İstefa ərizəmi həbsimdən 7 ay əvvəl vermişdim…
“Azadlıq” qəzeti mənim üçün mənəvi dayaq idi…
Keçmiş səhiyyə naziri və siyasi məhbus Əli İnsanovla müsahibəni çoxdan planlaşdırsaq da, bəzi obyektiv səbəblərdən bugünlərədək yubandı. Nəhayət, İnsanov bir az qabaq anonsunu verdiyi psrtiyasını elan edəndən sonra söhbətimiz baş tutdu. İlk sualımız da Haqq Ədalət Partiyasının yaranması və perspektivləri barədə oldu.
- Bugünlərdə Haqq Ədalət adlı partiya təsis etmək üçün Təşkilat Komitəsi yaratdığınız elan olundu. Açığı, öz partiyanızı yaradacağınız həbsdən çıxdığınız ilk günlərdən gözlənilirdi. Elə bil bir az gecikmiş kimi göründünüz. Çətinliklər nədəydi və bundan sonra partiya quruculuğu işi nə qədər rəvan gedə bilər?
- Öncə Qənimət Zahid başda olmaqla, “Azadlıq” qəzetinə minnətdarlığımı bildirmək istəyirəm. Çünki mən həbs olunduğum ilk gündən bu günə qədər mənimlə bağlı informasiyaları obyektiv şəkildə cəmiyyətə çatdırdınız. Uzun müddət həbsdə olan, işgəncələrə məruz qalan insan üçün belə yazılar çox böyük mənəvi dayaqdır. Mən MTN-də təkadamlıq kamerada, ölüm kamerasında, “karslar”da ağır işgəncələr altında olmuşam. O günlərdə “Azadlıq” qəzetinin hər cümləsi mənim üçün mənəvi dayaq idi. “Azadlıq” qəzeti həqiqəti yazırdı. Ona görə də uzun müddət həbsxana həyatı yaşamış bir insan olaraq, “Azadlıq” qəzetinin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. Düzdür, başqa yerli və xarici media orqanları da yazırdılar. Amma bu illər ərzində mənə “Azadlıq” qədər doğma qəzet olmadı.
O ki qaldı partiya yaratmağa, azadlığa çıxandan siyasi qurum yaratmaq fikrim var idi. Düşünürdüm ki, bütün müxalif düşərgə ilə birlikdə aqressiv rejimə qarşı mübarizə aparmalıyıq. Orada da bu haqda düşünürdüm. Azadlığa çıxandan sonra bu istiqamətdə fikirlərimi bir qədər də təkmilləşdirdim. Çoxsaylı adamlarla görüşdüm. Niyə tez-tələsik yaratmadım? İstədim ki, bu partiya öz yolu ilə seçilsin. Bir az fərqli mübarizə aparaq. Siyasətlə maraqlanan, məşğul olan, siyasətə gəlmək istəyən 100-ə yaxın adamla görüşdüm. Bunların bir qismi ilə fikirlərimiz üst-üstə düşmədi, bir qismi məni bəyənmədi, bir qismini mən bəyənmədim. Nəhayət, mənimlə olacaq insanlar biz bir-birimizi başa düşməliyik, fikrimiz, xəttimiz, gedəcəyimiz yol üst-üstə düşməlidir. Bu insanların üzərində dayandım. Əlbəttə, o insanlarla əvvəldən söhbət elədik. Görüşdük. Biz partiyanın Təşkilat Komitəsini yaratdıq. Güman edirəm, yaxın vaxtlarda partiyanın təsis konfransını keçirəcəyik.
