Reuters agentliyinin xəbərinə görə Rusiya özünün Suriyadakı hərbi qruplaşmasını təcili qaydada möhkəmləndirir.
Agentlik bildirir ki, Rusiyanın gəmi və təyyarələri münaqişə bölgəsinə istiqamətlənib.
Bu hadisələr martın 5-də Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında danışıqların başlanması ərəfəsində baş verir.
Reuters yazır ki, bu görüş Suriyanın İdlib qəzasında hərbi vəziyyətin gərginləşməsi dövrünə təsadüf edir.
Burada Suriya prezidenti Bashar al-Assadın qüvvələri Rusiyanın dəstəyi ilə müxalifət silahlılarının üzərinə hücumlarını davam etdirir.
Suriyadakı Türkiyə qüvvələri fevralın sonlarından bəri artilleriya atəşlərini intensivləşdirirb. İdlibdə 34 Türkiyə əsgərinin ölümündən sonra Türkiyənin zərbələri daha da şiddətlənib.
Bir sıra şərhçilər ehtiyat etdiklərini bildirirlər ki, İdlibdə Rusiya və Türkiyə hərbi qüvvələri birbaşa toqquşa bilər.
Rusiya gəmiləri və təyyarələri
Reuters agentliyi Bosfor boğazı rayonunda gəmi hərəkəti məlumatlarının təhlilinə və aviasiya statistikasına istinadən yazır ki, Rusiya fevralın 28-dən başlayaraq Suriyaya dəniz və hava daşımalarını dəfələrlə artırıb.
Bu proses İdlibdə 30-dan çox Türkiyə əsgərinin həlak olmasından bir gün sonra başlanıb.
Bu da deyilir ki, rəsmən iki gəmidən söhbət getsə də, Moskva son 6 gündə Bosfor boğazından 5 gəmi keçirib.
Reuters bunu da əlavə edir ki, Rusiya əslində Suriyadakı hərbi kontingentinin gücləndirilməsinə oktyabr ayından başlayıb.
Bu ABŞ qoşunlarının Suriyanın bəzi yerlərini tərk etməsi ilə eyni vaxta düşmüşdü.
Ərdoğanın ümidləri
Martın 4-də Recep Tayyip Ərdoğan ümid etdiyini bildirib ki, Moskvada Putinlə görüşdən sonra İdlibdə tez bir zamanda atəşkəs bərqərar olacaq.
Parlamentdə çıxış edən Ərdoğan habelə bildirib ki, “Türkiyə döyüşməyi bacarır, amma müharibəyə can atmır”.
Türkiyə liderinin sözlərinə görə “Ankara suriyalıları qaniçən Əsəd rejiminin mərhəmətinə möhtac etməyəcək”.
Ərdoğan deyib ki, Türkiyənin İdlibdə həyata keçirdiyi əməliyyat Rusiya hərbçilərinə yox, Dəməşq hökumətinə qarşı yönəlib.
Moskva da bildirir ki, Putin-Ərdoğan danışıqlarından sonra İdlibdəki vəziyyətin yaxşılaşacağına ümid edir.
Rusiya xarici işlər naziri Sergey Lavrovdeyib ki, problemin həlli iki prezident arasında 2018-ci ildə əldə olunmuş razılaşmaya əməl edilməsindən keçir.
O təəssüflə bildirib ki, “bu razılaşmaya hələlik əməl olunmur”.
“Ərdoğan özünü divara dirəyib”
Bu arada Rusiyanın “Argumentı i faktı” qəzeti yazır ki, beynəlxalq şərhçilər martın 5-də keçiriləcək Putin-Ərdoğan danışıqlarından radikal fərqli nəticə gözləmirlər.
Rusiya Beynəlxqlq Məsələlər Şurasının direktoru Ruslan Məmmədov deyib ki, tərəflər danışıqlar ərəfəsində mövqelərini möhkəmləndirməyə çalışıblar.
Rusiya məhz bu məqsədlə Ərdoğanın Moskvaya gəlişindən əvvəl İdlibdəki strateji Sərakib şəhərini zəbt edib.
Politoloqun sözlərinə görə, Türkiyənin də hərbi əməliyyata başlaması bununla bağlıdır.
O bildirir ki, nə Türkiyəyə, nə də Rusiyaya münaqişə lazım deyil:
“Problem burasındadır ki, Ərdoğan davakar bəyanatları ilə özünü divara dirəyib. O elan edib ki, Suriya qoşunları təmas xəttinə çəkilməlidir. Əgər bu baş verməsə, Ərdoğan pərt olacaq. Çünki hazırda Türkiyədə də Suriyada baş verənləri diqqətlə izləyirlər. Erdoğanın siyasi partnyorları və cəmiyyət ondan uğur gözləyir”.
Ruslan Məmmədovun fikrincə belə bir vəziyyətdə Türkiyə liderinin geri çəkilməsi çətin olacaq. Amma Suriya da indiyədək Rusiyanın dəstəyi ilə zəbt etdiyi torpaqları qaytarmaq həvəsində deyil.
Məmmədovun sözlərinə görə Putin-Ərdoğan görüşündə hər hansı yeni razılaşma olsa belə, bu sazişin ömrü qısa olacaq.
Ərdoğanın ümid etdiyi atəşkəs bərqərar olsa da, onun yalnız müvəqqəti olacağını gözləmək olar.
Azadlıq radiosu