Yaxud koronavirus səhlənkarlığı
Dünyanın müxtəlif yerlərində müxtəlif fəlakətlər baş verir. Tez-tez sunaminin, zəlzələnin, meşə yanğınlarının, qasırğanın, xəstəliklərin şahidi oluruq. Amma onun da şahidi oluruq ki, belə hallara qarşı dövlətlərin hazırlığı olur, qısa zaman ərzində problem aradan qaldırılır, səbəblər aşkara çıxarılır, əhaliyə geniş məlumat verilir. Ən əsası isə təhlükə hiss olunan kimi əhali evakuasiya edilir. Hər hansı fəlakətin başqa ölkədə baş verəcəyi bilinəndə isə dövlət öz vətəndaşlarına xəbərdarlıq edir, həmin ölkələrə səyahət etməməyi məsləhət görür və s.
Şükürlər olsun ki, Azərbaycanda belə ağır təbii fəlakətlər baş vermir. Yoxsa, büdcədən milyonlarla pul ayırıb, heç bir iş görməməklə əhalini ölümə sürükləyərlər. Məsələn, Kür daşqınları zamanı məlum oldu ki, problemi həll etmək adıyla milyonlarla manat vəsait mənimsənilib.
Son olaraq isə dünyanı koronavirus təhlükəsi bürüdü. İlk olaraq müşahidə etdik ki, virusa yoluxma ehtimalı hiss edən ölkələr sərhədləri bağladı, təhlükəni minimuma endirdi, məktəblərdə tədris dayandırıldı və s.
Amma Azərbaycan hakimiyyəti sona qədər dirəndi. Virus ölkəyə qədəm qoyana qədər heç bir iş aparılmadı və ölkə vətəndaşına yalan informasiyalar verildi. Yalnız sosial şəbəkələrdəki etirazlar, ictimaiyyətin qınağı məcbur etdi ki, məktəblər bağlansın, virusla müalicəyə büdcədən vəsait ayrılsın, sərhəddə məhdudiyyət yaradılsın.
Amma sonrakı mərhələ daha acınacaqlı vəziyyətin olduğun göstərdi. Karantinə alınmış adamlarla məhbus kimi davranıldığı, heç bir şəraitin yaradılmadığı məlum oldu. Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların haqlı etirazlarının şahidi oluruq. Şübhəli kimi saxlanılan adamlara gün ərzində yemək verilməyib, yataq yerlərində döşək-yastıq yoxdu, adi sabun, isti su tapılmır. Yəni, görünən budur ki, ən elementar hazırlıq yoxdur. Hökumət heç bir məsuliyyət hiss etmir. Telekanallar öz işində, hökumət sözçüləri inkişaf nağılı danışmaqdadı.
Bu gün də dəqiq rəsmi açıqlama verilmir. Hər gün müxtəlif bölgələrdən xəbərlər gəlir. Hətta bir neçə nəfərin xəstəlikdən öldüyü bildirilir. Xüsusən cənub bölgəsindən gələn xəbərlərdə yüzlərlə insanın karantinə alındığı, onlarla insanda xəstəliyin təsdiqləndiyi bildirilir. Bu məlumatları gizlətmək nəyə lazımdı? “Bizdə virus yoxdu” deməklə, nəyə nail olmaq istəyirlər?
Ümumi mənzərəyə nəzər saldıqda deyə bilərik ki, yaranmış acınacaqlı vəziyyət birbaşa hakimiyyətin səhvlərinin nəticəsidir. Əsgərlərin, məhbusların virusdan sığortalanması üçün heç bir iş aparılmır. Sərhədlərin son ana qədər açıq olması, əhaliyə dəqiq məlumatların verilməməsi də şəxsi mənfəətə görədir. Cəmiyyətdə aktivlik azalanda bunların ticarəti, turizmdən qazancı azalır.
Yəni, hər bir fəlakət zamanı “vətəndaşları necə qorumalı” sualının əvəzinə, “qazancımızı necə artıraq” sualına cavab axtarırlar.
Bu nəticəyə gəlmək olar ki, ən böyük virus yarıtmaz idarəçilikdi. Ən dəhşətli fəlakət antimilli zehniyyətin iş başında olmasıdır.
İnsanların əhval-ruhiyyəsindən aşkar görünür ki, büdcədən ayrılmış 10 milyon manatın təyinatı üzrə xərclənəcəyinə də şübhəylə yanaşılır. Üstəlik, hökumətin adekvat olmayan münasibəti, xəstəliyə yoluxmuş adamları açıq müraciət etməkdən də çəkindirir. Çünki şəfqət əvəzinə, biganəlik görəcəklərindən qorxurlar.
Beləliklə, xəstəlik daha ciddi yayılarsa, ciddi fəsadlar olarsa, bunun səbəbi səhlənkarlıqdı, vətəndaşa qiymət verməməkdi. Ən əsası isə “analoqsuz” idarəçilikdi.