Biz çox ağır şəraitdə işləyirik. Həbsxanadan çıxdığım gündən evim bütün sutka ərzində mühasirədə, nəzarətdədir. Bir neçə maşın evimin ətrafında keşik çəkir. Artıq bütün qonşular, məhəllədəkilər də onları tanıyır. Düzdür, adamları da, maşınların markalarını və nömrələrini də tez-tez dəyişirlər. Amma hamısını tanıyırlar. O qədər bizim qapıya yaxınlaşıblar ki, görməmək, tanımamaq mümkün deyil. Bildiyimə görə, yaxın evlərin birində xaricdən gətirdikləri avadanlığı quraşdırıblar, həyətimi də, evimi də dinləyirlər. Qarşıdakı evin üzərinə bir neçə kamera yerləşdiriblər, hərtərəfli müşahidə aparırlar. Mən belə bir şəraitdə fəaliyyət göstərirəm. Bu üzdən mənimlə birlikdə olmaq, eyni yolda addımlamaq istəyən insanların bir qismi çəkinir. Bura gəlib-gedən hər kəs izlənilir. Ya özü təhdid olunur, ya da araşdırırlar, yaxınlarını təhdid edirlər. Çox acı bir hadisəni deyim. Bir neçə gün əvvəl həbsdən çıxmış gənc siyasi məhbus Rüfət Səfərov mənim yanıma gəldi, görüşdük. Mən onu uşaqlıqdan tanıyıram, atasıyla münasibətimiz olub. Düzdür, bu gün əlaqəmiz yoxdur. Rüfət, sadəcə, mənimlə görüşdü, xatirə şəkli çəkdirdik, qısa söhbətimiz oldu. Nə mən onu siyasi partiyaya dəvət elədim, nə onun belə bir istəyi oldu. Adi bir görüş… Bundan sonra eşidirəm ki, onun özünə, ailəsinə ağır təhdidlər, çirkin ifadələr, anasını hədələmək… Bunlar adamı dəhşətə gətirir. Sübut edir ki, bu gün Azərbaycanı idarə edən siyasi rejim o qədər aqressiv, aciz və qəddardır ki, bunlarla mübarizə aparmaq çətindir, amma şərəf işidir.
Bu rejim ədalətə nifrət edir
- Təşkilat Komitəsinin iki üzvünün artıq uzaqlaşdığı bildirilir…
- Bəli, belə bir hal var. Biz Təşkilat Komitəsi olaraq, 15 nəfərdən ibarət olmaq qərarına gəldik. Bu 15 nəfərdən 3-ü xaricdədir. Onlar xaricdə təşkilatlanmaya, özəklərin yaranmasına çalışacaqlar. Dediyiniz iki nəfərdən biri Qarabağ qazisidir. Mən onu evində ziyarət etdim. Yağışlı, soyuq gündə onun gəlməsini məsləhət bilmədik və bir neçə nəfər gedib onunla evində söhbət elədik. Digər bir nəfər isə Milli Qəhrəmanınız Tahir Həsənovun anası Qalibə xanımdır. Çox alicənab xanımdır. Mən belə bir azərbaycanlı qadınla fəxr edirəm. Burada onunla söhbət eləmişik, Təşkilat Komitəsinə daxil olub. Gün kimi aydındır ki, Qalibə xanım hansı səbəbdən imtina elədi. Mən onun qərarına hörmətlə yanaşıram. Bu, onun günahı deyil. Zərrə qədər şübhəm yoxdur ki, ona təzyiqlər, qorxunc təhdidlər olub. Digər bir nəfər isə hüquqşünas, keçmiş məhkəmə sədri, ziyalı bir adamdır. Onunla da söhbət eləmişdik, razılaşmışdıq. Amma onun da imtina qərarını başa düşürəm. Heç birindən incimirəm. Hər ikisinə sayğım qalır. Belə bir azğınlaşmış rejimlə hər adam mübarizə apara bilməz. Bunu da demək istəyirəm ki, hakimiyyəti itirmək qorxusu İlham Əliyevi bir çox gözlənilməz, ağır nəticəsi olan addımlar atmağa