
Seymur Həzi, AXCP Sədrin müavini
…mənim üçün hələ də siyasət mübarizə deməkdir. Bunun bir gün dəyişib sadəcə xidmət üçün bir vasitə olacağına inanırammı? Əlbəttə, hətta bunun üçün mübarizə aparıram.
İlk siyasi düşüncələrim müharibəylə bağlıdır. Hətta düşünürəm ki, vaxtından əvvəl yaranmış siyasi düşüncələrdir. Təxminən 88-89-cu illərdən Qərbi Azərbaycanlıların deportasiyası ilə başlayır. Biz yay vaxtı Laçındakı evimizdə (baba yurdumuzda) olurduq. Qonşu Sisian rayonundan qohumlarımız tanışlarımız köçürdülər bizim kəndə. (Laçının Minkənd kəndinə). O zamanlar ilk dəfə camaata kömək etmək üçün bir dəstə adamın sanki bir adı var kimi hərəkət etdiyini müşahidə edirdim. “Xalq Cəbhəsi” anlayışı zehnimə oradan həkk olunmağa başladı. Bir müddət sonra gördüm ki, atam da onlardan biridir. Beləcə ilk dəfə kinolarda gördüyüm silahla, avtomatla tanış oldum. Xalq Cəbhəsi ermənilərı qarşı döyüşürdü. Atam da onlardan biri idi. Beləcə mənim üçün ilk siyasi fikirlər müharibə və savaşla assosiasiya olunmağa başladı. Sonradan dərk etməyə başladım ki, uzun illər mən bu hissiyyatın təsiri altında qalmışam. Siyasət bir zamanlar işğala imkan verməmək, ondan sonra isə işğalı durdurmaq və geri çevirməkdən başqa bir şey deyildi. Elə indi də ölkəmizdə siyasətin yumşaq qarnı müharibə və işğal faktorudur.
AXC hökuməti və ilk travma
Ailəmiz Sovet hökumətindən ciddi əziyyətlər çəkmiş ailə olub. Babalarım 37-ci ili belə görə bilməyiblər. Onlardan qalan körpə uşaqlar isə 13-14 yaşlı bacı qardaşlarının qucağında indiki Beyləqana (köhnə Jdanov rayonu) sürgün ediliblər. Qarabağda ilk məktəbləri açan ailənin uşaqları təhsilə bir də 80-ci illərdə çata biliblər. Amma daxillərində bir nifrət gizlənib. AXC hakimiyyəti vaxtı bu hökumətin hər işinə ailə demək olar ki ləbbeyk deyib. Qoca nənəm hər gün on dəfə Sovet hökumətini yıxana dua eləyirdi. Dörd dayısını güllələmişdilər. Bir dayısı 54-cü ildə 10 il sonra Maqadandan sağ qayıda bilmişdi.
Beləcə çox çəkmədi ki, bu hakimiyyət devrildi, özü də ailənin lənətlədiyi adam tərəfindən. Atamın atasını da o zaman Heydər Əliyevlə Jdanovun mərhum və vicdanlı birinci katibi Vahid İsmayılov arasında olan ziddiyətdə həbs etmişdilər. Mən bütün may iyun və iyul olaylarını televiziyadan demək olar ki, əzbərləmişəm. Hər gün davam edən Parlament iclasları sanki qara buludu ölkənin üstünə yayırdı və uşaq fəhmimlə bu məni boğurdu.
Bu nifrət necə möhkəmləndi. 1994-cü ilin yanvarında O yetimlər evinə baş çəkdi. Uşaqlar əvvəlcədən öyrədildiyi kimi baba haqqında şerləri deyir, onu elə çağırırdılar. Nəhayət O çıxış elədi və yaddaşıma qaynaq elədiyim bu cümlələri qurdu: “Siz indi mənə baba deyirsiniz, ancaq mən həyatda babayam mənim öz nəvələrim var”. Mən 12 yaşında uşaq başa düşdüm ki, bu çox qəddar adamdı. Heç yetimlərin üzünə belə söz demək olardımı. Demək olmazdı. Bilirsiz haradan bilirəm? Mənim atam müharibədən ara sıra Beyləqandakı evimizə gəlirdi. Qonşuluğumuza Xocavənd rayonunun Qaradağlı kəndindən çoxlu ailələr var idi. Böyük əksəriyyətinin uşaqları azyaşlıydı , başçıları isə həlak olmuşdu. Anam bizə atamızın qabağına qaçıb onu qarşılamağı qadağan eləmişdi. Deyirdi atası olmayan uşaqlar pis olar. Beləcə Onun o cümləsi onun haqqında mənə hər şeyi demişdi. Sonralar da uşaq fəmimin yanılmadığını açıq aydın gördüm dərk elədim.
