İlham Əliyev qərbə dirsək göstərməkdə yanlış addım atdığının fərqindədir. Ən azı, ona görə ki, ailənin bütün varidatı bu ölkələrə yatırılıb. Son illər beynəlxalq jurnalist araşdırmaları nəticəsində dünyanın ən bahalı şəhərlərində Əliyevlərə məxsus çoxlu sayda mülklər, şirkət və obyektlər aşkarlanıb. Üç il əvvəl Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin araşdırması Əliyevin qızları Leyla və Arzunun Londonda 3 böyük malikanəsini ortaya çıxarmışdı. Özü də Londonun ən bahalı məhəllələrində. Aparılan araşdırmalardan aydın olmuşdu ki, həmin mülklərin üçünün birlikdə dəyəri 60 milyon dollardır. Ailə izi azdırmaq üçün bahalı mülkləri adıçəkilən adalarda qeydiyyatdan keçən ofşor şirkətləri vasitəsilə alıb. Həmin malikanələrdən biri İlham Əliyevin SOCAR-da vitse-prezident olduğu zaman alınıb, 25 milyon dollara. Bundan başqa onlar “Hyde Park”da yerləşən bir binanın 4-cü və 5-ci mərtəbələrini də tam şəkildə alıblar. Qeyd edilən mülklər, sadəcə, xüsusi əlaqələr vasitəsilə araşdırma aparan jurnalistlərin ortaya çıxardıqlarıdır. Gizli əmlaklarının sayını və dəyərini kimsə dəqiq bilməz.
Əslində, diktatorların bahalı mülk sahibi olmaq üçün Londonu seçməsi Britaniya mediasının çoxdan gündəmində olan məsələdir. Britaniya mətbuatı Londonun dəbdəbəli malikanələrinin korrupsiya ilə əldə olunmuş sərvət simvoluna çevrildiyini yazır. Deyilənə görə, diktatorların burada bahalı mülk alması sadə londonluların özünə ev almasını çətinləşdirib. Araşdırmalara görə, Birləşmiş Krallığın mülkiyyət bazarına hardasa 26 milyard dollar korrupsiya pulu yatırılıb. Amma Rusiyalı vəkil Sergey Maqnitskinin adını daşıyan məlum qanun artıq diktatorların və insan haqlarını pozanların Londonda və Britaniyada aldıqları mülklərin müsadirəsinə yol açır. 2017-ci ildə Britaniya millət vəkillərinin təşəbbüsü ilə hökumətin kriminal maliyyə haqqında qanununa əlavə təklifi Britaniyadan kənarda insan haqlarını tapdamış şəxslərin hədəfə alınmasını nəzərdə tutur. Britaniyanın Milli Cinayətkarlıq Agentliyinin təxminlərinə görə hər il 100 milyard funt sterlinq məbləğində şübhəli pullar Britaniyadan keçir. Bu şübhəli pulların içində Əliyevlər ailəsinin neçə milyardı olduğunu dəqiq bilmirik. Amma onu bilirik ki, öz ölkəsində insan haqlarını ayaqlar altına atan və dünyaya meydan oxuyan bu ailənin mülklərini müsadirə etməyin, onlara sanksiya tətbiq etməyin vaxtı çoxdan çatıb. Avropa həqiqətən öz dəyərlərinə hörmət edirsə, təcili Əliyevlərin Londondakı 60 milyon dollarlıq mülklərinə həbs qoyaraq onu cəzalandırmalıdır. Əks halda, bunların xəmiri hələ çox su aparacaq.
Biz ailənin Dubayda ümumi dəyəri təxminən 75 milyon dollar təşkil edən mülklərini, Rusiyada “Mayendof bağları”nda nəvə Heydərin adına alınmış 35 milyon dollarlıq qəsri, bacısı Leylanın bahalı mülkünü bir kənara qoyuruq. Çünki demokratiya ənənələrindən uzaq olan və bir çox məsələlərdə Əliyevlərin arxalandığı bu ölkələrin ona qarşı hər hansı cəza tədbiri görəcəyi ağlabatan deyil. Hansı ki, ortada böyük qanunsuzluq faktları var. Hər iki ölkədə nəvə Heydər Əliyev həmin mülklərə 9-10 yaşlarında sahib olub. Onun Rublyovo-Uspenski şosesində yerləşən həmin qəsri Dmitri Medvedyevin iqamətgahının qonşuluğunda yerləşir. Təxminən 10 km məsafədə Vladimir Putinin “Novo-Oqaryovo” rəsmi iqamətgahı və Baş nazir iqamətgahı “Qorki-9” yerləşir. Bu qəsəbədə bir neçə dəfə təkrar satılan mülklər Rusiyada və hətta dünyada ən bahalı evlər sayılır. Bu bahalı evləri Əliyevlər ailəsinin hansı pullar hesabına aldığını bilməyən yoxdur. Ortada böyük korrupsiya qalmaqalları var. 26 illik diktatura rejimin əlində əsir qalan Azərbaycan insanı isə dünyadan ədalət gözləyir. O ədalət yalnız Əliyevlər ailəsinə məxsus mülklərin müsadirə olunub xalqa qaytarıldığı zaman yerini tapacaq.