vadar edə bilər. Hiss edirəm ki, bu gün iqtidar çox narahatdır. Vəziyyət onlara da bəllidir. Çox ciddi problemlər ortaya çıxır. Təkcə Malta məsələsi yəqin ki, iqtidara asan başa gəlməyəcək. Ona görə də iqtidarda canfəşanlıq var. Mənim cəmi beş dəqiqə Müsavat partiyasının qərargahında çıxış etməyim, ora getməyim nə qədər hay-küyə səbəb oldu. Təbii ki, iqtidarın trolları, yazarları var. Onlar özlərinə uyğun yazdılar, danışdılar. Amma bunların hamısı əbəsdir. Xalq 2005-ci ildə həbsə gedərkən qoyub getdiyim xalq deyil. Azərbaycanı idarə edən bugünkü siyasi rejim ədalətə nifrət edir. Biz isə ölkədə ədaləti bərpa eləmək istəyirik. Bizim mübarizəmiz ədalət, xalqın tapdanmış haqqının özünə qaytarılması uğrunda olacaq. Ona görə partiyamızın adı Haqq-Ədalət oldu. Bu bir sosial sifarişdir. Xalqın tapdanmış hüquqları özünə qaytarılacaq, ədalət bərqərar olacaq. Demirəm ki, bunu eləmək asandır və tezliklə buna nail olacağıq. Amma biz bu yoldayıq. Azərbaycanda bu gün belə qəddar siyasət yürüdən aqressiv rejimlə təkbaşına mübarizə aparmaq mümkün deyil. Müxalifətin birliyinə böyük ehtiyac var. Mən qarışıq, heç kim təkbaşına heç nəyə nail ola bilməz.
- Nəyi nəzərdə tutursunuz: eyni təşkilatın tərkibində mübarizəni, yoxsa müxtəlif təşkilatların müəyyən zaman kəsiyində eyni addımlamasını?
- Bir partiya, siyasi qurum çərçivəsində birləşməyi təklif etmirəm. Bizim sıx əməkdaşlığa ehtiyacımız var. Bu mənada birlik olmalıdır. Mitinqlərimizdə, piketlərimizdə, məruzələrimizdə, çıxışlarımızda…
Məni yox, apardığım mübarizəni tənqid edirlər
- Bəzi müxalifət liderlərini sizinlə birləşməyə görə ittiham edənlər də var…
- Bu gün cəmiyyətdə məni sevməyənlər ola bilər. Hətta siyasilər arasında da. Şəxsən Əli İnsanovu sevməmək olar, amma Əli İnsanovun xalqın azadlığı uğrunda mübarizəsini sevməmək günahdır. Bəzi adamlar bu gün mənim özümlə yox, apardığım mübarizə ilə barışmır, sevmir. Ad çəkmək istəmirəm. Bu düzgün deyil. Sabah hansısa vəzifəyə seçilmək istəsəm, mənim danışdıqlarımı da, özümü də nə qədər istəyirsiniz, tənqid eləyin. Bu gün isə siz bəzən məni yox, apardığım mübarizəni tənqid edirsiz. Belə olan halda, düşünürəm ki, onların buna haqqı varmı? Artıq 15-ci ilə keçir ki, Azərbaycanı azad dünyaya qovuşdurmaq uğrunda mübarizə aparıram. Mən təkcə İlham Əliyev və onun komandasına qarşı mübarizə aparmıram. Mən həm də İlham Əliyevi dəstəkləyən bir sıra xarici qüvvələrə qarşı da mübarizə aparıram. Mən konkret bir yol tutmuşam. İstiqamət Avroatlantik məkanadır. Azərbaycanın gələcəyi də, inkişafı da o istiqamətdədir. Təşkilat Komitəsində də bu barədə söhbətimiz olub. Bütün tərəfdaşlarım da bununla razıdır. Bu da bir sıra xarici qüvvələrə sərf eləmir. Ona görə də İlham Əliyev mənə qarşı təkbaşına mübarizə aparmır. Mən də bunu bilirəm, çəkinmirəm və mübarizəmi davam etdirirəm.
