Ağrılı-acılı bir ili də yola saldıq. Bu bir ildə əlimizi ölkənin nəbzinə qoyub, bütün həqiqətləri çılpaqlığı ilə sizlərə çatdırmağa çalışdıq. Kimsənin cəsarət edib deyə bilmədiklərini dilə gətirdik, sizləri pərdə arxasında qalan gerçəklərdən belə xəbərdar etməyi özümüzə borc bildik. Diqqət etsəniz, yazdıqlarımızın və proqnoz etdiklərimizin 90% doğru çıxdığını da görəcəksiniz. “Azadlıq”ın “ilin fəxri adları” rubrikasında gedən yazıları da, ilə vurulan son akkordlar kimi təqdim etdik. Rubrika insanların ürəyindən oldu və böyük reytinq qazandı. Bu yazılar sosial şəbəkələrdə böyük oxucu cəlb etdi və bir sıra müstəqil saytlarda təkrar yayımlandı. Bizim ölkə siyasətinin populyarlarına verdiyimiz “fəxri adlar” artıq sosial şəbəkələrin “aforizmlərinə” çevrilib. Bizim istədiyimiz də elə bu deyildimi? Bəli, bəli, adamlara haqq etdiyi qiyməti vaxtında vermək lazım. Azərbaycan siyasəti çox sürüşkən mərhələsini yaşayır, bu gündən sabaha etibar yox. Bir saat sonra kimin istefaya, kimin həbsxanaya göndəriləcəyini kimsə proqnoz edə bilməz. Biz hələ ömrünü siyasətdə çürüdüb, yaşı 75-80-ə çatanları demirik. Doğrudur, adamlar öz xoşları ilə heç bir yerə getmək istəmirlər. Amma dünyanın işini bilmək olmaz. Bir baxdın, qəflətən istefazəngi və ya əcəl zəngi çalmağa başladı. Gözəl şairimiz Cabir Novruz demirdimi “sağlığında qiymət verin insanlara”? Sağlıqlarında bundan yaxşı qiyməti hardan alacaqdılar ki?
Bu aralar sosial şəbəkələrdə ən çox adı hallanan şəxslərdən biri Məzahir Pənahovdur, bilirsiniz. Sizcə, hansı ləqəblə? Bəli, bizim verdiyimiz “ilin karuseli” ləqəbi ilə. Seçki saxtakarlıqları ilə bağlı paylaşımların və rəylərin böyük əksəriyyətində onun adı “karusel Məzahir” olaraq keçir. Adamı bu adla bir xeyli populyarlaşdırdıq, anlaşılan. Yaxın zamanlarda Pənahovun karusel biznesinə girişdiyini eşitsəniz, heç təəccüblənməyin. Parlamentin buraxılmasına etiraz edən yeganə qocaman deputat Arif Rəhimzadənin “ilin üzgüçüsü” adı, Zeynəb Xanlarovanın “ilin amerikanlısı” adı, Ağacan Əbiyevin “ilin marafonçusu” adı, Xanhüseyn Kazımlının “ilin natiqi” adı, Oqtay Şirəliyevin “ilin xərçəngi” və başqaları da “aforizmləşən” adlar sırasındadır. Və nəhayət, fəxri adlarımız sırasında ən çox populyarlıq qazananı “ilin nağılbazı” nominasiyası üzrə verilən mükafat olub. Onu da kimə verdiyimizi bilirsiniz. İllərdir ölkədə ağ yalanları həqiqət kimi 10 milyonun gözünün içinə abır eləmədən deyə bilən adam kimdi, sizcə? 5 milyon insanı uzaq xaricə səpələnmiş ölkənin, qalan 5 milyonunun içində 76 min yoxsul ailə olduğunu dili ilə etiraf edən və analoqsuz inkişafdan danışan adam? Bərbad günə qoyduğu ölkəni “regionun lider dövləti” adlandıran adam? Totalitar rejim qurub bütün azadlıqları boğan, repressiya maşını ilə insanların qanını içərək, söz azadlığından danışan adam? Təyinatlı seçki keçirib, şəffaf seçkidən, ailə hakimiyyəti qurub, demokratiyadan, milyonlarla insanı yoxsulluq girdabına salıb, iqtisadi inkişafdan, korrupsiya cinayətlərinin çempionu olub, “rüşvət yolverilməzdir” deyən adam? Doğru bildiniz, o adam İlham Əliyevdir və deyəsən,illərdir nağıl danışa-danışa özü də öz yalanlarına inanmağa başlayıb.
Biz bu il də işimizi eyni tempdə və istiqamətdə davam etdirəcəyik. Ciddi, sarkastik, yumoristik yazılarla ölkədəki bütün yalançıları və antimilliləri ifşa etməkdə israrlı olacağıq. Azərbaycana hüquq, ədalət, demokratiya gələnə qədər fəaliyyət istiqamətimiz dəyişməyəcək. Hakimiyyətdə kimlərin olmasına baxmayaraq, xalqın sözünü deyəcəyik. Bənzər rubrikalarımızda da bu tənqidçilik ruhunu saxlayacağıq. Rubrikamızın hədəfləri də bənzər fiqurlar olacaq. Tənqid hədəfinə tuş gəlib, elin dilinə düşmək istəməyənlər özlərinə çəki-düzən versinlər. Bizim heç kimlə qərəzimiz yox. Yeganə məramımız Azərbaycanda hüququn aliliyinə əsaslanan, qanuni, demokratik bir sistemin bərqərar olmasıdır. O hədəfə gedən yolda əl-ayağa dolaşanlar bizdən mərhəmət gözləməsinlər.