İvanivşili Müsavata qurultayı ilə bağlı söz verdi üçün
Müsavat başqanı Isa Qəmbərin Gürcüstana səfərindən sonra partiyanın qurultay məsələsi yenidən gündəmə gəlib. Isa Qəmbərin Tiflis səfərindən sonra Müsavatın qurultayı ilə bağlı yeniliklərin olacağı gözlənilirdi. Amma tədbirin keçirilməsi üçün müəmmalı qalan yer məsələsi bu dəfə də öz həllini tapmadı. Müsavat Partiyasının müttəfiqləri olan Respublikaçılar Partiyasının Gürcüstanda hakimiyyətə gəlməsindən sonra gözlər bir daha Tiflisə yönəlmişdi.
Müsavat başqanının müavini Gülağa Aslanlı Isa Qəmbərin qurultayla bağlı Tiflisdə apardığı müzakirələr və Gürcüstan tərəfinin mövqeyinə dair Modern.az-a açıqlama verib.
Hələ də Azərbaycan hakimiyyətindən yer gözlədiklərini bildirən G.Aslanlının sözlərinə görə, Bidzina Ivanişvili hakimiyyəti onlara qurultayın keçirilməsi üçün Bakını məsləhət görüb. “Biz hələ də Azərbaycan hakimiyyətindən qurultayın keçirilməsi üçün yer verməsini gözləyirik. Ən azı gözləyirik ki, bu hakimiyyət bizim qurultay keçirməyimiz haqqında düşünəcək. Gürcüstan tərəfi ilk gündən bu məsələyə heç bir tərəfi incitmədən münasibət göstərib. Onlar bildiriblər ki, qurultayın Azərbaycanda keçirilməsi daha yaxşı olardı, Azərbaycan hakimiyyəti buna şərati yaratmalıdır. Qeyd ediblər ki, ”əgər Azərbaycan sizə şərait yaratmazsa, biz bu məsələni müzakirə edib Gürcüstanda keçirilməsini həll edə bilərik”, – deyə Müsavat rəsmisi bildirib.
YAP isə Ivanişvili hökumətinin Müsavata qurultay keçirmək üçün göstərdiyi isti münasibətdən qəzəblənib.
Partiyanın Siyasi Şurasının üzvü, deputat Eldar Ibrahimov Modern.az saytına açıqlamasında Gürcüstanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb. Deputat bildirib ki, Gürcüstan rəhbərliyinin qurultay keçirmək üçün Müsavat Partiyasına razılıq bildirməsi düzgün deyil: “Gürcüstanla bizim çox isti əlaqələrimiz var. Bu, Azərbaycanın daxili işidir. Azərbaycandan olan hər hansı bir müxalifət partiyasının Gürcüstanda gedib qurultay keçirməsi onlara nə üçün maraqlıdır ki? Hesab edirəm ki, belə məsələlərə Gürcüstan rəhbərliyinin razılıq verməyi düz deyil. Ölkələrimiz arasında olan yaxşı münasibətlərə kölgə salmaq istəməzdik”, -deyə YAP-çı deputat münasibət bildirib.