- Belə fikirlər də səslənir ki, yeni yaradılan partiya regional partiyadır. Başqa sözlə, regional faktor bu partiyanın yaranmasında böyük rol oynayıb…
- Mən bunu dəfələrlə demişəm, bu gün də təkrar edirəm, amma yəqin ki, yenə inanmayanlar olacaq. Bir söz deyim, 15 nəfər Təşkilat Komitəsinin üzvündən cəmi 2-3 nəfər ermənistanlıdır. Bunun harası regional oldu? Belə bir şey yoxdur. Regional mövqeni ilk növbədə heç mən özüm bəyənmirəm. Biz Azərbaycanı bütövlükdə düşünürük. Hətta mən bütöv Azərbaycan barədə düşündüklərimi desəm, məəttəl qalarsınız. Nə region? Niyə regionçuluq eləməliyik? Bunu dilə gətirənlər nə istəyir, mən ermənistanlı olmağımdan imtina eləyim? Bu mümkün deyil. Əslini danmaq kişilikdən deyil. Sən yerini, yurdunu, doğulduğun evi unuda bilməzsən. Ermənistan mənim iki vətənimdən biridir. Amma mənim ana vətənim Azərbaycandır. İndi desəm ki, “o Oğuz yurdu bizim vətənimiz deyil”, böyük qəbahət olar. Əsrlərdən gələn Oğuz yurdunun Əli İnsanova aidiyyəti yoxdur. Ora bizim olub. Bəndəniz də orada doğulub, böyüyüb. Təkcə Qarabağ nədir ki, biz gec-tez Ermənistana da qayıdacağıq. Necə qayıdacağıq, bunu da deyim. Gec-tez bütün Qafqaz ölkələri də Avropa Birliyinə daxil olacaq, sərhədlər şəffaflaşacaq.
70 yaşlı akademikin cibinə narkotik atıb şərləyirsənsə, kimi inandıra bilərsən ki, bizdə əmin-amanlıqdır?
Qarabağın, bu gün zəbt olunmuş torpaqların qaytarılmasının isə iki yolu var – sülh və hərb yolu. Təəssüf ki, sülh yolula danışıqlar çoxdan dayandırılıb. Bu da Azərbaycan iqtidarının fərasətsizliyindən irəli gəlir. Ermənilər də dəfələrlə bildirib ki, heç bir danışıq yoxdur, sadəcə, görüntüdür. Mən hesab edirəm ki, sülh danışıqları hələ potensialını tam ifadə eləməyib. O danışıqlarda hələ deyiləsi, görüləsi xeyli işlər var. Azərbaycan hakimiyyəti düzgün mövqe tutsa, Qərb və bu problemlə məşğul olan dövlətlər danışıqlar prosesini sürətləndirəcəklər. Biz orada çox şeyə nail ola bilərik. Mən şəxsən sülhün tərəfdarıyam, heç müharibə istəmirəm. Axı mən həkiməm. Amma onu da bilirəm ki, sülh cəhdləri nəticə verməsə, biz bu torpaqları müharibə yoluyla qaytarmalıyıq. Ancaq problemin sülh yoluyla həlli üçün Azərbaycan təcili demokratik cəmiyyət qurmalıdır. Azad dünyanı inandırmalıyıq ki, ermənilər bizimlə birgə yaşaya bilər. Eyni zamanda Qarabağ ermənilərini də. Bəziləri fikirləşə bilər ki, Əli İnsanov güzəştə getmək istəyir. Xeyr, belə deyil. Sadəcə, Əli İnsanov anlayır ki, problemin sülh yoluyla həllində vacib məqamlardan biri budur. Amma bugünkü rejim onu eləyə bilməyəcək. 