Klanlararası savaşın yeni mərhələsi
Hakimiyyət daxilində nələr baş verir? Bu kadr islahatları şousu, köhnə qvardiyanın bir-bir istefaya göndərilməsi, hökumətdəki yerdəyişmələr nəyin işarətidir? Bəli, kənardan açıq görünür ki, daxildə bir çaxnaşma var və bu çaşqınlıq də onun nəticəsidir. Həm də, deyəsən budəfəki çaxnaşma adı çaxnaşma deyil, klanlararası mübarizənin pik mərhələsidir. Əliyev cütlüyü təlaşdadır, tələm-tələsik ətrafını şübhəli adamlardan təmizləməyə çalışır. İki klanlı sistemdən bir klan sisteminə keçməyin zamanı gəlib, vaxt itkisinə yol vermək olmaz. Ölkədə gündən günə pisləşən sosial durum onların əleyhinə işləyir. Xalqın versiyası belədir ki, Prezident və Vitse-Prezident biyabırçı Striptiz Məclisi reformasiya etmək istəyirlər, lakin reallıq başqa ola bilər. Milli Məclisdə bizə başqa şey deyirlər. Dedilər ki, Diktator və yoldaşı Parlamentə hirsli deyirlər, sadəcə Mehriban xanımın seçkisinə hazırlaşırlar… Üstəlik də, Parlamentin rəhbərliyi bəzi deputatlardan pul yığır ki, Parlamentə seçdirsin. Eyni zamanda, Parlamentdə deyiblər ki, əvvəl prezident seçkilərini, ardınca parlament seçkilərini irəli çəkib, qışın ortasına növbədənkənar seçki salmaq da boşuna deyil.
Deputatların sözlərinə görə, “İllərdir hakimiyyət daxilində gedən gizli didişmələr kulminasiya nöqtəsinə çatır və birinci ledi qarşısında əngəl olanları sıradan çıxarıb, prezident kürsüsünə doğru irəliləyir. Cütlüyün Rusiyaya sığınıb, Putindən xeyir-dua alması da bu daxili savaşı ağrısız başa çatdırmaq planına hesablanmışdı. Vitse-prezidentin Kreml səfərindən sonra parlamentin buraxılması qərarının açıqlanması da təsadüf deyil. Əliyevlər bu mərhələdə Putinlə sövdələşib baş verə biləcək hər hansı qarşıdurmadan özlərini sığortalayıblar. Bunun ölkəyə nəyin bahasına başa gəldiyini dəqiq deyə bilmərik, amma Naxçıvan klanına baha başa gələcəyi açıq-aydın ortada. Klanın başında gələn boz kardinalın PA-nın rəhbərliyindən uzaqlaşdırılması məlum əməliyyatın başlanğıcı idi. Əsl təmizlənmə hələ bundan sonra olacaq…”
Naxçıvan qvardiyasını Paşayevlərin kadrları əvəz edəcək
Növbədənkənar parlament seçkiləri planlaşdırılan təmizlənmə işlərinin növbəti mərhələsi olacaq. Yəni Prezident deputatlara hirsli deyil. Məqsəd başqadır. Bu seçki Paşayevlərin Naxçıvan klanını sıxışdırıb, parlamentə öz adamlarını yerləşdirməsi üçün bir fürsətdir. Naxçıvan klanını sıradan çıxarmaq planı da birbaşa Mehriban Əliyevanın istəyidir. Birdən elə bilərsiniz, onun məqsədi həqiqətən hakimiyyət daxilində kök salmış qoca qurdları kənarlaşdırıb, Striptiz deputatları yeniləşdirmək planıdır? Əsla. Xanımın niyyəti başqadır. O, nəyin bahasına olursa-olsun, hakimiyyəti ərindən təhvil almaq istəyir və bu arzusuna gedən yolda qoca kötüklərin kənara itələnməsinə ehtiyac var. Bəllidir ki, məlum klan, Heydər Əliyevə loyal idi və Mehriban Əliyevaya loyal deyil və İlham Əliyevdən sonra o posta öz aralarından birini təyin etməyi planlaşdırırdı. Amma hiyləgər xanım Əliyeva o planı pozmağı bacardı, diktatorun qılığına girib özünü vitse-prezident seçdirdi və prezident kürsüsünə gedən yolda bir az da irəlilədi. Onun plan üzrə ilk işi boz kardinalı aparatdan uzaqlaşdırıb kənara atmaq və ona yaxın adamları administrasiyadan süpürmək idi ki, onu da bacardı. Qalır parlament seçkilərini xətasız-bəlasız başa vurub, öz siyahısında olan adamları ora yerləşdirmək. Ordakı adamlar da uğurla yerbəyer edildikdən sonra, sıra gələcək Naxçıvan klanını təmsil edən başqa akulalara. Deyilənə görə, bu sırada Vilayət Eyvazovdan tutmuş, Vasif Talıbova, Zakir Həsənova, Rövnəq Abdullayevə, Kəmaləddin Heydərova, Bəylər Əyyubova qədər bir çoxlarının adları var. Diktator edə bilmədiyi işi, Mehriban Əliyeva edir.
Köhnə sistemin yeni klanı ilə yola davam!
Mehriban Əliyeva mələk deyil və onun Naxçıvan klanını sıradan çıxarmaq planı heç nəyi dəyişməyəcək. Yeni gələnlər də eyni sistemin davamçıları olaraq, bənzər şəkildə yola davam edəcəklər. Üstəlik, bu didişmələr təkcə hakimiyyət daxilindəki tərəflərə təhlükə törətsəydi, nə vardı ki? Dərd budur ki, bu boğuşma həm də ölkənin maraqlarını böyük risk altına qoymuş olur. Qarşıda üz-üzə dayanmış, hakimiyyət üçün gözünü qan örtmüş iki qrup var. Hər iki tərəf hakimiyyəti öz əlində saxlamaq və illərdir yığdıqlarını təminat altına almaq üçün çırpınır. Qorxulu qarşılaşmadır və Əliyevlər cütlüyü Putindən xeyir-duanı ona görə satın aldı ki, təhlükəli məqamda arxaları sağlam olsun. Əslində, burdakı ən təhlükəli faktor elə Rusiyanın araya girməsidir. Çünki ölkə üçün gözlənən ən real təhlükə ordan gələ bilər. Amma belə görünür ki, diktator ər-arvadın ölkənin və xalqın maraqları vecinə deyil. Əliyevlər önə çıxan bütün əngəlləri hirslə sıradan çıxarıb əbədi hakimiyyət qurmaq istiqamətində irəli getmək iddiasındadırlar. Onların qarşısını kəsən real güc yalnız xalq ola bilər. Xalqın meydanlara çıxmaq zamanıdır!