Adiləşmək və adiləşdirmək faciəsi
Bütün neqativlərin və pozitivlərin səbəbi var. Səbəbsiz nəticə yoxdur. Amma insanlar əksər vaxtlarda nəticələrlə əlləşirlər. Səbəblər yaddan çıxır, arxa plana keçir.
Hesab edirəm ki, bizim əsas faciəmiz mənfi hallara adaptasiya olmağımızdı. İlk növbədə biganəliklə, susqunluqla, qorxaqlıqla özümüzü adiləşdirdik. Bizi idarə edənlər həvəsləndi ki, bu qədər adiləşə bilən toplumdan istənilən “fiqur”u düzəltmək olar. Nəticədə bizdən yaltaq, seçki saxtakarı, üzəduran, acgöz və digər “fiqur”lar düzəltdilər. Əlbəttə, biz adiləşdikcə, bizə edilənlərə də adi baxmağa başladıq.
Ölkədən milyardlar oğurlananda “bundan sonra gələn lap pis olacaq”deyib, oğurluğu adiləşdirdik.
Seçkidə səsimizə haram qatanda “onsuz da düzələn deyil” deyib, seçim haqqımıza təcavüz edilməsini adiləşdirdik.
Günahsız insanlar şərlənib həbs olunanda “ac qulağım, dinc qulağım” deyib, zülmə şərik olduq.
Məktəbdə, xəstəxanada, məhkəmədə rüşvət verməyi adi qarşıladıq. Qanunların minilməsini, qürurumuzun tapdanmasını, çürük adamların ekrandan bizə insanlıq dərsi keçməsini adi qarşıladıq.
Düşmənin torpağımızda meydan sulamasını, atəşkəs dövründə əsgərlərimizin şəhid olmasını, korrupsionerlərin ən yüksək vəzifələrə dırmaşmasını, işgəncə alətinə çevrilmiş adamların cəzasız qalmasını adi qarşıladıq.
Bizim olanı bizdən almalarına sakit tamaşa etdik. Xalqın haqqın tələb edənlərə divan tutulur, müxalifət lideri informasiya blokadasında saxlanılır, ləyaqətli bir gəncə terrorçu damğası vurulur və biz bütün bu rəzillikləri adi qarşılayırıq.
Bu dözümlülüyün deyil, dözümsüzlüyün göstəricisidir. Biz həqiqi vətəndaş olmağa dözə bilmədiyimiz üçün nəticə bu qədər acınacaqlı oldu. Haqqımızı tələb etməyə dözümümüz çatmadığı üçün qürurumuz tapdandı.
Biz neqativləri öz düşüncəmizdə adiləşdirməklə, taleyimizi məhv edirik, sabahımızı qaraldırıq.
Zülm, işgəncə, ədalətsizlik, saxtakarlıq, yaltaqlıq, talançılıq heç vaxt adiləşməməlidir.
Korrupsiya, repressiya halları bizi təəccübləndirmirsə, bizi dəhşətə gətirmirsə, bizi hiddətləndirmirsə, deməli, vəziyyət ağırdı.
Pis nümunələri adiləşməyə qoymayaq, bizi adi hesab etmələrinə imkan verməyək.
Elə edək ki, bu ölkədə ədalət, həqiqət, azadlıq, şəffaflıq, qanunun aliliyi normaya çevrilsin. Dəyərlərin təntənəsi adi hala çevrilsin. Elə edək ki, bir məmurun halal işləməsi, seçkinin şəffaf keçirilməsi, məhkəmənin müstəqil olması qeyri-adi sayılmasın. Vətəndaş olaraq adi öhdəlikləri yerinə yetirək ki, bizi qeyri-adi hallarla üz-üzə qoya bilməsinlər.