6500 nəfər “həbs et” dedi! Lakin “şou”da həbslər nəzərdə tutulmur
Azərbaycanlı bloqqerlər spiker Oqtay Əsədova xalqın münasibətini öyrənmək məqsədilə sorğu keçirib. Sorğuda 6, 5 min nəfər iştirak edib. Sorğu yarı sarkastik, yarı ciddi idi. Sorğunun nəticəsinə görə, rəy bildirənlərin 69%-i onun həbs olunmasını istəyib. İnanın ki, bənzər sorğunu istənilən deputat haqqında aparsanız, ortaya eyni nəticə çıxacaq. Bəs necə olmalıdır ki?
Yəni xalq on illərdir parlamentdə oturub başına oyun gətirən adamların kimlər olduğunu görmür? İnsanlar on beş ildir parlamentdə kök salan Əsədovun arvadının Moskvadakı striptiz-barınının, ailə üzvlərinin mülkləri, ailə arasında uçuşan böyük milyonların hardan gəldiyini bilmirmir? Yaxud neft oliqarxı Rövnəq Abdullayevin 25 yaşlı Rəşad Abdullayevin İbiza çimərliyində oğurlatdığı 2 milyonluq saatı hansı pullarla aldığını anlamırmı? Nədən o parlamentdə bircə dəfə məsələ qaldıran tapılmadı ki, bu Rəşad hansı böyük qabiliyyətinə görə 17 yaşından SOCAR-da iş başına keçib? Gənc adamın eyş-işrətə, bahalı aksessuarlara, yaxtalara, səyahətlərə xərclədiyi pullar hardan gəlib? Qol saatlarına xərclədiyi 25 milyon babasındanmı qalıb? Hansı deputatın dosyesini qaldırsanız, altından çirkli işlər çıxmayacaq ortaya? Ümumiyyətlə, kim kimdən yaxşıdır guya o parlamentdə? İllərdir bir tavanın altında toplanıb yuxarıdan gələn mürtəce əmrlərə birlikdə “hə” demədilərmi? Xalqın əleyhinə olan qərarları səs-səsə verib birlikdə parlamentdən keçirmədinizmi? Birlik olub, öz işlərinə gələn məsələləri bərabər hüquqi qüvvəyə mindirmədilərmi?
Əliyevlər parlamentin buraxılması qərarını xoş günündən verməyib. Bu qərar ölkədə görünməmiş həddə çatan narazılığın qarşısını almaq üçün, xanım Əliyevanın parlamentə öz “islahatçı” kadrlarını yerləşdirmək məqsədilə verilib. Bunu artıq ölkədə hər kəs, hakimiyyətdəkilərin özləri də yaxşı anlayır. Klanlararası savaşın son mərhələyə qədəm qoyduğunu da uşaqdan-böyüyə qədər hamı görür. İllərdir ölkəni fəlakət girdabına sürükləyən bu parlament çirkab içindədir və xalqın ordakı deputatları həbsxanada görmək istəyi də tam başadüşüləndir. Və əlbəttə ki, iki aydan sonra keçiriləcəyi nəzərdə tutulan yeni seçki də heç nəyi dəyişməyəcək. İndiki tərkibə edilən kosmetik dəyişikliklər də böhranın qarşısını ala bilməyəcək. Çünki bu sistem belə qurulub, növbədənkənar seçki qərarı açıqlanan kimi qurulan mandat bazarı da bunu bir daha təsdiqləyir. 26 illik Əliyevlər rejimi ölkənin bütün hüquqi strukturlarını dağıdıb, sıradan çıxarıb. Azərbaycanı bu durumdan yalnız köklü dəyişikliklər qurtara bilər. Ölkə yalnız həbsxanada olmalı adamların hakimiyyət kürsülərindən kənarlaşdırılması sayəsində rahatlıq tapa bilər. Əslində, hakimiyyət qarşıdan gələn parlament seçkilərini bir fürsətə çevirib gerçək islahatla həyata keçirə də bilərdi. Amma o, bunu istəmir, o, gerçək islahatlardan cin “bismillah”dan qorxan kimi qorxur. Anlayır ki, qanun çərçivəsində addım atılsa, on minlər bir gündə küçələrə axışıb onların istefasını və sonrakı mərhələdə həbsini tələb edəcək. Bunu Oqtay Əsədovla aparılan sorğunun nəticəsindən də görmək mümkündür. Ancaq heç kəs ədalət mühakiməsindən uzağa qaça bilməz. Bir gün mütləq o mühakimə qurulacaq. Xalqdan qaçsanız belə, ilahi ədalətdən qaça bilməyəcəksiniz.