmür. Yapışıb mücərrəd bir məsələdən.
Bugün ölkənin dərdi İrəvan deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcərdir və Paşinyanın at oynatdığı Şuşadır. Bitməz işlə baş qatır İlham Əliyev. Korrupsiyadan başı ayılsa Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərini azad etmək lazımdır. Ancaq o, torpaqları azad etmək əvəzinə hələ ki, ayrı-ayrı ölkələrdən ərazi bütövlüyünün tanınması haqqında arayış almaqla millətə “müjdə” verir. Belə bir arayışı 2016-cı ildə Xüdafərin müəmmasından 16-cı dəfə İrandan da almışdı.
Kleptokratik rejimin nəzarətində olan hər rəngdən olan tv-lər: REAL-ı, Reaksiyası, LAF-ı, MAF-ı dil qəfəsə qoymur ki, Mayın 28-də sevinən gözlər, bir gün sonra nəmlənmişdi, İrəvan əldən getmişdi. Bəs gərək orada referendum keçiriləydi. Xalq Cümhuriyyətinin sənədlərində məsələ ətraflı şəkildə öz əksini tapdığı, bunun “qaçılmaz bəla” olduğu dəfələrlə qeyd edildiyi halda, hərə öz ağlına gələni danışır, keçmiş tarixə “kriminal” düzəldir. Bünün hamısı İlham Əliyevin quyuya atdığı daşı çıxarmaq yox, həmin daşı vəsf etmək xarakteri daşıyır.
Rejim məddahları anlamaq istəmir ki, İrəvanın bəxti 1828-ci ildə çar Nikolayın fərmanı ilə mərkəzi İrəvan şəhəri olan Erməni vilayəti yaradılanda bağlanmışdı. Qonşu İran və Türkiyədə təbliğat aparan rus elçiləri ermənilərə minnətçi düşmüşdülər ki, biz sizin üçün vətən düzəltmişik gəlin ora sahib çıxın. Bu təbliğatın nəticəsi nə oldu? 1900-cu ilin iyununda rus çarı sonuncu Nikolayın yanındakı gizli müşavirədə məlumat verən Qafqaz canişini knyaz Qolitsin bildirirdi ki, biz Qafqazı fəth edəndə burada toplam olaraq 45 min erməni yaşayırdı. İndi onların sayı milyon yarıma çatıb.
Rusiyada ən mükəmməl əhali sayımı olan 1897-ci siyahıya alınmasına görə artıq İrəvan quberniyasında etnik mənzərə ermənilərin xeyrinə dəyişmişdi. Onların sayı 441 minə çatmış, türklərin sayı 313 176 nəfərə enmiş, kürdlərin sayı 49 min 389 nəfər olmuş, Veliko, Malo, Belo rusların sayı 15 937 nəfərə çatmışdı. Əhalinin etnik tərkibində baş verən bu dəyişiklik 1906-cı ildə Birinci Dövlət Dumasına olan seçkilərdə də özünü göstərdi. İrəvan quberniyasında seçilən 3 duma üzvünün ikisi erməni, biri türk Ağaxan İrəvanski idi. Bu da belə.
Referendum deyib dili ağzına sığmayan bir para boşboğaz anlamır ki, o referendumu harada keçirəcəkdilər? Birincisi, şəhər Qafqaz cəbhəsindən geri çəkilən erməni silahlı qüvvələrinin nəzarətində idi. İkincisi, 1917-ci ildə nəşr olunan Qafqaz təqviminin məlumatına görə artıq Rus imperiyası dağılanda gəlmə ermənilər hesaına İrəvan şəhərinin özündə də mənzərə xeyli dəyişmişdi, yəni İrəvan şəhərinin toplam əhalisi 51 436 nəfər idi və bunun 37 201 nəfəri erməni,12 555 nəfəri türklər idi. Nə qədər acı, ağır, acınacaqlı olsa da tarixi İrəvan xanlığının mərkəzi olan İrəvan şəhərinin etnik mənzərəsi 100 ilin rus əsarəti dövründə ermənilərin xeyrinə dəyişmişdi. Bilirəm bu faktlar çoxlarının xoşuna gəlməyəcək. Bir para millət “qəhrəmanlar” İlham Əliyevə yarınmaq üçün əla imkan əldə edəcək. Amma nə etmək olar mənzərə belə idi.
Qafqazda erməni dövləti yaranmalı idimi? Bu, Tiflisdə elan edilən Azərbaycan hökumətindən asılı deyildi. 1917-ci ilin noyabrında keçirilən Məclisi Müəssisan seçkilərində 11 yer gürcü menşevikləri, 10 yer müsavatçılar, 9 yer daşnaklar almşdılar. Bir sıra kiçik partiya nümayəndələri də daxil olmaqla gürcü, müsəlman və erməni fraksiyalarından ibarət olan Qafqaz Seyminin əsasında da bu seçkilər dayanırdı. Seym dağılanda da hər üç fraksiya öz müstəqil dölətini elan etdi və hər üç dövlət Osmanlı dövlətinin himayəsi və xeyir-duası ilə (gürcülər Alman nümayəndələri ilə danışıqlar aparsa da Almaniyanın bölgədə real gücü yox idi) müstəqilliyini elan etdi.
Və mayın 29-na qədər Türk nümayəndlərinin iştirakı ilə təxminən 3 həftə davam edən Batum müzakirələri zamanı bütün bu faktlar ortaya qoyulmuşdu. Ermənilər Gəncə (Elizavetpol) quberniyasının dağlıq hissəsinə olan iddialarından imtina etdi və Azərbaycan Seym (sonra Milli Şura) fraksiyası İrəvanın güzəştə gedilməsi məcburiyyəti qarşısında qaldı. Bakı və bütün Azərbaycan düşməndən azad edilməsi naminə İrəvanın güzəştə gedilməsi dilemması qarşında qalmışdı yeni təsis edilən Cümhuriyyət hökuməti. Çox doğru və uzaq görən, qalıcı qərar qəbul edildi. Bakı və bütün Azərbaycan düşməndən azad edildi. Cümhuriyyətin azad etdiyi torpaqların son 30 ildə 20 faizin itirmişək, o 30 ilin 27 ili Əliyevlərin dövrünə düşür, adam yekə-yekə İrəvandan danışır.
Yaxşı və ya pis olmasından asılı olmayaraq keçmişdə nəyisə dəyişmək mümkün deyil. Nahaq yerə saxta ritorika ilə özünü yormasın İlham Əliyev. Neft pullarının axdığı vaxtda Ermənistan prezidentinin kabinetini “nəzarətə” götürmüşdülər. Neft pulların yeyib üstündən eqzotik ofşor adaların suyundan da doyunca içdilər. Paşinyan da Qarabağı su yoluna çevirib. İlham Əliyev isə hələ də millətə boş-boş İrəvan nağılı danışır. Bir az yavaşımaq lazımdır. Nağıl dili yüyrək olar. Elə Şuşa olsa da göydən üç alma düşər. Lenin yoldaş deyirdi ki, göydəki durnadan yerdəki sərçə yaxşıdır. İrəvan xəyalpərvərliyi adamı uzaqlara aparır. Amma yazıqlar olsun ki, hələ Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasın Şuşada keçirir. İlham Əliyevin isə başı korrupsiya və müxalifətçi ovundan ayılmayıb. Bundan bir az utanmaq lazımdır. Ölkənin müdafiə xərclərin oğurlayanda, Rusiya ilə silah alverindən “otqat” alanda belə də olmalı idi.