70 yaşlı akademikin cibinə narkotik atıb şərləyirsənsə, əlavə 7 il cəza verib, ümumilikdə 14 il həbsdə saxlayırsansa, kimi inandıra bilərsən ki, bizdə əmin-amanlıqdır, bizimlə yaşamaq olar? Halbuki, təkcə ermənilər yox, böyük dövlətlər də inanmalıdır ki, xristian ermənilər müsəlman Azərbaycanın tərkibində rahat, azad şəkildə yaşaya bilər. Bu iqtidar bunu eləyə bilməz. Çünki bunu eləmək üçün azad cəmiyyət qurulmalıdır, demokratik seçki keçirilməlidir, məhkəmələr müstəqil, media azad olmalıdır. Bu gün hər şey İlham Əliyevin əlindədir – həm parlament, həm icra orqanları, həm də məhkəmələr. Hətta qeyri-rəsmi dördüncü hakimiyyət sayılan media da. Görün ölkədə nə vəziyyətdir ki, Azərbaycanın ilk müstəqil mətbuat orqanı olan “Azadlıq” qəzetinin çapı dayandırıldı. Hansı məntiqlə bu qəzeti qapatdılar? “Azadlıq” ölkədə dəyərlərin bərqərar olmasını istəyirdi, buna görəmi? Bu gün müxalifət liderlərinin də hədəfi İlham Əliyevin kreslosu yox, ölkədəki vəziyyəti dəyişməkdir. Azad cəmiyyət qurulandan sonra xalq kimi istəsə, onu da prezident seçəcək. Bunu da hər bir müxalifət lideri bilir. Bu gün mən də belə fikirlər eşidirəm ki, bunlar vəzifə üçün dava aparırlar. Xeyr, belə şey yoxdur. Mən bunu Müsavat partiyasının qərargahında da dedim ki, bura toplaşanlar kim olmaq üçün yox, Azərbaycanı buxovdan xilas etmək üçün mübarizə aparır. Özü də rahat, demokratik yolla, üsyan etmədən, gül-çiçəklə çıxıb sözümüzü deməliyik. Deyəcəyik də. İlham Əliyev də hakimiyyəti xalqa qaytarmağa məcbur olacaq.
Bu gün ilk növbədə sərbəst toplaşma, söz-fikir azadlığını tələb edib, buna nail olmalıyıq
- Ölkənin indiki durumda seçki ilə dəyişməsi məsələsində fikirlər haçalanır. Siz necə düşünürsünüz?
- Mümkün deyil. Bugünkü durumda seçki yoluyla heç bələdiyyə üzvü də seçilə bilməzsən. Ən layiqli insanlar var ki, heç bir seçkili orqana seçilə bilmirlər. Adam var, yazısını bir neçə yüz min adam oxuyur, amma 30-40 min adamın səsini toplaya bilmir. Necə ola bilər? Hər şeyin siyahısı hazırlanır. Məşhur bir politoloqun fikrini demək istəyirəm, amma iqtidar təhdid kimi qəbul eləməsin. Deyir ki, “qeyri-demokratik ölkələrdə demokratik yolla hakimiyyətə gəlmək mümkün deyil”. İndi deyəcəklər ki, Əli İnsanov üsyan tələb edir. Xeyr, mən üsyan yox, xalqımın etiraz aksiyasını tələb edirəm. Mən görüşümüzdə dörd mərhələli təkliflər verdim. Biz bu gün ilk növbədə sərbəst toplaşma, söz-fikir azadlığını tələb edib, buna nail olmalıyıq. Bu gün “İstefa” qışqırmağımız yersizdir. Kiməsə ölüm-filan tələbi – belə şüarlar da bizlik deyil. Mitinqə çıxanın tələbi bu olmalıdır ki, “mən sözümü demək istəyirəm, sərbəst toplaşmaq istəyirəm”. Buna nail olandan sonra çoxsaylı mitinqlər başlayacaq, ardınca erkən seçkilər keçiriləcək.
- AXCP, Milli Şura davamlı etiraz aksiyaları, mitinqlər keçirir, cəmiyyətdə canlanma yaratmağa çalışır. Belə məlum oldu ki, siz də sərbəst toplaşma azadlığı tələbilə aksiyaların tərəfdarısız. Mümkündürmü ki, belə aksiyaları gələcəkdə bir partiya olaraq, onlara qoşulub birlikdə keçirəsiniz?
