Rejim təmsilçiləri tez-tez gənclərə qayğıdan danışırlar. Sən demə, bu ölkədə gənclərə maksimum dəstək var imiş. Hər dəfə bu təbliğatın fontan vurduğunu görəndə, İspan filosofu Unamuno Migelin məhşur sözü yadıma düşür. Filosof deyirdi ki, bizdə gənc adamlar var, amma gənclik yoxdur.
Cənablar, gənclərə qayğı, 5-10 gəncə kostyum geyindirib, qalstuk taxdırıb, uğurlu inkişafdan danışmağa məcbur etmək deyil. Gəncləri trolluğa cəlb etmək, yalanı alqışlamağa yönəltmək qayğı deyil.
Gənclik, çayxanalarda saatlarla damino çırpıb, telefonda oyun oynayıb, əyləncəni kabab və araqla məhdudlaşdırmaq deyil.
Gənclik, ali məktəb diplomu alıb, fəhləlik məktəbinin “diplom”una yiyələnmək deyil.
Gənclik, arzuları ümid qatarına mindirməkdi.
Gənclik, həyat süfrəsindən ləyaqət meyvəsi yeyə-yeyə gələcəyə addımlamaqdı.
Gənclik, azadlığın qoxusunu, ədalətin formasını, həqiqətin libasını görə bilməkdi.
Amma bu ölkədə gənclərin arzuları acgözlük qatarında qəzaya düşür. Bu ölkədə gənclərə yalan süfrəsindən köləlik meyvəsi təqdim edirlər. Bu ölkədə gənclərə yaltaqlığı karyera pilləkəni kimi göstərirlər.
Yəni, ölkədə gənclərin olması kifayət deyil, gəncliyin olması vacibdi. Gənclər ömürlərinin ən gözəl çağını qocalmış reseptlərlə yaşayır. Bu ölkədə gənclik romantikasına ahıllıq libası yapışdırılıb.
Bir sözlə, azadlığın olmadığı yerdə gənclik boy ata bilmir. Avtoritarizm gəncliyi liliputlaşdıran faciə parnikidi.
Bu ölkədə çoxdandır ki, hamı eyni yaşdadı. Gənclərin gənclik bağçası yaratmasına ehtiyac var.