“Seçki günü siyahıda mənim adımdan sonra, 20 ildir Bakının Binəqədi rayonunda yaşayan qardaşım Lalayev Kamalın və onun keçmiş arvadı – seçkidən əvvəl ölmüş Lalayeva Gülnarın adlarını gördüm. Gülnar ölüb, yoxdur bu dünyada”.
Bu sözləri Qazax rayonunda yaşayan seçici Xanlar Lalayev deyir.
Azərbaycanda fevralın 9-da keçirilmiş erkən parlament seçkiləri zamanı 107 saylı Qazax seçki dairəsinin 1 saylı seçki məntəqəsində Xanlar Lalayevin “ölüb, ölüb, gedək qəbirdaşını göstərim” deyə qardaşının həyat yoldaşından bəhs edərək onun adının seçici siyahısında olmasına etiraz edərkən naməlum şəxs tərəfindən çəkilmiş videosu sosial şəbəkələrdə yayılıb.
Videoda müşahidə olunur ki, seçici, qardaşının keçmiş həyat yoldaşı, bir müddət öncə dünyasını dəyişmiş Gülnar Lalayevanın adının seçici siyahısında olmasına etiraz edir. Məntəqə Seçki Komissiyasının üzvü isə ona cavabında: “həmin xanım sənin üçün ölüb, bizim üçün ölməyib” deyir.
Yerli medianın yazdığına görə, Xanlar Lalayevin etirazına Mərkəzi Seçki Komissiyasından gələn reaksiya “öldüyü deyilən qadının görüntülərini araşdıraraq, bir neçə mənbədən təsdiqləmişik ki, həmin qadın həyatdadır” olub.
Ancaq Mərkəzi Seçki Komissiyası bu barədə sualarımızı cavablandırmayıb.
Daş Salahlı bələdiyyəsindən bildiriblər ki, “Gülnar Lalayeva yanvarın 26-da vəfat edib. Yanvarın 27-də isə onu gətirib Daş Salahlı kənd qəbiristanlığında dəfn ediblər”.
Gülnar “3 ildir boşanıb, 40-50 gündür ölüb”
Qazağın 107 saylı seçki dairəsinin 1 saylı məntəqəsində qardaşının “3 ildir boşanmış, 40-50 gündür” ölmüş arvadının adına rast gələn Xanlar Lalayev etiraz etməyə başladığını deyir.
O bildirir ki, 2019-cu ilin noyabr ayında “adamlar qapı-qapı düşüb evləri sayanda indiki həyat yoldaşını, 19 yaşlı oğlunu və özünü qeydiyyata alıblar ki, siz 3 nəfər səsvermədə iştirak edəcəksiniz”.
“…Ancaq 3 nəfərdən oğlumla yoldaşıma bildiriş kağızı gəlmədi, bir mənə gəldi. Seçki günü də getdim öz ad-soyadımı tapanda gördüm ki, yazılıb Lalayev Kamran, altında yazılıb Lalayev Kamal. Kamal qardaşımdır və 20 ildir Bakıda yaşayır. Onun altından da Lalayeva Gülnar yazılmışdı. Gülnar da ölənin adıdır. Özü də Gülnar qardaşımdan 3 il bundan əvvəl boşanıb. Məntəqədə dedim ki, axı, mən bildiriş kağızını geri qaytardım, siz onun adını niyə silməyibsiniz siyahıdan? Ölmüş adamın adını siyahıya niyə salırsınız, axı? Bu vaxt yan tərəfdən mənə “o, səndən ötrü ölüb, bizdən ötrü ölməyib” deyəndə, beynim çöndü ki, necə yəni ee, ölüb bu adam. Torpağa basdırıblar. Ölüyə necə diri demək olar?!”
Daş Salahlı kəndinin sakinləri BBC News Azərbaycancaya Xanlar lalayevin qardaşının keçmiş arvadı – Lalayeva Gülnar Namaz qızının seçkidən bir müddət əvvəl öldüyünü təsdiqləyiblər.
Kənd bələdiyyəsindən bildiriblər ki, “Gülnar Lalayeva yanvarın 26-da vəfat edib. Yanvarın 27-də isə Daş Salahlı kənd qəbiristanlığında dəfn olunub”.
BBC News Azərbaycanca