AXCP RH üzvü Fuad Qəhrəmanlı
Zaman öz qəhramanlarını yetişdirir. Hər bir millət tarixin keşməkeşli, çətin anlarında öz qəhramanları ilə ayaqda qalır.
Bu gün məhz, o qəhramanlığa ehtiyac duyulan, haqqla nahaqın, cümhuriyyətçiliklə ailə hakimiyyətinin, vətənsevərliklə milli xəyanətin, demokratiya ilə istibdadın mübarizəsinin getdiyi tarixi dönəmdə, yalnız qəhramanlar meydana çıxıb, xalqın etiraz ruhuna xitab edə, qaranlıqlara məşəl tuta bilərlər.
Onlar təkcə fədakarlıq edib adlarını tarixin şərəf səhifəsinə yazmırlar , həm də millətimizin qurtuluşu üçün gediləcək bir yol, necə yaşamaq nümunəsi yaradırlar.
İnsanın yaşaya yaşaya əfsanələşməsi bir xəyal yox, Tofiq Yaqublu nümunəsində bir gerçəklikdir. Qorxmadan, çəkinmədən şərə meydan oxumaq, milyonların haqqını zalımdan tələb etmək və buna görə də onu gözləyən təhlükənin üstünə getəmək, inamında, yolunda bir an da olsun tərəddüd etmədən yürümək, yalnız və yalnız qəhramanlıq üçün doğulmuş kişilərə xas bir mübarizlikdir. O bu gün məhbəsdə ola-ola onu tanıyan, haqq davasına rəğbət bəsləyən hər bir şəxs üçün, qəhramanlığa dəvətkardır, dəvət etdiyi yolda bir simvoldur.
Bu gün Niyaməddin Əhmədov kimi olmaq, onun kimi qorxmaz, cəsarətli igid kimi yüz minlərin sevgisini qaznmaq hər gəncə qismət olan mənəvi bir yüksəliş deyil. Filmlərdəki qəhraman obrazları insanları necə cəzb edirsə, həyatdakı real qəhrəmanlar da eləcə onlara qəhraman kimi sevilməyin gerçək yolunu bələdçi kimi göstərir. Niyaməddin kimi qorxmaz və cəsarətli olmaq, haqq davasının liderinin qolunu buraxmamaq, gənclər üçün mənəvi yüksəliş örnəyidir.
Ölkədə sayılıb seçilən çox sayda idmançı var. Ancaq onlardan hansı biri bu gün qaydasız döyüş üzrə Avropa çempionu Səid Bakuvi kimi xalqın rəğbətini qazanıb, hansına qəhrəman kimi belə bir sevgi rəğbət var? Səidlə məqsədi ancaq bahal maşın sürmək olan, hakimiyətin idman korrupsiyayasında yer alan, yaltaqlıqla rejimin xidmətində duran idmançıları kim müqayisə edə bilər. Səid təkcə fiziki gücü ilə deyil, mənəvi gücü ilə də haqq davası gedən meydana çıxdı, öz əqidəsi , iradəsi və xalqına olan sevgisi ilə mənəvi qələbə qazandı. İndi idmançılar üçün fiziki güclə, mənəvi gücü təcəssüm etdirən bir Səid Bakuvi örnəyi var.
Bu yazıda yalnız onlardan üçü haqda yazdıq. Ancaq oların sayı daha çoxdur. Babək Həsənli, Saleh Rüstəmli, HacıTaleh Bağırzadə, Fuad Əhmədli, Aqil Məhərrəmli, Orxan Baxışlı, Abbas Hüseyin və neçə- neçə igidlər, bu gün həbsxanalarda öz siyasi məhbus həyatı ilə, zalım rejimin xalqın qoluna vurduğu əsarət, qorxu zəncirini qırmaqla məşğuldurlar.
Biz öz qəhrəmanlarımızı unutmayaq, təbliğ edək və onların yolunu yolumuz bilib gedək. Azadlıq da, insan ləyaqətinə hörmət də, qanunlara riayyət də, xoşbəxtlik və demokratik dövlət də bu yolla qurula bilər. Bu yol bizim yolumuzdur, Allah çağırır, zaman çağırır, məzlumun naləssi çağırır, müasir dünya çağırır, gəlcık nəsillər çağırır, çağırır, çağırır……