Dünən Milli Məclisin Quba-Qusar seçki dairəsindən seçilmiş yəhudi əsilli deputatı Yevda Abramov vəfat edib. Allah rəhmət eləsin. Uzun müddətdən bəri İsraildə xərçəng xəstəliyindən müalicə olunan 71 yaşlı deputat xəstəxanada dünyasını dəyişib. Yaxınlarının məlumatına görə, onun iki övladı İsraildə yaşayır. Abramov 2005-ci ildən bəri 3 dəfə ard-arda Milli Məclisin deputatı olub. Açığı, Azərbaycan cəmiyyətində parlament üzvləri ilə bağlı elə bir mənfi rəy formalaşıb ki, onların vəfat xəbərləri belə kimsəni maraqlandırmır. Bəs insanlar 14 il deputat kimi fəaliyyət göstərmiş Abramovu ölümündən sonra necə xatırlayacaq? Gəlin, onun parlamentdəki fəaliyyət xronikasına ötəri nəzər salaq.
Abramov son illərdə parlamentin ən normal danışan deputatlarından sayılıb. Abramov fəaliyyətinin ilk dönəmlərində ən fəal deputatlardan olub və bir sıra gündəm yaradan çıxışlar edib. Məsələn, onun qiymət artımı ilə bağlı MM-dəki çıxışı uzun müddət mətbuata gündəm olmuşdu: “Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailələrə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər… Xalq narazıdır, xalqı ayağa qaldırmaq lazım deyil”. Başqa bir çıxışı da qara bazarlarda valyuta satışı ilə bağlı olmuşdu: “Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradadır bu adamların maşınlarında bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda hər yerdə villaları var. 2017-ci il də çətin olacaq, məmurlar xalqa yaxın olmalıdırlar”. Görünür, sonralar bu çıxışlara görə ağsaqqalı möhkəmcə danladılar, ona “bir YAP-çı belə danışmaz” sözlərini xatırlatdılar ki, sonralar MM-də daha çox səssizliyini qorumağa başladı. Onu başa düşmək olar.
Jurnalist rəylərinə görə, o, parlamentin ən abırlı deputatlarından olub. Yaxın çevrəsinin fikirlərinə görə isə, o, üzvü olduğu parlamentin işindən həmişə narazı olub, tənqidlərini dilə gətirib və baş verən biabırçılıqlara dözmədiyinə görə xəstəlik tapıb. Doğrusunu desək, o, başqa YAP üzvləri kimi korrupsioner deputatlardan olmayıb, biznesi, bahalı obyektləri filan da yoxdur. Onun “xalqı ayağa qaldırmaq lazım deyil” fikirlərindən az sonra mətbuatda müxalifətin əleyhinə danışdırılması da təsadüf deyildi. “Onlarınkı mitinq deyil. Onlar xalqa göstərirlər ki, biz ölməmişik, qəbirə hələ tam qoyulmamışıq, hələ bir az canımız var və özümüz üçün yavaş-yavaş gəzirik. Həmin mitinqlərə gələn adamlar 5-10 manata bayrağı, plakatı tutan adamlardır. Onların mitinqi elə mənim yaşadığım evin qabağında keçirilir. Pəncərədən baxıram. Mitinq 50 və ya 100 min nəfərlik olar. Bir saat orada fırlanırlar, siqaret çəkirlər, laqqırtı vururlar, qeybət edib, gedirlər. Bununla da mitinq qurtarır. O mitinqlərdən iqtidarın tükü belə, tərpənməyəcək. İqtidarın bir nəfərində olan ağıl, düşüncə, intellekt o mitinqdə iştirak edən 100 adamda yoxdur.” Başqa bir çıxışında isə Abramov hakim ailəni bu şəkildə tərif etmişdi: ”
Necə Azərbaycanda müxalifət qorxur, Avropadakı qurumlar, ABŞ Dövlət Departamenti də İlham Əliyevin uğurlarına çox paxıllıq edirlər. Mən YAP-ın qurultayında dedim ki, cənab prezident, sizin atanıza yalnız Siyasi Büroda paxıllıq edirdilər, Moskvadan o yana çıxmırdı. Ancaq sizə dünyanın əksər ölkələrinin rəhbərləri, bir çox beynəlxalq təşkilatlar paxıllıq edir. Avropalılar nəinki İlham Əliyevdən, hələ onun balasından da qorxurlar. İlham Əliyevin qızından qorxurlar. Onlar bizim birinci lediyə həsəd aparırlar.”
Belə. Biz bu Parlamentin hansı yaxşı işləri ilə yadda qaldığını xatırlatmaq istədik. Buraxılmış Parlamentin fəaliyyətinə qiymət vermək qalır xalqın öz ixtiyarına.