Milli Şuranın sədri Cəmil Həsənli
Deməli, ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycan DTK-nın qarşısında duran yeni vəzifələrdən biri də çaz musiqisinə və stilyaqalara qarşı mübarizə aparmaqdan ibarət idi. Bakıda stilyaqaların sayı o qədər artmışdı ki, hətta DTK-nın respublika müşavirələrində bunun artıq təhlükəli bir məsələyə çevrildiyi və çoxlu sayda gəncin stilyaqalığa aludə olmaqla qərb həyat tərzinin təsiri altına düşdüyü bildirilirdi. DTK-nın yüksək rütbəli əməkdaşlarının, 4-cü ordu Bakı hava hücumundan müdafiə dairəsinin xüsusi şöbə işçilərinin və Azərbaycan sərhəd dairəsi kəşfiyyatçı zabitlərinin respublika müşavirəsində çıxış edən DTK-nın 4-cü şöbəsinin baş əməliyyat müvəkkili M.Avdiyev qeyd edirdi ki, təhlükəsizlik orqanları ən son moda sayılan qərb geyimli, qərb
qiyafəli, zahiri görünüşü ilə özünü başqalarından ayıran stilyaqaların respublika gənclərinə təsirinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməlidir. Onun fikrincə, burjua ideologiyası, qərb həyat tərzi indi gənclər arasında daha eybəcər formada stilyaqaçılığa aludə olmaqda özünü büruzə verir və bu da “mənəvi yoxsulluğun”
daha qabarıq nümunəsi olan Amerika həyat tərzinin yayılmasına
gətirib çıxarır. O, Xruşşova istinadən deyirdi ki, “stilyaqaçılıq
tam mənəvi düşkünlükdür, Amerika həyat tərzinə aludəçiliyin pis nümunəsidir. Stilyaqaçılığa aludəçilik gənclərin bir hissəsini geniş dövlət işlərindən uzaqlaşdırır, yaradıcı əməyə parazitizm toxumu səpir. Stilyaqaçılıq, ən nəhayət əcnəbiçiliyin qarşısında baş əyməyin və diz çökməyin pis bir təzahür formasıdır, Xruşşovun dili ilə desək, proletariat diktaturasına qarşı mübarizənin bir formasıdır. Xruşşovun bunu əcnəbiçiliyin qarşısında diz çökmək kimi qiymətləndirməsi gənclər
arasında ziyanlı bir hal kimi təzahür edən stilyaqaçılığa qarşı mübarizə aparmaq üçün bizi daha da səfərbər edir.” (Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Arxivi, qovluq 111, v. 107.) Çaz musiqisinə gəldikdə isə qeyd edilirdi ki, gənclərin bir hissəsi onların zövqünə və tərbiyəsinə ancaq mənfi təsir göstərən Amerika
cazı nümunələrinə aludə olmuşdur. Qərb təbliğatı və xüsusən xarici radiostansiyalar öz caz məhsullarını canfəşanlıqla təbliğ edirlər. Bədnam “Amerika həyat tərzinin” rəmzi olan cazın ideya təsirindən gəncləri qorumaq üçün bəstəkarlarımız gənclərin ruhunu oxşayan, dövrümüzlə səsləşən müasir estrada musiqisi yaratmalıdır.” Müşavirədə belə qərara gəlindi ki, partiya, DTK, komsomol stilyaqaçıların və çaz aludəçilərinin axırına çıxmasa onlar sovet cəmiyyətinin axırına çıxacaqlar!