On doqquz ilin mahir saxtakarı gedir?
Mətbuatda yayılan xəbərlərə görə, hakimiyyətin kadr islahatları seçki komissiyalarını da əhatə edəcək. Yazılanlara inansaq, 19 ildir MSK-nın sədri olan Məzahir Pənahovun yaxın vaxtlarda istefa ərizəsini Milli Məclisə təqdim edəcəyi gözlənir. Xatırladaq ki, MSK-da hakim partiyanı təmsil edən Pənahov Azərbaycanda iki vəzifə tutan məmurlardan biridir. O, paralel olaraq Bakı Dövlət Universitetinin ümumi fizika kafedrasının müdiri vəzifəsini daşıyır. Onun istefasından sonra MSK-ya rəhbərliyin hazırda qurumun üzvü olan Hüseyn Paşayevə həvalə olunacağı ehtimal edilir. Məzahir Pənahov ölkənin ən böyük saxtakarı və yalançısıdır. Hər seçki prosesində sehrbaz İo Kio baba kimi qutudan diktatorun və onun əshabələrinin adını çıxarmaqda ustalaşıb. İndi ortaya belə xəbər atıblar ki, kadr islahatlarının başında dayanan Mehriban Əliyeva da onun başqası ilə əvəz olunmasını istəyir. Nə olsun? Dəfələrlə bəyan etdiyimiz ki, hakimiyyətin islahat adına etdiyi bu imitasiyalar heç nəyi dəyişmir axı. Məzahir gedir, Həsən və ya Hüseyn gəlir, amma sistem yerində qalır. Komissiyalar eyni tərkibdə və eyni şəkildə yuxarıdan gələn sifarişləri yerinə yetirməyə davam edir. 26 ildir seçki proseslərində eyni cinayətlər baş verir, insanların səsi oğurlanır, saxtalaşdırılır, qutudan sifariş olunan adamın adı çıxarılır və rejim beləcə ömrünü uzadıb gedir. Məzahir Pənahovun istefaya göndərilməsi seçki prosesinin mahiyyətini dəyişməyəcəksə, onu başqa bir Məzahirin əvəzləməsi nəyin islahatıdır ki?
Diktaturaya nökərlik edən səs oğrusunun mükafatı
Şübhəsiz, dünyada ən ağır cinayət bir xalqın səsini oğurlayıb, onun taleyi üzərində oyun qurmaqdır. Məzahir Pənahov kimi qeyri-insani diktatura rejimlərinə xidmət edən adamların yeri həbsxanadır. Qanun belə adamların cəzasını ən ağır şəkildə verməlidir ki, gələcək xələflərinə dərs olsun. Amma hələ bütün qanunları həmin rejim diktə etdiyinə görə, Pənahov kimilər üçün qorxu yoxdur. Üstəlik, 19 illik fəaliyyəti dövründə etdiyi saxtakarlıqlara görə hakimiyyətdən yetərli payını da alıb. Son maaş artımı ilə adamın maaşı 3060 manat olub. O eyni zamanda ölkənin biznesmen məmurlarından sayılır. Zaman-zaman mətbuatda da onun bahalı obyektləri, mülkləri, bağ evləri haqqında dəfələrlə yazılıb. Həmin mənbələrin məlumatına görə, Pənahovun 9-cu mikrorayonda 5 otaqlı bir evi, Novxanıda bir bağ evi , Nizami metrosu yaxınlığındakı hündürmərtəbəli binaların birində 5 otaqlı bir evi, Teleqüllənin yanında, Səbail rayonu, Abbasqulu Abbaszadə 2 küçəsində 4 mərtəbəli, hər tərəfi şüşə ilə bəzədilmiş villası, qızının İnqilab küçəsində bir evi, Hafiz Paşayevin bağı ilə üzbəüz Zağulbada bağ evi, Nərimanovda, Montin parkı yaxınlığında bir evi, Ceyhun Hacıbəyli küçəsi ilə Həsən Əliyev küçəsinin birləşməsində yerləşən başqa bir möhtəşəm villası var. Hələ bu qədər mülkə sahib olan M. Pənahov dövlət bağlarından da yararlanıb, oradan da ev əldə edib. Komissiya sədrinin ara-sıra mətbuata mövzu olan “La Villa” adlı restoranı da var. Jurnalist araşdırmalarına görə, hər seçki zamanı bütün ləvazimatlar Çindən gətirilib, Bakı gömrüyündə rəsmiləşdirilir və bununla böyük pullar dövlət büdcəsindən silinərək, Məzahir Pənahovun büdcəsinə gedir.
