Bu gün Milli Məclisin deputatları ilk dəfə iclas salonuna qurbanlıq quzu kimi toplanmışdılar. Kədərli-kədərli salona toplanıb hakimiyyətə son borclarını verdilər. Parlamentin buraxılması və növbədənkənar parlament seçkisinin təyin edilməsi üçün prezidentə müraciət etdilər. Qərar layihəsi 99 nəfər lehinə, 1 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla qəbul edildi. Bir nəfər qoçaq da kimdisə, səsvermədə iştirak etmədi.Bir nəfər narazı isə hovuzda 20 dəfə dövrə vuran qocaman deputat Arif Rəhimzadə olub. Bax, təyinatlı deputat olmağın qaydası bu. Avtomat kukla kimi, havanı nəyə qursalar, onu oynamalısan. Oyunu pozmaq, havanı dəyişmək kimin həddinə? Bəli, parlament buraxılır və ehtimallara görə hakimiyyət fevralın 2-də növbədənkənar seçki keçirməyi planlaşdırır. Lakin, rəsmi versiya budur ki, Parlamenti Spiker Əsədovun Moskvadaki “Striptiz” skandalına görə buraxırlar, lakin deputatlar deyir ki, əslinə qalsa ölkə Mehriban Əliyevanın seçkisinə hazırlaşır…
Daha doğrusu, xanım Əliyeva tələm-tələsik öz adamlarını parlamentə yerləşdirib hesabı qapatmaq istəyir. Məclisin çayxanasında artıq haqq-hesab söhbətləri başlayıb. Amma məsələ bununla da bitmir. İsrafçı ər-arvad ölkəni müflisləşdirib qoyublar yanı üstə və bundan sonrakı işlərə də xeyli pul lazım. Yəni bu gündən köhnə deputatların yeri üçün mandat bazarı açıq elan olunur. Yoxsa qışın bu oğlan çağında xəstədilər, dəlidilər, nədilər, yeni parlament seçkisi keçirmək fikrinə düşsünlər?
Deyilənə görə, artıq bazarlıq başlanıb. Kimin 1 milyonu varsa, namizədliyini siyahıya yazdıra bilər. Bu hələ minimum qiymətdir, tam təminat üçün məbləğin üstünə bir az da qoymaq lazım. Doğrudur, sabiq deputat Gülər Əhmədova boz kardinalın sirrini açanda hesabın bir milyon olduğunu təsdiqləmişdi. Amma o vaxtdan bəri ölkədə iki dəfə devalvasiya olub, manatın qiyməti 2 dəfə ölüb. Bundan başqa, mandatını borc üçün girov qoyan Rafael Cəbrayılovun təcrübəsi də var axı ortada. Mandat ona Gülər xanım dediyi qiymətin üçqatına baha başa gəlmişdi. Adam deputat seçilmək üçün 3 milyona yaxın xərc tökmüşü, sonda da parlamentdən bir ətək borc ilə rüsvayçılıqla çıxıb getdi. Daha parlamentdəki vəzifələrin qara bazar qiymətləri 250 min-50 min AZN arasında dəyişdiyinə görə, mandatın 2-3 milyona başa gəldiyinə də inanmaq olar. Məsələn, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, o cümlədən Vətəndaşların qəbulu və müraciətlərlə iş şöbəsinin sektor müdiri vəzifələri 250 min AZN-dirsə, deputat yeri niyə o qiymətə olmasın? Siyahıya adyazma başlanıb, şübhəsiz, millətin gözünü boyamaq üçün araya 5-10 nəfər yeni adamın adı da salınacaq. Amma onlar da qara-qaş gözlərinə görə deyil, Əliyevlərə olan sədaqət prinsipinə görə seçiləcək. Xülasə, payız demişdik, amma deyəsən ölkədə qış ayları da çox isti keçəcək. İlham Əliyev öz müdrik texnokratları ilə düşünüb-daşınıb seçki vaxtını kiçik çilləyə salmayıb. Hakimiyyət daxilində vur-çatlasındır, kimi siyahı hazırlığında, kimi mandat pulu hazırlığında, kimi öz adamlarını siyahıya soxuşdurmaq hazırlığında. Bizə qalan isti paltarlarımızı hazırlayıb, etiraz aksiyalarına hazırlaşmaqdır. Ölkəni birdəfəlik bu viruslu deputatlardan təmizləmək zamanıdır.