Natiq Güləhmədoğlu
Cəzaçəkmə müəssisələrindən aldığımız son məlumatlara görə insanların əksəriyyətinin bədənində qızdırma, səpki, iyi və dad hissiyyatının zəifləməsi, eləcə də başqa koronavirus simptomları müşahidə olunmaqdadır. Simptomların müşahidə olunduğu məhbusların test olunma istəkləri isə müxtəlif bəhanələrlə geri çevrilir. Hal-hazırda vəziyyəti gərgin olan məhbuslarla heç bir simptom müşahidə olunmayan məhbuslar bir arada saxlanılır. Məhbusların birinin şikayətinə cavab olaraq “öləcəksə, aparıb basdıracağıq”, deyiblər.
Bundan əlavə, içəridə ərzaq qıtlığı da müşahidə olunmaqdadır. Əvvəllər məhbus ailələrinin məhbuslar üçün gətirdikləri ərzaq və dərman məhsullarının içəriyə girişinə də qadağa qoyulması ilə əlaqədar məhbuslar həbsxanada verilən keyfiyyətsiz qidalardan istifadə etməyə məcbur qalıblar. Həbsxana daxilində olan marketdə isə qiymətlər bir neçə dəfə artırılıb. Heç bir gəlir mənbəyi olmayan məhbuslar içəridə aclıqla üz-üzə qalmaqdadır.
Xəstəlik, dərman çatışmazlığı və qida qıtlığı məhbusların içəridəki gərginliyini artırmaqda davam edir. Karslar etiraz edən məhbuslarla doludur, amma buna baxmayaraq məhbuslar arasında gərginlik artmaqdadır. Məhbuslardan bəzilərinin sözlərinə görə onlar ölümə tərk ediliblər, bu vəziyyət içəridə hər an üsyanın çıxmağına səbəb ola bilər. Dustaqlar ehtimal edirlər ki, hakimiyyət xəstə məhbuslarla maraqlanmaq əvəzinə üsyan nəticəsində içəridə çıxan üsyanı yatızdırmaq adı ilə məhbusları fiziki olaraq yox etməyi planlayırlar.