Rafiq Manaflı
“Milli Məclisin bu tərkibdə işləməsi mümkünsüzdür”. Bu MM-in səs verib özünü buraxma formulirovkasıdır. Bu qərarın lehinə 54 alim səs verib.
54 alim, o cümlədən 24 elmlər namizədi, 30 elmlər doktoru, 20 professor, 2 AMEA-nın müxbir üzvü, İsa Həbibbəyli və Hadı Rəcəbli daxil olmaqla 8 akademik “pıqq” eliyən kimi qorxudan əyilə-əyilə qaçıb “hə” düyməsini basıblar. Düzdür, onların əksəriyyəti o adları Milli Məclisin hesabına almışdılar. Bircə Zahid Oruc “tupoy” çıxdı, neçə illər AMEA Fizika institutunda külüng çaldı, allahın bircə namizədliyini müdafiə edə bilmədi.
Budur bizim ziyalılarımız. Budur bizim elmimizin vəziyyəti. Nə veriblər bu alimlər Azərbaycan elminə. Ümumiyyətlə, şəxsiyyəti, özünə hörməti olmayan kimsə yeni nəsə yarada bilərmi?
İlham Əliyevə deyəndə ki, orada bu qədər doktor, professor, akademik var, gülüb ki, “xox, qorxdum. Mən də aliməm də, siyasi elmlər doktoruyam, özüm də 5 universitetin fəxri professoru”. Xanımı da qayıdıb ki, “gözlərim aydın, ərim elmlər doktoru, özüm 2005-dən Fəlsəfə elmləri namizədi, üstəlik də 2012-dən Moskva Tibb Universitetinin fəxri professoru, nəslimdə də doktor, professor olmayan qalmayıb, nə olsun”.
Milli Məclis elə o tərkibdə heç kimə mane olmurdu, o qədər doktor, akademiki ilə hər kəsin qulu idi, öz səsləri ilə özlərini elə dişsiz quruma çevirmişdilər ki, heç ölkəyə də lazım deyildilər və bu dişsizliklə bundan sonra 100 il də lazım deyillər.
Bu, qanunla planlaşdırılan seçkilər ərəfəsi qaçılmaz olaraq ölkədə siyasi atmosferin qızmasının qarşısını almaq üçün təşkil edilmiş oğurluq seçki şousudur. Həm də fürsətdən yararlanıb İlham Əliyevin xanımının hakimiyyət iddialarını bir az da möhkəmləndirməyə xidmət edir.
Amma İlham Əliyev də, xanımı da bilsinlər – xalqın dəstəyi olmadan, onun aşıb-daşan nifrəti şəraitində saxta, oğurluq seçkilərlə, hakimiyyətə gələn xanım Puşkinin “Balıqçı və balıq nağılı” şeirindəki qarı kimi sınıq təknə ilə qalacaq.