Hakimiyyətə kök atmış cinayətkar Pənahovlar
M. Pənahovun övladları Məhəmməd və Araz da lüks həyatı sevir və bahalı avtomobilləri ilə məşhurdurlar. Oğlu Məhəmməd vaxtaşırı mətbuatın gündəminə düşən şəxslərdən biridir. Bir ara onun evində keçirdiyi kef məclislərinin səs- küyündən bezən qonşusu vitse-spiker Ziyafət Əsgərov Məzahir Pənahova oğlundan şikayət etmişdi. Yazılanlara görə, M. Pənahovun kiçik oğlu Araz da lüks həyat düşkünüdür, həftəlik əyləncələrinə 10.000 dollar xərcləyir. Araz Pənahov əvvəl MTN-də işləyib, 2013-cü ildə isə öz istəyi ilə işdən çıxarıldığı məlum olub. Əslində isə, onun işdən qovulduğu deyilir. Məzahir Pənahovun MTN hadisələrində ən çox dinlənilən şəxslərdən biri olması da, diqqət çəkən məqamdır. Pənahovlar 7 qardaşdır və onların da bir çoxu hakimiyyətdən lazımi qədər payını alıb. Onun bir qardaşı Yevlaxın prokuroru olub və yerli əhalinin ən çox şikayətçi olduğu şəxslərdən sayılır. 2011-ci ildə Yevlaxın Nemətabad kəndində dəhşətli bir hadisə baş vermişdi. Çoban Mahir Kərimov otlaq sahəsində qətlə yetirilmişdi. Cinayətin üstünü açmaq istəyən prokuror E. Pənahov otlaq sahibi S. Novruzovu və onun 16 yaşlı oğlunu polisə çağırtdırıb dəhşətli işgəncələr verdirmiş, cinayəti onların üzərinə qoymaq istəmişdi. Mətbuatda qopan hay-küydən sonra, məsələyə baş prokuror qarışmış və əsl cinayətkar həbs olunmuşdu. Pənahovun digər qardaşı mərhum Mahir Pənahov Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi, sonra Milli Gəlirlər Departamentinin baş direktorunun müavini işləyib.
Tanınmış bloqqer Mehman Hüseynovun məhkəməsinə də sədrliyi Məzahir Pənahovun qardaşı oğlu Babək Pənahov edib. Məhkəməni ABŞ səfirliyi tərəfindən müşahidə edən də, M. Pənahovun digər qardaşı oğlu Hüseyn Pənahov olub. Qardaşlardan biri Tariyel Pənahovun ixtisası şərabçılıqdı. Elmlər doktoru olan Tariyel Pənahov Mehdiabad qəsəbəsində Şərabçılıq İnstitutunun direktor vəzifəsində çalışıb. Məlumatlara görə, o, ölkədə saxta konyak istehsalında ittiham edilən şəxslərdən biridir.
Təbii, Məzahir Pənahov bu rejimə böyük xidmət göstərib və sülaləsinin yaşadığı komfortu da o xidmət sayəsində qazanıb. Amma o xidmətlər böyük cinayət əməli üçün edilib. Məzahir Pənahov və onun kimilər bu əməllərinə görə mütləq qanun qarşısında cavab verəcəklər. Bir az gec olsa belə, cavab verəcəklər.