Rüfət Səfərov
AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla iki mühafizəçisi-Niyaməddin Əhmədov və Ruslan Əmirlinin, köməkçisi Faiq Əmirlinin qondarma əsaslarla həbs edildiyini bilirik.
Eyni zamanda, Cəbhənin Ali Məclisinin üzvü, sosial şəbəkələrdə kifayət qədər auditoriyaya sahib Nicat Abdullazadənin,-yeri gəlmişkən, Nicat bəyin fb profili artıq sıradan çıxarılıb,-və fədakar cəbhəçi Baba Süleymanın, eləcə də dönməz qəhrəman Əlizamin Salayevin uydurma motivlərlə məhbəsə salındığını bilirik.
Digər tərəfdən, dəyərli ziyalı xanım, şeirlərini sevə-sevə oxuduğumuz Səadət Cahangirin yaşadığı mənzilə basqın edərək kommunikasiya vasitələrinin, telefonunun, kompüterinin, şəxsi vəsaitinin yağmalandığını və xanımın bir neçə saat ərzində Ağır cinayətlərə dair işlər üzrə istintaq idarərəsində saxlanılıb dindirildiyini də bilirik.
Bundan başqa, ictimai əsaslarla mühafizəçi Niyaməddin Əhmədovun saxlanıldlığı yerdən DTX-ya aparılıb, olmazın işgəncəyə, ləyaqəti alçaldan və qeyri-insani rəftara məruz qoyulmasını, liderinin əleyhinə əsassız ifadələrə imza atmasının tələb edilməsini də bilirik.
Onu da bilirik ki, Əli Kərimli ətraf aləmdən təcrid edilmiş şəkildə yaşayır və yaşadığı mənzilin 100 metrliyinə yaxınlaşan siyasət, hüquq və qələm adamları kobud münasibətə məruz qalaraq saxlanılır, polis bölməsinə aparılırlar.
Beləliklə, baş verənlər, hadisələrin dinamikası təsdiqləyir ki, hakimiyyət məlum səbəbdən yerli, regional və beynəlxalq hüquq müdafiə institutlarının passiv fəaliyyətinin, xüsusilə, dünyanın aparıcı siyasi mərkəzlərinin laqeyd tərzinin fonunda fürsəti fövtə verməyib, yaxın günlərdə Əli Kərimlinin həbsinə hazırlaşır.
Mən Əli Kərimlinin həbs edilməsi üçün ciddi-cəhdlə səy edib, dövlət başçısının sanksiyasını almağa çalışanlara və dövlət başçısının şəxsən özünə bildirməyi bir vətəndaş kimi zəruri sayıram:
Əgər belə bir sərt qərarı qəbul etmisinizsə, ya da yaxın günlərdə reallaşdırılacağına dair son hazırlıqları görürsünüzsə, lütfən, daşının.
Belədə ölkəmizdə sözün gerçək anlamında vətəndaş qarşıdurması və xaos yaşana bilər ki, bundan da Azərbaycan böyük ziyan çəkər, ağır nəticələri aradan qaldırmaqçün illər lazım olar.