Turan Gənclər təşkilatı; siyasi fəaliyyətə ilk addım
1996-cı ildə biz Beyləqandan Ceyranbatan qəsəbəsinə köçdük. Mən iki il sonra SÖTL nəzdindəki gülənçilərə məxsus olan Araz kurslarına qəbul oldum. Birinciliklə qəbul olmalıydım çünki maddi durum yaxşı deyildi. Buna görə də güzəştli oxumağa başladım.
Burada ilk siyasi diskussiyalara girdik. Gülənçilərlə toqquşmalarımız olurdu. Abilərlə (rəhbərlik, tərbiyə müəllimləri) yola getmirdim. Uşaqlara təsir edirdim, dinə aid dərslərə girmələrinə mane olurdum. Gülənçilərın təsirinə düşmüş bakılı bir müəllim var idi. Qəflətən məndən soruşdu ki, “cəbhəçisən”? Sözün açığı son iki üç ildə cəbhəçilik filan yadımdan çıxmışdı. Dedim “Yox, nə məsələdir ki”. “İnanmaram” dedi, “onlar kimi danışırsan, guya sən olmasan ölkə batacaq. Rayondan gələn uşağa bax bu boyda kursu qatıb bir birinə”. Gördüm ki, tanıyıb daha boyun qaçırmadım. Dedim: “Atam cəbhəçi olub”.
Beləcə, 1998-ci ilin 12 sentyabrına gəlib çatdıq. Bir də baxdım ki, qələbəliyin ortasında gedirəm. Gah irəli gedir, gah geri çəkilirdik. Sahil bağında toplaşan camaat Dövlət Kitabxanasına doğru meylləndi. Mən sivişib pilləkənlərə qədər qalxdım. Əli Kərimov (sonradan Kərimli) çıxış elədi, amma az keçmədi polis oradan müdaxilə etdi. Yıxıldım və xeyli adam kürəyimin üstündən keçdi. Tutulanlar arasında mən də vardım. Tez də buraxdılar. Tanış olduğum bir oğlanla bir iki dəfə Xəqani 33-ə (AXC qərargahının o zamanki ünvanı) gedib gəldim. “Turan” gənclər təşkilatına, sonralar isə o dövrün ən gur gənclik örgütü olan “Demokratlar birliyi”nə üzv və idarə heyəti üzvü oldum.
2000-ci il – parçalanmalar və təlatümlər ili
1999 cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul oldum. Türk dili bölməsinin tələbəsi kimi davam etdim. 2000-ci ilin martın birində doğum günüm idi. Sabahısı anketi yazıb AXCP-yə üzv oldum. Cəbhə daxilində “cəbhələr” vardı o zaman. Siyasət çox qaynar, münasibətlər sanki tükdən asılı bir mühit idi. Oğrular doğruları elə ittiham edirdilər ki, seçim etmək çətin idi.
Nəhayət 2000-ci ilin avqustunda Əbülfəz Elçibəy rəhmətə getdi və böyük bir qrup partiyadan ayrıldı. İndiki KXCP-çilər. Onlarla bir çox hallarda ziddiyyətdə olsaq da aralarında səmimi mübarizə adamları əksəriyyət təşkil edirdi.
