Hakimiyyətin siyasi oyunları davam edir. Parlament buraxıldı və bunu xalqa islahat kimi sırımaq istəyirlər, lakin biz artıq qeyd etmişdik ki, Parlamentin özündə deyirlər ki, bu bir şoudur. Köhnə deputatlar artın Birinci Lediyə lazımi mebləği də çatdırıblar. Eyni zamanda, Əliyevlər də durumun gərgin olduğunu anlayır və çevrəsinə daha etibarlı adamlar yığmaq üçün çapalayır. Lakin köhnə sistemin dəyişməsindən söhbət gedə bilməz. Prezident Administrasiyasının tərkibi tamamilə yenilənsə də, köhnə parlament buraxılsa da, vitse-prezident ətrafındakı 4-5 cavan kadrı irəli çəksə də, rejim yerindədir. Hakimiyyətin içindəki klan müharibəsi də səngiməyib. Etibarlı mənbələrin məlumatına görə, boz kardinalın PA rəhbərliyindən uzaqlaşdırılması hələ savaşın bitməsi demək deyil. Böyük çoxluğu Naxçıvan klanını təmsil edən köhnə qvardiya üzvləri xoşluqla meydanı Paşayevlərə buraxıb getmək istəmir və masadakı “islahat” planına mane ola bilər. Mehriban Əliyevanın əsas gorxusu budur. O üzdən, köhnə komanda üzvlərinin Naxçivan klanının böyük tərkibi həbs olunacağı ehtimal edilir və Naxçıvan klanından olan kadrların sıradan çıxarılması davam edəcək. Mehriban Əliyeva yaxın gələcək üçün etibarlı monolit komanda formalaşdırmağa can atır və ən kilid nazirliklərin başında da öz adamını görmək istəyir. Bir az əvvəl yazdığımız kimi, şahmat damasındakı fiqurlar aradan çıxdıqca növbəti hədəfin Vilayət Eyvazov olduğu aydın görünməyə başlayır. Son bir il ərzində baş verən hər şey hakimiyyət yolunun Mehriban Əliyeva üçün təmizləndiyini sübuta yetirir. Bu şərtlərdə DİN kimi ən önəmli nazirliyin başında Mehdiyevin adamının qalmasına etibar edərlərmi? Eyvazovun yerinə deputat Adil Əliyevin gətirilməsi gözlənilir, amma planın baş tutub-tutmayacağı işlərin gedişindən asılı olacaq. Bir sözlə, Əliyevlər həmin posta elə birini təyin etmək niyyətindədirlər ki, məlum klanla heç bir bağlılığı olmasın. Üstəlik, aralarında köhnədən ədavət və intriqa varsa, işin daha çox xeyrinə olar.
Bildiyiniz kimi, dünən növbədənkənar seçki şousunun vaxtı da rəsmiləşdi. Ona görə hələlik ictimaiyyəti siyahıdan kimlərin çıxacağı maraqlandırır. Şübhəsiz, Əliyevlər özlərinə yaxın adamları vacib postlara yerləşdirməklə arxalarını gücləndirmək istəyirlər, ancaq köhnə komanda üzvləri də asanlıqla təslim olmaq istəmir. Belə görünür ki, Əliyevlər zor-xoş indiki parlamenti böyük tərkibdə saxlamaq məcburiyyətində qalacaq. Amma Naxçıvan klanını təmsil edən bir neçə önəmli kadrın istefaya göndərilməsi ilə bağlı qərar qətidir. Həmin şəxslər sırasında Vilayət Eyvazov birincilərdəndir. Eyvazovun qərara qarşı çıxacağı da ehtimal edilmir, onu susdurmaq üçün əldə nə çox bəhanə. Nazirin indiyədək törətdiyi cinayət dosyesi xeyli qalındır, ömürlük həbsə bəs edəcək qədər qalın. Lakin Əliyev cütlüyü məsələni xoşluqla, tam ağrısız şəkildə həll etmək istəyir. Böyük ehtimalla, ağsaqqalı Mehdiyev kimi onun da könlünü “hörmət-izzətlə” alıb, sakit bir yerə göndərəcəklər ki, özü üçün yaşasın. Şərtlər də masaya elə qoyulacaq ki, Eyvazov böyük oyundan xətasız-bəlasız qurtulduğuna şükür etsin. Çünki seçkilərdən sonra Naxçıvan klanından bir neçə nəfərin həbs olunması ilə bağlı qərarın olduğu da gələn xəbərlər arasındadır.
Ölkənin siyasi mənzərəsi, həqiqətən, çox acınacaqlıdır. Bəlkə də, Azərbaycan öz tarixinin ən dolaşıq mərhələlərindən birini yaşayır. Ailə hakimiyyəti öz maraqlarını qoruyub saxlamaq naminə ölkənin maraqlarını necə gəldi tapdayır. Son iki ilin içində iki mühüm seçkinin vaxtını irəli çəkib, qışın ortasında tələm-tələsi seçki keçirmək, konstitusiyanı dəyişmək, sərbəst toplaşmaq azadlığını qadağan edib, hakimiyyəti ailənin növbəti üzvünə ötürmək planı qurmaq hansı dövlətçilik əxlaqına sığır? Ölkədə narazılığın tüğyan etdiyi bir məqamda parlamenti buraxmaq adıyla düzənlənən şou nəyə xidmət edir? Yeni məclisin 80-90%-i köhnə komandanın turşumuş üzlərindən ibarət olacaqsa, nəyə lazım idi bu oyuna böyük milyonlar xərcləmək? Əlqərəz, böyük oyunların içindəyik. Klanlararası savaş da hələ davam edəcək. Hər halda, Naxçıvan klanına tamamilə sıradan çıxarmaq planı da ağrısız keçməyəcək. Görünən odur ki, Əliyevlər cütlüyü bu gedişdə də Rusiyadakı dostlarına arxalanır. İndiyədək Rusiyanın xeyir-duası ilə aparılan “islahatlar”dan da Azərbaycana bir qara qəpiklik xeyir dəyməyib.