Əliyevlərin qanunsuz sifarişinə şahidlik edən yeni hüquq müdiri. Yeni kadr prezidentin nağıllarını davam etdirir
Diktator Əliyevlər cütlüyünün kadr islahatı ilə nəyinsə dəyişəcəyinə inananlar ya yanılır, ya da özlərini aldadırlar. Əmin edirik, onların son aylarda seçib vəzifələrə gətirdiyi cavan kadrların düşüncəsi onların totalitar düşüncələrindən heç nəylə fərqlənmir. Ötən yazımızda onlardan biri – PA-nın Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov haqqında danışmışdıq. Kərimovun son 4-5 ayda mətbuatda gedən fikirləri ilə tanış olsanız, Əliyevlərin nədən onu seçdiyinə bir daha əmin olacaqsınız. Vitse-prezident xanımın köməkçisi işlədiyi vaxtlarda o, mətbuata məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Prezident fərmanı haqqında fikirlərini belə açıqlayıb: “İxtisaslaşmış, hüquq cəmiyyətinin etimadını qazanmış və dərin biliklərə malik hakimlərdən ibarət məhkəmənin olması bu sahədə bir hüquqi tarazlıq gətirəcək…Fərmanda, eyni zamanda, süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu təmin etmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb.” Hüquq şöbəsi müdirinin “hakimlərin müstəqilliyinin təmin edilməsi” ilə bağlı fikirlərinə xüsusi diqqət çəkmək istərdik. Nədən? Çünki o özü də nağıl danışdığının fərqindədir. Məgər o, Əliyevlər cütlüyünün müstəqil məhkəmə sistemi yaradılmasına heç bir halda imkan verməyəcəyini bilmir? Bu fikirləri səsləndirən Kərimovun 4 dekabrda Konstitusiya Məhkəməsinin iclasında Milli Məclisin buraxılması ilə bağlı prezidentin sifarişinin necə saxtakarlıqla qanuniləşdirildiyinə şahidlik etdiyini görmədinizmi? Konstitusiya Məhkəməsi bu sifarişə xeyir-dua verməmişdən əvvəl, tanınmış hüquqşünaslar məsələnin qanunsuz sifariş olduğunu isbat etməmişdilərmi? Elə həmin iclasa şahidlik edənlərdən biri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də indiki şərtlərdə MM-nin buraxılması məsələsinin konstitusiyaya uyğun olmadığını bildirmişdi axı. Buyurun, bu da sizə yeni kadr! Qanundan, hüquqdan danışıb, hüququn anasını ağladan bu yeni kadrlarla ölkə hara gedəcək, görəsən? Şübhəsiz, bu rüsvayçı parlamentin buraxılması hamıdan çox bizi sevindirir… şou olmasa. Amma hansı qanuni əsasla və nə məqsədlə? Əsas problem budur.
Hakimiyyətin xaricdən diplom almış kadrları
Elə bilirsiniz 26 ildir hakimiyyət hərisliyi gözlərini örtmüş, ölkəni fəlakətə sürükləyən bu adamlar yeniləşmə üçün təyin ediblər onları yüksək vəzifələrə? Əliyevlər ölkədə hansı yeniliyə, hansı dəyişikliyə qapı açdığını eşitmisiniz? Heç eşitməyəcəksiniz də. Əliyevlər cızdıqları çərçivədən kənara çıxan adamları öz yanlarına almazlar. Siyasi mənsubiyyətlərinin olub-olmaması önəmli deyil, yeni kadrlar tipik bu hakimiyyətin adamlarıdır. Xaricdən yüksək təhsil diplomu almış adamları. Biləsiniz, son kadr islahatı şousunda siyahıya düşən şəxslər də bu kriteriyalar əsasında seçilib. Mötəbər mənbənin məlumatına görə, hakimiyyətin Əliyevaya ötürülmə planının qanunvericilik paketini hazırlamaq da yeni hüquq müdirinə həvalə edilib. Onu PA-da vitse-prezidentin “məxfi adamı” ləqəbi də boşuna verilməyib. Deyilənə görə, Mehriban Əliyeva Amerikada hüquq təhsili almış bu yeni kadra “monarxiya rejiminin” qanun bazasını hazırlamağı tapşırıb. Ailə hakimiyyəti onun peşəkar kimi işin öhdəsindən layiqincə gələcəyinə də əmindir. Kərimov köməkçi təyin olduğu son 2 ildə xanımın etimadını tam doğruldub. Elə onun PA-nın Qanunvericilik və hüquq siyasəti şöbəsinə müdir təyin edilməsi də məhz vitse-prezidentin təqdimatı ilə olub. Yəqin ki, onlar Kərimovun İndiana universitetində monarxiya rejimləri ilə bağlı aldığı dərin biliklərə tam güvənirlər. Azərbaycanda bunun gerçək nümunəsinin yaşandığını da nəzərə alsaq, Kərimovun təcrübəli biri olaraq, masaya mükəmməl qanunvericilik paketi qoyacağı şübhə doğurmur.
Onları öz qanunsuzluqlarına necə şərik edirlər?
G. Kərimov başqa bir çıxışında bildirir ki, Vəkillər Kollegiyası vəkillərə olan inamın və etimadın artırılması üçün böyük səy göstərir. “Son il yarım ərzində vəkillərin sayı 800 nəfərdən 1500-ə qədər artıb. Bu, çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yerləşən şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”. Ya G. Kərimov başqa dünyada yaşayır, ya da son 3 il ərzində peşəkar vəkillərin başına gətirilənləri görməzdən gəlir və 10-dan artıq ən ədalətli vəkilin qanunsuz şəkildə Kollegiyadan uzaqlaşdırıldığını xatırlamır. Dediyimiz kimi, bütün bunlar G. Kərimovun hüquq və qanunvericilik məsələlərini pis bilməsindən irəli gəlmir. Sadəcə, onlar Əliyevlər diktaturasının təyinatlı kadrlardır, cızılmış dairədən kənara çıxa bilməzlər. Onların vəzifə mükafatları da yalnız rejimə xidmət dərəcəsinə görə müəyyən olunur.