İki il ərzində AXCP bu gərginliyi yaşadı, özünün qurultayını keçirdi, yeni sədr seçdi ki, ikinci, amma xeyli balaca, bununla belə təhlükəli əməliyyat başladı. Bu da Qüdrət Həsənquliyevin başlatdığı proses idi. AXCP Gənclər Komitəsinə (GK) təyin edilən ard arda iki sədri ya satın aldılar, ya qorxuzub Qüdrət Həsənquliyevin dəstəsinə qoşdular. Artıq iddialı dostlarımız belə iddialarını ifadə etməyə qorxurdular. Qarabağ qazisi və indi keçmiş siyasi məhbus olan Asif Yusifli mənə GK ya sədr olmağı təklif elədi. Əlavə etdi ki başqa yol yoxdur. Mən də qəbul etdim. Çoxluğun razılığı alındı, təqdimat hazırlandı və 11 yanvar 2002 də GK ya sədr oldum.
Atamla 2002 de belə bir söhbətimiz olub. O mənim siyasətə girməyimi istəmirdi. Nigaran idi mənim üçün. Amma 2002-de hökumətin tapşırığı ilə Qüdrət Həsənquliyev AXCP-ni parçalamaq istəyəndə bu prosesində MTN və polisin ciddi baskısı vardı. İnsanları təhdid edirdilər, çağırırdılar polisə, teləbə yataqxanasına soxulub cəbhəçilərə deyirdiler – qoşul Qüdrətə. Bu məsələdə bir gənc qorxudan psixi xəstəlik tapdı, adı Polad idi. O zaman atam mənə dedi ki, “geri çəkilsən məni unut, ata kimi”.
2001-ci ildən Azadlıq qəzetində də yazılar yazırdım. Xırda boylu yazılar. Qəzetin o zamanki rəhbərliyi hökumətə çox loyal idi. Ona görə də bir müddət sonra uzaqlaşdırıldım.
Bir neçə cəbhəçi Qənimət Zahidin rəhbərliyi ilə həftəlik “Bakı Həftəliyi” qəzetini çıxarmağa başladıq. Mən müsahibələr almağa başladım.
Mübarizə davam elədi, sutkalıq həbslərə düşdüm və s. Günlərin birində Azadlıq qəzetində “Ramiz Mehdiyevin məqalələrini kim yazır” deyə bir analitik yazı yazdım. Yazı skandala səbəb oldu. Məni aspiranturadan yarımçıq əsgərliyə apardılar. Amma buna qədər dəfələrlə təqib olunmuşdum. Telefonla zəng edib hədələmələr, metroda qəzaya salmaq cəhdi belə olmuşdu. Emin Hüseynovun təşkilatı o zaman hədələyən nömrələrin Nazirlər Kabinetinə aid olduğunu müəyyən etmişdilər. Metropoliten isə video görüntüləri verməkdən imtina etdi.
2009-cu il ərzində hərbi xidmətdə oldum. 2010cu ilin yanvarında qayıtdım və qayıdar qayıtmaz da Azadlıq qəzetində yazmağa başladım.
2010-cu ilin may ayında bir etiraz aksiyasında həbs edildim və 7 sutkalıq inzibati həbs aldım. Binəqədi inzibati həbs edilənləri saxlama məntəqəsində mülki geyimlilərin iki saatlıq ağır işgəncəsinə məruz qaldım. Ayaqlarıma o qədər dəyənəklə vurmuşdular ki, iki gün ayaq üstə dura bilmədim. O zaman İşgəncələr Əleyhinə Komitənin sədri olan mərhum Elçin Behbudov məni o vəziyyətdə gördü, amma ictimaiyyətə əksinə məlumat verdi. O hadisə üzrə iş, Avropa Məhkəməsi kommunikasiyanı keçib qərar gözləyir. Ədalətin tələsməklə işi yoxdur.