- Mütləq onlarla birlikdə olacağıq. Mən Milli Şura, AXCP, Müsavat və digər partiyalarla birlikdə hərəkət etmək arzusundayam. Bəzi partiyalar məni sevsələr də, sevməsələr də, bizi birləşdirən ümumi dəyərlər var – azadlıq, demokratik cəmiyyət uğrunda mübarizə aparırıq. Mənim heç kimə qarşı kin-küdurətim yoxdur. Hətta əleyhimə danışanlara da. Heç onlara cavab da vermirəm. Hərçənd, o adamlar da ürəyində bilir ki, mənim mübarizəm nə üçündür.
- Sizin partiyanın digərlərindən fərqi nədə olacaq?
- Çalışacağıq ki, partiyamız çoxsaylı olsun. Mitinqlərimiz möhtəşəm olsun. Səsimiz eşidilsin. Azərbaycan xalqının səsinin eşidilməsi, uzaqlara gedib çatması üçün mitinqlərə 70-80 min nəfərlə çıxmalıyıq. Azad dünya bizə dəstək verər. Amma biz də nümayişə çıxıb, haqqımızı tələb etməliyik. Bəzən belə fikirlər də eşidirəm: Amerika, Avropa Birliyi hara baxır, niyə bizə kömək eləmir? Gəlin etiraf edək ki, onlar dünyada gedən prosesləri izləyir, imkan daxilində dəstək verir. Ancaq “səndən hərəkət, məndən bərəkət” deyimi var. Azərbaycan xalqı özü də istəməlidir ki, Mogerini Kiyevdə olduğu kimi, gəlib burada da peçenye paylasın.
İlham Əliyev həyatımın 14 ilini oğurlayıb, amma ondan qisas almaq niyyətim yoxdur
- Belə fikirlər də səslənir ki, Əli İnsanovun bugünkü mübarizəsi xalqın azadlığı, demokratiya uğrunda yox, özünün şəxsi qisasıdır…
- Mən qisasçı, kinli adam deyiləm. Amma prinsipial adamam, sözümdən də dönən deyiləm. Mənim qisasçı olmamağımın sübutu da var. Bir neçə dəfə demişəm ki, “İlham Əliyev, sən Avroatlantik məkana inteqrasiya qərarı versən, bu istiqamətdə işə başlasan, mən də sənə dəstək verəcəm”. Harda qaldı qisasçılıq? Məni həbs etdirən, uzun illər işgəncəyə məruz qoyan, ən bədnam, ağlagəlməz fikirləri səsləndirən, mənə qarşı iyrənc addımları atmağa məcbur etdirən, həyatımın 14 ilini oğurlayan da İlham Əliyev olub. Amma ondan qisas almaq kimi bir niyyətim yoxdur. Çünki o, məni özünə rəqib gördü. Onun mübarizə üsulları da bu imiş – məni həbsə atıb işgəncə vermək, sonra da ona tabe olmağa məcbur etmək. O da alınmadı. İndi mən mübarizəyə başlamışam. Mən nə onun həbsə atılmasını, nə də xəsarət yetirilməsini istəyirəm. İstəyirəm ki, İlham Əliyevin özü gözümün qarşısında istiqamət götürüb, xalqımı, ölkəmi azad dünyaya qovuşdursun, mən də ona dəstək verim.
- Üstündən 14 ildən çox keçib, amma hələ də həbsinizin pərdəarxası səbəbi müəmmalıdır. Nə baş verdi aranızda ki, birdən-birə həbs olundunuz?
