Abşeronda saxta seçkilər
Yani seçilmiş “Striptiz” deputatlar bir bir gedir. Deputat Qənizadə, Mirələmov və diqərlərin mandatları alınır. Abşeron rayonunda isə seçki ümümiyyətlə keçirilmədi, seçki prosesi zamanı özünü buraxmış spiker Əsədovu heç kəs görməyib rayonda. Hörməti olmayan, tanınmayan striptiz-spiker pirr “qələbəsini” çaldı. Üstəlik də, bütün deputatlara dedi ki: “İlham dedi ki, mən yenə spiker olacam…”. Dünən isə, Abşeron rayonunda maraqlı hadisə yaşandı, Spikerin nümayəndəsi kənd camaatı tərəfindən qovuldu. Parlamenti striptiz skandalına görə buraxdılar, skandalın səbəbkarı isə yenə deputat oldu. Baxın belə gülməli ölkədə yaşayırıq.
Deyəsən növbədənkənar seçki şousu hakimiyyət komandasının özünə qarşı çevrilməkdədir. Əliyevin siyahısında yer alan təzəli-köhnəli deputat olmuş namizədləri xalq yerlərdə fitə basıb qovur. Türklərdə “doqquz kənddən qovulmaq” deyilən bir ifadə var. Əslində, bunlar çoxdanın doqquz kənddən qovulmuşlarıdır, sadəcə, üzlərində abır-həya yox. İnsanlar Çingiz Qənizadənin Beyləqanda, Sahib Alıyevin Tərtərdə, Razi Nurullayevin İmişlidə, Elşən Musayevin Zaqatalada, Fəzail Ağamalının Salyanda abırını ətəyinə büküb yola saldı. Yaşı yetmişi ötmüş Ağamalını elə ağlamalı günə saldılar ki, suyu süzülə-süzülə maşınına oturub qaçdı. Xalqın qarşısında dili topuq vuran adam baş verənlərdən nəticə çıxarmaq yerinə, utanmadan müsahibə verib deyir ki, onun üstünə öyrədilmiş sərxoş xuliqanları göndərmişdilər. Bax, uzun illərdir xalqı belə aşağıladığınıza görə sizi hörmətdən salıb qonşunun toyuğunu qovan kimi qovurlar. Gözünüzü açıb yaxşı-yaxşı baxın! Xalqı iyrəndirmisiniz, bezdirmisiniz, boğaza yığmısınız! İnsanlar sizə üsyan edir, “rədd olun gedin, əlinizdən zara gəldik” deyir. Yenədəmi anlamırsınız? Artıq nə bu iqtidar komandasındakı partiyalı namizədlər, nə də onun “müstəqil” və “cib müxalifəti” statuslu namizədləri xalqı aldada bilmir. İnsanlar gerçək dəyişiklik istəyir, bu komandanın bütün üzvlərini arxivə göndərəcək bir dəyişiklik.
Dəfələrlə yazmışıq. Parlamentdə illərdir yer tutan və hakimiyyətə kuklalıq edən qocalar üzüsulu getsəydilər, başlarına belə qəzavü-qədər gəlməzdi. Fəzail Ağamalı da belə adamlardan biridir. Onun namizədliyini irəli sürdüyü dairədən rəqibi olan Kamil Musəvi ilə qarşılaşmasını videgörüntülərdən görmüsünüz. Salyanda seçicilərlə görüş zamanı Musəvi ona deyir ki, “sizin adamlarınız mənim nümayəndələrimə hədə-qorxu gəlir”. Əlbəttə, inandırıcı ittihamdır. Çünki bənzər hallar, demək olar ki, bütün dairələrdə baş verir. Bütün dairələrdə icra orqanları hökumətin resurslarını hakimiyyət namizədlərinin xeyrinə səfərbər edib, rəqiblərinə qarşı kampaniya aparır. Bənzər bir kampaniya da elə Salyanda Ağamalı ilə Musəvinin qarşılaşmasından sonra ortaya çıxdı. Kimsə Qarabağ qazisi Kamil Musəvinin çıxışlarında işlətdiyi jarqon ifadəni bayraq edib, onu “vurmağa” başladı.
Ətrafdan həmin şəxsin səsinə səs verənlər də Musəvini düşmən elan edəcək dərəcəyə qədər ekstaza gəldilər. “Bu hakimiyyətin yanında fırlanır”, “bu Ağamlıdan betər olacaq”, “Əliyevlərlə şəkil çəkdirib” kimi ittihamlar baş aldı getdi. Adamlar, hədəf seçəcək başqa namizəd tapmadınızmı? Musəvi hərbçidir, bu torpaqlar üçün vuruşub, bir gözünü itirib, o hədəf seçiləcək neçənci adamdır siyahınızda? Çıxışlarında jarqon ifadə işlədib, biz də qınayırıq. Amma ətrafınıza baxın, heç 15 il parlamentə spikerlik etmiş Oqtay Əsədovun striptiz-bar saxlamasına belə etiraz etdiyinizi görmədik. Rövnəq Abdullayevin oğlunun 2 milyon funtluq saatına da belə üsyan etməmişdiniz heç. Hadı Rəcəblinin xalqa küçə söyüşü söydüyünü sübuta yetirən səs yazısı yayılanda da cınqırınız çıxmamışdı. On illərdir qarşınızda xalqı ən ağır şəkildə təhqir edən bir hökumət komandası varkən, gücünüz bir Qarabağ qazisinəmi çatdı? Yaxşı ki, bu şəxslərin arasından ağıllı düşüncə sahiblərindən biri, keçmiş siyasi məhbus Seymur Həzi çıxıb məsələyə nöqtə qoyub: “Sosial şəbəkələrdə deputatlığa namizəd Kamil Musəviyə qarşı maraqlı kampaniya gedir. Mən onun qaziliyindən başqa heç bir yönünü tanımıram. Siyasi mövqeyi də mənim üçün maraqlı deyil. İlham Əliyevə ali baş komandan deməyi də. Çünki, hərbçilər üçün o məqam şəxs deyil, vəzifədir! Üstəlik bütün vətəndaşlar kimi onun da namizəd olmaq haqqı var. Eyni zamanda seçilmək. Leksikonuna gəlincə, onun hərbiçi olduğunu nəzərə alın. Əlbəttə, diqqətli olsa yaxşı olar, amma vərdişlərindən hələ qurtara bilməyib. Dostlar, bir dırnağımıza daş dəyəndə ürəyimiz göynəyir. Bir gözünü vətən uğrunda qoyub. O sayğını haqq edir. Lütfən diqqətli olaq!”
Seymur Həzinin yanaşmasından sonra əlavə şərhə ehtiyac olmamalıdır. Hər kəs aqressiyasını yönəldəcək adamları düzgün seçməlidir. Məlum siyahıda illərdir xalqı bu və ya başqa şəkildə söyən, aşağılayan natəmiz adamların sayı-hesabı yox. Acığınızı o adamlardan çıxın. Jarqon işlədən bir hərbçini islah etmək çətin iş deyil. Bu rüşvətxorları, oğruları və haramxorları isə 26 ildir nə islah edə bilirik, nə onlardan xilas ola bilirik.