Təhlükəli qarşılaşma
“Ərəb Baharı” dalğası vüsət götürmüşdü. Budur, biz 2011-ci ilin 24 martındayıq aprelin 2-nə aksiya təyin etmişik. Fəqət mart ayının 25-dən 26-na keçən gecə Azadlıq qəzetində növbətçi redaktor idim. Evə saat 1-də getməli oldum. Ceyranbatan qəsəbəsinə girişdə 6 nəfərlik bir maskalı heyət məni “qarşıladı”. Başıma torba keçirib, maşına saldılar. Xeyli gələndən sonra təzə tikilmiş, türmə yoxsa ev olduğu bəlli olmayan bir yerə gətirdilər. Xeyli işgəncə və təhdiddən sonra ölkədən getməsəm pis olacağını bəyan etdilər. Yeri gəlmişkən işgəncəni də videoya çəkirdilər. Özü də professional, işıq filan da qurmuşdular. Bu iş 9 ildir ibtidai istintaqı keçə bilmir. Çünki sonradan MTN tərəfindən həyata keçirildiyi bəzi faktlarla təsdiqləndi.
“Azərbaycan saatı” – ilk müxalif peyk kanalı
2012-ci ildə Qənimət Zahidin yüksək avantürası ilə TV kanal ideyası üzərində düşündük. Amma ən ucuz başa gələn yarım milyon dollar idi. Kimdir fikrindən dönən, aprel ayında Qənimət bəy dedi ki bu mənasız türk kanallarının birindən efir vaxtı alaq kanal açaq. Alındı! İlk yerimiz “Kanal Avropa” oldu. Hökumət Türkiyədə döymədiyi qapı qoymadı, nəhayət pulunu verdi, kanal da bizdən imtina etdi.
Keçdik “Medya TV”yə. Saz mahnıları kanalını – Türkiyədə on min baxışı yox idi – Azərbaycanda hökumətin qorxu yerinə çevirdik. Nəhayət bütün bölgələrdə məhşurlaşdıq. Odur ki, hökumət onun yolunu tapıb yayım siqnalını vurdu.
Mənim Türkiyədən deport olunmağım üçün böyük çabalar göstərdilər. Türkiyənin Azərbaycanda səfiri olmuş, o zaman XİN-də Afrika bölümündə işləyən diplomat məni XİN-ə dəvət etdi və xahiş etdi ki, ölkəni tərk edim. Dedi, biz səni nə təhvil verməyəcəyik, nə deport etməyəcəyik, amma işlərimiz korlanacaq.
Mən də mesajı anladım. Tiflisə gəldim. Fəqət hamı mənə ölkəyə gəlməməyi israrla tövsiyyə edirdi. Gəlsəm həbs olunacaqdım. Amma, mən uzun müddət üçün, özü də qeyri müəyyən vaxta ölkədən kənarda yaşaya bilməzdim. Bir çox başqa faktorları da nəzərə aldım. Düşündüm ki, onsuz da məni tutacaqlar “Azərbaycan saatı”nın Bakı studiyasını açmaq lazımdır. Bakıya qayıtdım və studiyanı açdım.
Nəhayət 2014-cü ilin avqustunda quraşdırılmış bir olayla həbs edildim. O zaman mən etibarlı mənbələrdən xəbər aldım ki, məni bu günlərdə təxribata çəkib həbs edəcəklər. Tanınmış hüquq müdafiəçisi, rəhmətlik Elton Quliyevlə görüşdüm və ona dedim ki, tutulmaq xəbərim gəlib. Meni tutacaqlar. Rəhmətlik də israr etdi ki, bu həftə olmasın, əlimdə işlərim var. Dedim zalım oğlu, mən tutdurmuram, özümü onlar tuturlar. Gülüşüb ayrıldıq. Hər şey də onda baş verdi. Küçədə özünü Həsənov Məhərrəm kimi təqdim edən adam mənə kanardan salam verdi. yaxınlaşmaq üçün izin istədi. Yaxınlaşdı və sual verdi ki, niyə Facebook`da ona cavab yazmamışam. Men de üzr istəyib dedim ki, bəs görməmişəm, baxıb yazaram. Bu an mənə zərbələr endirdi. Men dərhal anladım ki, əməliyyatdır. Meni tutmaq üçün tərtib ediblər. əlimdəki şüşə botulu onun başına çırpdım. Düşündüm ki, heç olmasa məni başqa dostlar kimi həm döyüb həm tutmasınlar. Heç olmazsa, şəxsi zəmində borcum qalmasın. Məhkəmədə də dedim ki, “vurmuşam!”. Nəticədə – altı il həbs qərarı.
