İlham Hüseyn
Uzun illərdi bu ölkə uğrunda savaş gedir. Daha doğrusu, bir qrup mübariz, vətənpərvər insan bütöv xalqın məsuliyyətini öz üzərinə götürüb, qeyri-bərabər döyüşə girib. Təbii ki, bu döyüşdə böyük itkilər verilib, məşəqqətlər yaşanıb, talelər məhv edilib. Amma bütün çətinliklərə baxmayaraq, mübarizə səngəri tərk edilməyib, şərin mütləq qələbəsinə imkan verilməyib. Azərbaycanda fədakar insanların sayəsində etiraz ocağı sönməyib.
Vəziyyət elə gətirib ki, sıradan çıxara bilmədikləri mübarizə insanlarına ləkə vurmaq, şər-böhtan atmaq rəqibin əsas mübarizə üsuluna çevrilib.
Konkret olaraq AXCP-yə qarşı ən iyrənc ssenarilər həyata keçirilib və proses davam edir.
Yüzlərlə insanın şərlənib həbs olunması, işdən çıxarılması, təqiblərə məruz qalması rejimi sakitləşdirməyib. Ona görə də cəbhəçilərə müxtəlif adlar yapışdırmağa başladılar. Gah Rusiya proyekti dedilər, gah Qərbin əlaltısı adlandırdılar, gah erməni lobbisindən maliyyələşən qüvvə kimi təqdim etdilər, gah da İranın agenti, ekstrimist qüvvələrin təmsilçisi kimi tirajladılar.
Əlbəttə, bütün bu şər-böhtanın ömrü 40 gün də çəkmir və bumeranq kimi hökumətin özünə dəyir. Amma bunlar palçığa batmaqdan narahat deyillər. Yenə də AXCP-ni ekstremist qüvvə kimi, dünyəvi dövlətə təhdid kimi sırımağa çalışırlar. Cəbhəçi gənc Nicat Nizamovun inanclı biri olmasındna sui-istifadə edərək, yeni bir plan hazırlamaq eşqinə düşüblər. Nicat bəy isə məsələni ictimailəşdirərək, bu alçaq planı ifşa etdi. Rejim bir daha göstərir ki, ən böyük islamafob, qeyri-tolerant, hüquqsuzluq sevdalısı məhz özüdür.
Əvvəla, son başverənlərə verilən reaksiya göstərdi ki, bu ölkədə dünyəvi dövlətin zəmanəti də, bütün kəsimlərə sahib çıxacaq qüvvədə də AXCP-di. Partiya sədrinin sosial şəbəkədə yayılan statusu da bunun əyani sübutudu.
Deməli, bu qüvvəyə heç bir qondarma ad yapışdırmaq mümkün deyil.
Bizim adımız vətəndi, millətdi, xalqdı, torpaqdı, həqiqətdi, ədalətdi, sevgidi.
Bizdən nə düzəltməyə çalışsanız da, axırda vətən sevgisi alınacaq. Bizə hansı qatqını vursanız da, dövlət marağı ərsəyə gələcək. Bizi hansı qəlibə salsaz da, ləyaqət məhsulu çıxacaq.
Biz sağçıya da, solçuya da, dindara da, liberala da, bir sözlə, bütün kəsimlərə hörmətlə yanaşırıq və bütün kəsimlərə sahib çıxılan bir Azərbaycan istəyirik. Amma Azərbaycanın dövlət maraqlarını doğma atamıza da güzəştə getmirik.
Bizə başqa ad qoymağa çalışmayın. Bizim adımız Azərbaycandı.