Son günlər ərəb ölkələrində baş verənlər Azərbaycanın siyasi dairələrinin də diqqət mərkəzindədir. AXCP sədri Əli Kərimlinin sözlərinə görə, ərəb ölkələrində baş verənlər əslində, demokratiyanın alternativsizliyini və avtoritarizmin sonunun olmadığını növbəti dəfə təsdiqləyən hadisələrdir. Onun fikrincə, Tunisdə, Misirdə, Yəməndə və digər ərəb ölkələrində 20-30 illik avtoritar rejimlərdən, ədalətsizlikdən və kasıbçılıqdan boğaza yığılmış xalqın öz demokratik hakimiyyətini qurmaq üçün ayağa qalxması prosesi gedir. Baş verənlər göstərir ki, diktaturanın sabahı yoxdur və gec-tez bütün xalqlar öz avtoritar liderlərinin hakimiyyətindən xilas olacaqlar.
Əli Kərimli: “Diktaturanın sabahı yoxdur və gec-tez bütün xalqlar avtoritar liderlərdən xilas olacaqlar”
AXCP sədri onu da əlavə edib ki, hazırda dünyanın totalitar, avtoritar rejimlərdən ibarət coğrafiyasını əsasən, ərəb ölkələri, MDB məkanı, Çin və onun ətrafındakı bəzi ölkələrdən ibarət bir neçə qruplaşma təşkil edir. Onun fikrincə, indi dünyadakı qeyri-demokratiyanın 3 mühüm dayaqlarından biri çökür.
Əli Kərimli bu hadisələrin məhz ərəb dünyasında baş verməsinin xüsusi önəm daşıdığını söyləyib. Çünki bir çoxları bu coğrafiyadakı avtoritarizmin daha uzunömürlü olacağına ümidli idilər: “Böyük əksəriyyət düşünürdü ki, avtoritarizmin ən son sığınacağı yəqin ki, ərəb ölkələri olacaq. Bütün Azərbaycan görürdü ki, dövlət başçısı həmin o ərəb diktatorları ilə görüşən zaman özünü nə qədər yaxşı hiss edirdi, onlarla xüsusi münasibətlər qururdu. Çünki bu ölkələri Azərbaycan üçün nümunə görürdü. Indi artıq bu ölkələri nümunə kimi görənlərin hamısı məyus olmalıdılar. Baş verənlər belə qənaət yaradır ki, ümumiyyətlə, dünyada gedən qlobal demokratikləşmə prosesi yaxın illərdə elə sürətlənə bilər ki, sona qalan diktatorların qaçması üçün ölkə olmaz”.
İsa Qəmbər: “Diktatorların özləri haqda yaratdıqları miflər dağılır”
Müsavat başqanı İsa Qəmbər də ərəb dünyasında baş verənlərin indiyədək xalqla edilən ədalətsiz rəftarın nəticəsi olduğunu bildirib. Onun fikrincə, diktatorların özləri haqda yaratdıqları miflər dağılır. Isa Qəmbərin sözlərinə görə, bu hadisələrdə daxili amillərlə yanaşı, beynəlxalq faktorlar da mühüm rol oynayır. Çünki artıq nüfuzlu dövlətlər, bütövlükdə azad dünya dərk edir ki, demokratiya yayılmasa, onun özünün azadlığı təhlükə altında qalacaq: “Bu proses Yaxın Şərqlə, ərəb ölkələri ilə məhdudlaşmayacaq. O postsovet məkanına, Cənubi Qafqaza, Belarusa da aiddir. Bu proses getdikcə genişlənəcək. Və demokratiyanın, azadlığın qarşısını heç bir rejim ala bilməyəcək”.
Zərdüşt Əlizadə: “Azərbaycan iqtidarı vəziyyəti düzgün qiymətləndirməlidir”
Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, ərəb dünyasında baş verənlər xalqın səfalət içində olması, rəhbərlərin ölkənin sərvətlərini talaması və ictimai ədalətsizliyin nəticəsidir. Onun fikrincə, hakimiyyət elə düşünürdü ki, istədikləri vaxt zor gücünə xalqın qəzəbini boğa biləcəklər: “Hadisələr göstərdi ki, belə deyil. Xalqın qəzəbi hədsizdi və o bu rüşvətxor, korrupsiyaya uğramış rejimi qəbul etmir. Eyni vəziyyət də Yəməndədir”.
Zərdüşt Əlizadə hesab edir ki, bu prosesdən MDB məkanı da kənarda qalmayacaq. Onun fikrincə, əgər Azərbaycan iqtidarı vəziyyəti vaxtında düzgün qiymətləndirib zəruri islahatlar aparmasa, xalqa yad olan bu hakimiyyətin eyni aqibətlə üzləşməsi qaçılmazdır.
“Azadlıq” radiosu