Həbsin ilk saatlarından alverçilər girişdilər. Təklif edirdilər – geri çəkilim, azadlığa çıxım. Razılaşmadım. Amma məlum olduğu kimi 5 ildən cəmi 5 saat az olmaqla (12 də həbs edilmişdim, səhər 7 də azad olundum) həbsdə qaldım. Həbs mənim üçün bir çox dil və yazı vərdişlərimin zəifləməyinə səbəb oldu. Amma orada çox düşünmək və oxumaq imkanım oldu. Bir çox məsələləri yenidən və dəfələrlə götür-qoy etdim.
Ən maraqlı hadisə isə 2016-cı ildə nəhayət Nigar xanım Yaqublu ilə evlənmək qərarına gəlməyimiz oldu. Avqust ayının 1-i üçün nikah tarixi aldıq. Bu günün özəlliyi o idi ki, 1 avqust 2014-cü ildə Nigar xanıma evlənmək təklif etmişdim. Amma hökumət 1 avqustda nikaha imkan vermədi. Bir gün sonra ictimai təpkilər altında nikahımız bağlandı. Həbsdəki 5 ilin 2-ni subay, 3-ünü evli kimi keçirdim. Onu deyim ki, ailə həm valideynlər həm həyat yoldaşı tərəfindən dəstəklənmək çox böyük güc verir. Bu baxımdan hər iki cəhətdən özümü xoşbəxt sayıram.
Azadlıq və 47 gün sonra
Avqust ayının 29-u 2019-cu il, səhər saat 7 də məni dustaq dostlarla görüşməyə belə imkan vermədən apar topar azadlığa buraxdılar. 47 gün azadlıqdan sonra yenidən 30 günlük bir inzibati həbsə atdılar. Bu həbs AXCP-nın elan etdiyi vətəndaş hüquqların müdafiəsinə həsr olunmuş mitinqdən bir gün qabaq oldu. Necə deyirlər “preventiv” bir həbs oldu. Belə “preventiv” həbslər demokratlara qarşı bizdə çox olur.
23 mart 2020-ci ildə Nigarın atasını, tanınmış demokratik fəalı Müsavat partiyasının üzvü Tofiq Yaqubunu həbs etdilər. Onu və iyirmiyə yaxın demokratik fəalı Covid-19 pandemiyasından istifadə edib ixtisaslar yaratmaq şübhəsi ilə həbs etmişdilər. Amma axı bunlardan heç kim ixtisas zad haqqında düşünmürdü. Bu adamları “preventiv” şəkildə – hər ehtimala qarşı – həbs edirdilər. Belə də görünürdü ki, ölkədə gərginlik artanda ailəmizdən mütləq kimsə türmədə olmalı idi. Budur, Azərbaycanda demokratin taleyi.
Amma həyat davam edir.
Mənim üçün hələ də siyasət mübarizə deməkdir. Bunun bir gün dəyişib sadəcə xidmət üçün bir vasitə olacağına inanırammı? Əlbəttə, hətta bunun üçün mübarizə aparıram. Necə ki, cərrah bəzən qanı durdurmaq üçün, sağaltmaq üçün kəsdiyinə inanır.
Seçki-2020 haqqında
2020-ci ilin seçkisi haqqında fikirlərim belədir. Bir siyasətçi olaraq təbii ki, bütün hallarda iradənin seçki yoluyla ifadəsi vacibdir. Bu xalq iradəsinə də aiddir, siyasi xadimin iradəsinə də. Ancaq, hazırda biz bu iradəni ifadə edə bilirkmi? Biz karlara musiqi öyrədirik. Öncə qulaqları açmalı deyilikmi? Mən qətiyyən hansısa tərəfi nədəsə qınamaq fikrində deyiləm. Vaxtında biz də seçkilərdə iştirak etmişik, indi etmirik, başqa qüvvələr edir. Məsələ bu deyil. Məsələ nə vaxtsa ortaq və sağlam qənaətin meydana çıxması və ifadə olunan iradənin tanınmasına nail olmasıdır. Seçki indiki halda bir formallıqdır.