Parlament buraxıldı, amma deputatlar deyir ki, köhnələr heç yerə getmir
Növbədənkənar parlament şousunun günü rəsmən elan olundu – 9 fevral. Oyun məlum ssenari üzrə gedir. Yeni olan heç bir şey yox. Parlament guyə “buraxıldı” və hər kəs bu tələm-tələsik qərarın hakimiyyətin Mehriban Əliyevaya ötürülməsi planına hesablandığını bilir. Xanım Əliyeva öz adamlarını parlamentə yerləşdirib kürsüyə gedən yolunu təmizləmək istəyir və köhnə deputatlardan pul yığmaq istəyir. Amma deyəsən məsələ onun düşündüyü qədər asan da deyil. Deputatların dediyinə görə, köhnə komandanı təmsil edən deputatlar xoşluqla getmək fikrində deyillər və ehtimal ki, onların çoxu elə yerindəcə qalacaq. Mandat bazarlığı başlanıb, amma siyahıda yenə böyük çoxluğu köhnələr təşkil edəcək. Qiymətlər parlamentin çayxanasında müzakirə olunur. Parlamentə mandatların qiymətinin 1 milyondan başladığını nəzərə alsaq, bu böyük məbləği ödəyəcək adamların çoxu da elə illərdir köhnə qvardiyada yığıb özünü tutanlardır. Deyilənlərə görə, siyahılar böyük tələskənliklə hazırlanır, millətin gözünü boyamaq üçün araya 5-10 nəfər yeni adlar da salınıb. Əliyevlər cütlüyü irəlidə özlərinə sədaqətli adamlardan ibarət bir məclis görmək istəyir. Amma bu keçidi köhnə qvardiyanı narazı salmaqla, hakimiyyətin bir az da laxlaması hesabına etməyin qorxulu olduğunu da anlayırlar. Parlament dəhlizlərindən gələn xəbərlərə görə, əvvəlki deputatların xeyli hissəsi mandat xeyir-dualarını alıblar və seçki ilə bağlı bir narahatlıqları da yox. Seçkinin onlar özləri də vitse-diktatorun yenilikçi imicinə hesablanmış bir islahat şousu olduğunu anlayırlar və dediklərinə görə, parlamenti asanlıqla Paşayevlər klanına təslim etmək niyyətində də deyillər.
Artan narazılığı nə qədər önləyə biləcəklər?
Əvvəl qeyd etdiyimiz kimi, Əliyevlər parlamentin buraxılması qərarını xoş günündən verməyib. Əgər buna “parlamenti buraxmaq” demək olarsa…Bu qərar həm də ölkədə görünməmiş həddə çatan narazılığın qarşısını almaq üçün verilib. Deputat Qüdrət Həsənquliyev bunu TV-də açıq şəkildə bəyan etdi ki, parlamentin buraxılmasında 19 oktyabr aksiyasının və AXCP sədri Əli Kərimlinin müstəsna xidməti olub. Ölkədə durumun nə qədər gərgin olduğunu hər kəs anlayır. Klanlararası savaş son mərhələyə çatıb və illərdir ölkəni fəlakət girdabına sürükləyən parlament də çirkab içindədir. Görünür, parlamenti buraxmaq həm də artan narazılığı sakitləşdirmək və bunu xanım Əliyevanın islahat imitasiyası kimi qələmə vermək məqsədinə xidmət edir. Əlbəttə ki, iki aydan sonra keçiriləcəyi nəzərdə tutulan yeni seçki heç nəyi dəyişməyəcək. İndiki tərkibə edilən kosmetik dəyişikliklər heç bir halda böhranın qarşısını ala bilməz. Çünki 26 illik Əliyevlər rejimi ölkənin bütün hüquqi strukturlarını dağıdıb, sıradan çıxarıb. Azərbaycanı bu durumdan yalnız köklü dəyişikliklər qurtara bilər. Ölkə yalnız həbsxanada olmalı adamların hakimiyyət kürsülərindən kənarlaşdırılması sayəsində rahatlıq tapa bilər. Əslində, hakimiyyət qarşıdan gələn parlament seçkilərini bir fürsətə çevirib gerçək islahatlar həyata keçirə də bilərdi. Amma o, bunu istəmir. Anlayır ki, qanun çərçivəsində bircə addım atılsa, on minlər bir gündə küçələrə axışıb onların istefasını tələb edəcək.
Naxçıvan klanı Əliyevanın hədəfində
Əliyevlər harasa tələsir. Nədən tələsdikləri ilə bağlı çoxlu arqumentlər gətirmək olar. Amma fakt odur ki, onlar ölkədə gündən günə pisləşən sosial durumu görür və qorxurlar. Əvvəl prezident seçkilərini, ardınca parlament seçkilərini irəli çəkib, qışın ortasına növbədənkənar seçki salmaq da boşuna deyil. İllərdir hakimiyyət daxilində gedən gizli didişmələr kulminasiya nöqtəsinə çatıb və birinci ledi növbədənkənar parlament seçkilərindən bacardığı qədər yararlanıb, təmizləmə işlərini növbəti mərhələyə keçirmək istəyir. O belə gərgin bir vaxtda çevrəsində tam sağlam adamlar görmək istəyir. O üzdən, seçkiyə həm də Naxçıvan klanını sıxışdırıb, hakimiyyətə öz adamlarını yerləşdirmək üçün bir fürsət kimi baxır. Naxçıvan klanını sıradan çıxarmaq planı Mehriban Əliyevanın çoxdankı istəyidir. Klanın başında dayanan boz kardinalı PA administrasiyasının başından uzaqlaşdırmaqla bu yolda böyük xeyli məsafə də qət etmiş sayılır. Şübhəsiz, onun Naxçıvan klanını sıradan çıxarmaq planı seçkilərdən sonra daha sürətlə davam edəcək. Sırada vurulacaq xeyli önəmli fiqurlar var, amma o fiqurlar Parlamentdən deyil, gözləyin… Prezidentliyə iddialı Əliyeva bunu bacaracaqmı? O günü görməyə də lap az qalır.