Fuad Qəhrəmanlı
9 fevral seçkiləri gözlənildiyi kimi kütləvi saxtakarlıq şəraitində keçdi. Bəs bu seçkinin siyasi nəticələri nə oldu:
1) Bəzi ictimai fəallarda, vətəndaş cəmiyyəti təmsilçilərində belə bir fikir vardı ki, İlham Əliyev hakimiyyəti seçkiləri ona görə hər dəfə total saxtalaşdırır ki, AXCP və Milli Şura təmsilçiləri siyasi sistemə inteqrasiya oluna bilməsinlər. Ona görə də, bu qüvvələrin boykot etdiyi seçkiyə, müstəqil namizəd kimi qatılıb seçilmək şansı qazanmaq olar. Ancaq bəlli oldu ki, hakimiyyətin aqrresiv münasibəti təkcə adı çəkilən qüvvəyə deyil, bütövlükdə demokratik prosedurlara qarşıdır.
2) AXCP və Milli Şuranın ilk əvvəldən meydanlara çıxıb, demokratik seçki mühiti uğrunda mübarizə aparmaq taktikasına qarşı, REAL və digər iştirakçıların, “hansı şərtlərlə olursa olsun seçkiyə qatılmalıyıq” siyasətinin səhv olduğu təsdiqlənmiş oldu. Bu da, o deməkdir ki, daha saxta seçkiləri cəmiyyətə dəyişiklik mexanizmi kimi təqdim edib, meydan mübarizəsinə qarşı alternativ siyasət qoymaq mümkün olmayacaq.
3) Doğruluğu təsdiqlənmiş “meydan mübarizəsi taktikası” ətrafında, siyasi təmərküzləşmə prosesi üçün yaranan siyasi ideoloji zəminin, rejimə qarşı kütləvi etiraz hərəkatının güclənməsinə təkan verəcək.
4) 9 fevralda hakimiyyətin legitimliyi çox ağır zərbə aldı. Həm seçki kampaniyası dövründə iqtidar namizədlərinin bölgələrdən qovulması, həm də ki, sosial şəbəkələrdə saxtakarlıq faktlarının geniş yayılması, bu seçkini hakimiyyət üçün mənəvi siyasi travmaya çevirdi. Qarşıdakı günlərdə, gözlənilən kəskin beynəlxalq reaksiyaları da, nəzərə alsaq, demək olar ki, baş verən saxtakarlıqlar hakimiyyətin siyasi dayaqlarına sarsıdıcı zərbə vurdu. Belə bir şəraitdə keçirilən seçki, həm islahat nağıllarına son verildi, həm də, rejimin yeni pozitiv maska taxmaq cəhdi iflasa uğradı.
5) Ən əsas məqamlardan biri də, cəmiyyətdə saxtakarlığa qarşı kütləvi narazılığa rəğmən, siyasi məyusluğun yaranmamasıdır. Bu həm cəmiyyətin əsas siyasi alternativ kimi baxdığı AXCP və Milli Şuranın seçkiyə qatılmaması ilə, həm də, xalqın bu seçkini boykot edib, hər hansı nəticə gözləməməsi ilə bağlıdır. Bu yerdə, onu da xatırlatmaq gərəkdir ki, prosesin əvvəlində Milli Şuranın seçkidə iştirak etməsində maraqlı olan hakimiyyət, məhz bu yolla cəmiyyətin mübariz kəsimində məyusluq yaratmaq istəyirdi. Ancaq alınmadı.
6) Hakimiyyətin imkanı vardı ki, yerlərdə xalq tərəfindən qovulan namizədləri, digər iqtidaryönlülərlə əvəzləməklə, cəmiyyətin rəyini heçə saymadığını göstərsin. Ancaq əksi baş verdi və açıq siyasi qarşıdurma, meydan oxuma kursu seçildi. Bu isə ölkəni xaosa, kəskin qarşıdurmalara sürükləyən zorakı siyasətin risqlərini daha da artırır. Belə bir hal həm də, iqtidarın öz güvən əksikliyini, minimum siyasi rəqabət şərtlərinə qorxduğunu, sosial dayaqlardan məhrum olmasınıgöstərir.