Vitse-diktator xanımın bahalı lüks geyimlərə düşkün olduğunu bilirdik. Lüks təyyarə maraqlısı olduğunu da yeni öyrəndik, dünən AZAL-ın B777-200 (LR) təyyarəsini Bakıya gətirməyə hazırlaşdığı xəbərini oxuyanda. Məlumata görə, VIP hökumət nəqliyyatı üçün dizayn edilən təyyarədən “Boing” şirkəti indiyə qədər 59 ədəd istehsal edib. Təyyarənin alınması üçün AZAL nə az, nə çox, 346 milyon 900 min ABŞ dolları və ya 589 milyon 730 min manat ödəyib. Xəbəri paylaşan iqtisadçı alim Qubad İbadoğlu yazır ki, bu vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabər, 1 illik elm büdcəsindən 3 dəfədən, 1 illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur. Bu vəsaitlə hazırda kənd yerlərində yaşayan 0-17 yaşlı qız uşaqlarının hər birinə 1 il ərzində hər ay 95 manat 90 qəpik müavinət vermək olardı. Bu görməmiş və acgöz adamlar iki gündən bir bəyan edirlər k, uşaqpulu verməyə imkan yoxdur. Tibbi sığorta da verə bilmirlər, xalqın öldüsü-qaldısı veclərinə deyil. Ölkənin milyardları on illərdir ancaq bunların komfortuna, ailə büdcələrinə və hakimiyyətin ömrünü uzatmaq üçün lobbi xərclərinə gedir. Yanılmadınız, bu bahalı VİP B777-200 (LR) təyyarəsi də Azərbaycan prezidentinin və 1-ci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub.
Bu maraqlı məqama diqqət etdiniz yəqin ki – VIP hökumət nəqliyyatı üçün dizayn edilən təyyarədən “Boing” şirkəti indiyə qədər 59 ədəd istehsal edib. Dünyanın ən güclü iqtisadi imkanlarına malik olan Almaniyada belə, kansler Angela Merkelin belə bahalı təyyarəsi yoxdur. Onun dəfələrlə sıradan bir təyyarədə, adi insanların arasında səfərlərə uçduğunu da özünüz görmüsünüz. Bu, dünya siyasətinə böyük təsir gücü olan, 2004-2017-ci illər aralığında 12 dəfə “dünyanın ən nüfuzlu qadını” tituluna layiq görülən, 2006- 2007-ci illərdə dünyanın 100 ən nüfuzlu şəxsi siyahısında yer alan, 2015-ci ildə ilin adamı seçilən həmin Angela Merkeldir. Onun Mehriban Əliyeva ilə müqayisə olunacaq heç bir tərəfi yox, moda, geyim, lüks, plastik əməliyyat xəstəsi deyil. Ölkə büdcəsindən qəpiyin də israfa getməsinə yol verməz. Özünü də ölkə vətəndaşlarından ayırıb, dağın başına qoymaz, bazarlığını belə özü edər. Diktator prezidentin xanımı Əliyeva olsa-olsa, Qatar kraliçası ilə bəhsə girə bilər. Görməmişlikdə yalnız ikisinin çəkisi tən gələr. Ölkəsini və xalqını düşünən dövlət adamı bu qədər pulu əlavə bir təyyarəyə niyə xərcləsin ki? Onsuz da hazırda prezidentin istifadə etdiyi təyyarə də təptəzədir və o qədər ucuz qiymətə də alınmayıb. Qanunlara əməl edilən bir ölkədə belə israfçılığagörə həmin təyyarə şirkətinin prezidentini istefaya göndərərdilər. Amma görünür, o, bu işləri özbaşına görmür, yuxarıdan gələn əmrləri icra edir, sadəcə.
Baxın, bir ölkədə insanlar öz haqqına sahib çıxmayanda nələr baş verir? Ölkə büdcəsinin 4 faizi dəyərində təyyarəni alıb verirlər ərköyün birinci ledinin ixtiyarına, həm də ölkənin maddi baxımdan sıxıntılı bir vaxtında. Həm də ölkədə minlərlə kasıb ailəyə uşaqpulu, yaşlılara, əlillərə təqaüd, ölkə vətəndaşına tibbi sığorta pulu tapılmadığı vaxtda. Günah kimdədir, 26 ildir ölkə insanının qanını soran hakimiyyətdə, yoxsa öz haqqına sahib çıxmayan vətəndaşlarda? Birinci köklü problemi anladıq. Komfortuna düşkün Əliyevlər rejimi xalqı saya salmır və hər kəsi özlərinə borclu bilir. Bəs bu həqarəti və aşağılanmağı özünə rəva görən insanlarımızı necə başa düşək? Ayağa qalxıb bu həddini aşmış, harınlamış, acgöz sülaləyə “dur” deməyin zamanı deyilmi?