Keçmiş prezident Bill Klintondan Obamaya açıq dəstək
«Son dörd il ərzində ABŞ tərəqqiyə nail olub, lakin bilirik ki, qarşıda görüləcək hələ çox iş var»
ABŞ prezidenti Barak Obama bu sözləri Nyu-Hempşir ştatının paytaxtı Konkord şəhərində seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı deyib.
O, ştat sakinlərini səsvermə günü aktiv olmağa çağırıb: “Həmin gün namizədinizi seçməklə, siz Demokrat, yaxud Respublika partiyasını deyil, gələcək dörd ildə inkişaf istiqamətini seçmiş olursunuz”. Obama bəyan edib ki, son dörd ildə tərəqqi əldə olunub və bu tempi gələcəkdə də saxlamaq lazımdır:”Bizim hərbçilərimiz evdədir, Iraqda müharibə qurtarıb, Əfqanıstana qurtarmağa yaxınlaşır, “Əl-Qaida”nın rəhbərliyi zərərsizləşdirilib, bin Laden öldürülüb”. Seçki kampaniyasında iştirak edən sabiq prezident Bill Klinton seçkilərdə Barak Obamanın namizədliyini dəstəklədiyini deyib:”Çünki Obama dörd il ərzində ABŞ-ın təhlükəsizliyini müdafiə etməklə, özünü əsl Ali Baş Komandan kimi göstərdi. Kişi və qadın hərbçilərimizin Vətənə qayıtması üçün əlindən gələni etdi. O iqtisadiyyatın inkişafı üçün hər şey edəcək, yeni iş yerləri açacaq”.
Bill Klinton bildirib ki, Barak Obamanın “Sendi” qasırğası ilə bağlı situasiyada siyasəti bir kənara qoyaraq, qasırğanın nəticələrinin aradan qaldırmaqla məşğul olması, onun liderlik keyfiyyətlərini təsdiqləyir. Barak Obamanı dəstək mitinqinə 15 minədək adam gəlib.