Ilham Hüseyn
Salam vətən! Halını soruşmayacam.
Gözlərindən görürəm ki, kədərlisən.
Bədənin yarımcandı, 20 faizin amputasiya olunub.
Bilirəm vətən, bilirəm ki, ürəyin doludu.
İtkin düşmüş 20 faiz əzanı unudub, 80 faizin dərdləriylə mühasirəyə alınmısan.
Ey vətən, sənin itkin düşən hissənə Qarabağ deyirlər. O hissə uğrunda döyüşmüş igidlər isə ya şəhid olur, ya qazi.
Amma bu ölkədə sənin uğrunda döyüşənlərə qandal hədiyyə edirlər.
Ey vətən, sənin uğrunda döyüşənlər “siyasi məhbus” a çevrilib.
Bilirəm, dərdini təzələyirəm. Amma mən ürəyimdə söz saxlaya bilmirəm.
Ey vətən, sənin ayaqlarında korrupsiya yaraları, başında hüquqsuzluq şişləri, mədəndə yaltaqlıq qastriti yaradıblar. Yaralarına dərman sürtmək istəyənləri ləkələyirlər, işgəncəyə məruz qoyurlar, zindana salırlar.
Ey vətən, mən danışıram, sən susursan.
Bilirəm, hamımızdan inciksən. Hamımızı nankor hesab edirsən.
Səni neft kimi, qaz kimi, qızıl kimi oğurlayırlar. Biz susqunluq xəyanətiylə, oğruların cinayətinə fənər yandırırıq.
Xəbərin var də, ürəyinin üstündə Alov qüllələri tikiblər, amma ürəyinin hər yerində ədalətin alovun söndürüblər.
Ciyərində Avropa oyunları keçirdilər, amma bədəniyin hər yerində qanunları oyuncağa çeviriblər.
Başında dəbdəbəli məhkəmə binaları, diaqnostika mərkəzləri, məktəblər tikiblər.
Amma o məhkəmə binasında ədalətsizlik, o məktəbdə savadsızlıq, o diaqnostika mərkəzlərində xəstəlik istehsal olunur.
Bu ölkədə xəstəyə dəqiq diaqnoz qoya bilməsələr də, vicdanlı adamlara “vətən xaini”, “narkoman”, “xuliqan” diaqnozu qoya bilirlər. “Şər tibbi” dayanmadan inkişaf edir.
Ey Vətən, sabah bu ölkədə İstiqlalın, Cümhuriyyətin günüdür.
Biz Cümhuriyyətin 102 yaşın, avtoritarizmin 27 illiyində qeyd edirik.
Xəbərin var də, bu ölkəyə koronavirus gəlmişdi. Deyirlər, hələ getməyib. Ona görə də sənin başını uca edən qurucu babamızı kütləvi ziyarət edə bilməyəcəyik.
Ey Vətən, maraqlısı budur ki, karantin günlərində hökumətin şərlədiyi cümhuriyyətçilərin sayı, virusun öldürdüyü adamların sayından çox oldu.
Bir vaxtlar sənin şəninə yazıb-yaradan xeyli adam, indi avtoritarizmə boyun əyib, zalımın şəninə mədhiyyələr püskürür.
Bilirsən vətən, bu ölkədə orden-medallı o qədər yaltaq, prinsipsiz adamlar var ki.
Özünə xəyanət edən xeyli adamı “vətənə xidmətə görə” mükafatlandırıblar.
Sənə xəyanəti, sənə xidmət kimi təqdim edirlər.
Bilirəm, dərdini artırıram. Amma deməliyəm ki, bu ölkədə ən çox səni şərləyirlər. Sənin qürurunla oynayırlar. “Tolerantlıq, “humanizm”, “multikulturalizm” deyə-deyə, səni istismar edirlər.
Sənə müqəddəs dəyər kimi baxanlarla, sənə obyekt kimi baxanların savaşı davam edir.
Bil ki, biz təslim olmamışıq. Sevdamız təslimçiliyə imkan vermir.
Sən sağ ol vətən. Biraz da tab gətir, ruhdan düşmə. Görüşərik.