- Mən birdən-birə həbs olunmadım. Həbsimdən 7 ay əvvəl, üçüncü qurultay öncəsi prezident İlham Əliyevin yanında YAP-ın İdarə Heyətinin iclası keçirilirdi. Orada mən çox kəskin çıxış elədim. İlham Əliyev də kəskin cavablar verdi. Həmin gündən bəlli oldu ki, bizim bir yerdə işləməyimiz çətin olacaq. Yəqin ki, o çıxışdan sonra belə fikirli adamın hakimiyyətdə qalması məqbul sayılmadı. Bəlkə də iddialı olduğumu düşündülər. Yaxın məsləhətçilər də tövsiyə eləyiblər və mənim həbsimə qərar verilib. Səhv eləmirəmsə, iclas martın 22-də idi. Bir gün sonra mən istefa ərizəmi gətirib, İlham Əliyevin qarşısına qoydum. Çünki iclasdakı kəskin çıxışlarımızdan sonra hesab elədim ki, istefaya getsəm, yaxşıdır. Bir halda ki, bu yolu düzgün saymıram, dediyimə də əhəmiyyət verilmir… Görürdüm ki, xalq getdikcə daha pis duruma düşür. İnsafən, İlham Əliyev ərizəmi qəbul eləmədi. Həbsimdən sonra o ərizəni mənə MTN-də göstərdilər. Yazmışdım ki, həm YAP rəhbərliyindən, həm də səhiyyə naziri vəzifəsindən istefa vermək istəyirəm. Düşündülər-daşındılar, o hadisədən 7 ay sonra məni həbs elədilər.
Mən həmin komandada qala bilməzdim
- Həbsdə olduğunuz 14 il ərzində prinsipial mövqeyiniz, əyilməməyiniz sizə rəğbət yaratdı. Bununla belə, keçmişinizə görə sizi bu gün də qınayanların sayı az deyil. İddia olunur ki, Əli İnsanov həbs olunmasaydı, bəlkə bu gün də hakim komandanın tərkibində olacaqdı…
- Yox, mən həmin komandada qala bilməzdim. Vaxt gələr, o iclasın stenoqramı üzə çıxar. Onda görəcəksiniz ki, Əli İnsanov 2005-ci ilin martında həmin iclasdakı çıxışından sonra o komandada qala bilməzdi. Niyə qala bilməzdi – o da var orada. Mənim ölkə ilə bağlı öncədən gördüyüm təhlükələr, duyduğum kataklizmlər vardı, onları dilə gətirmişdim. Mən sosial sahədə çalışırdım, insanların səfalət içində olduğunu demişdim. Mənə dedilər ki, xeyr, firavan yaşayırlar, gör nə qədər maşınlar var. Mən gedişatı görürdüm. Mən çıxışlarımın birində demişdim ki, Azərbaycan nə yapon kompüteri istehsal eləyə bilər, nə də alman “Mercedes”i, biz torpaqdan yapışmalıyıq, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bunu mənim həbsimdən on il sonra prezident dedi. Kənd təsərrüfatını inkişaf etdirə bilsəydik, neftdən bu qədər asılı olmazdıq. Bu gün örüşlərin zəbt olunmasını eşidirəm. Aran zonasında otlaqlar ələ keçirilib. Sürü saxlayan adamlar çarəsiz durumda qalıb. Yataqlar əllərindən alınıb. İqtisadiyyat haqqında düşünən yoxdur. Necə əkin-biçin məhv olunub, belə getsə, heyvandarlıq da məhv olacaq. Onda ətin kiloqramı 50 manata qalxacaq. Bu məmləkətdə həmişə heyvandarlıq olub, insanlar ət, süd, yağla təmin olunub. Biz bunu inkişaf etdirmək əvəzinə, dağıtdıq.
- Uzun müddət səhiyyə sektoruna rəhbərlik etmisiz. Bir çoxlarında o zaman səhiyyədə baş verənlərə görə sizə qarşı aqressiya qalıb…
- Neft pullarının ölkəyə sürətli axını mənim həbsimdən sonrakı dövrdə başladı. 1996-cı ilin büdcəsində həkimlərin maaşı 6 dollar idi. Hər bir xəstəyə dərman, sarğı materialı, doğuş və s. daxil olmaqla, cəmi 1 dollar düşürdü. Mən belə bir dövrdə səhiyyəyə rəhbərlik eləmişəm. Biz xaricdən nə qədər dərman, şpris və s. ibarət humanitar yardımlar gətirdirdik. Biz üç ağır infeksiyanı ləğv eləyə bildik – difteriya, polimerit və qızılcanı. Vərəmi kəskin azaltdıq. Bəs danışanlar bunları nəzərə almırlar? 300-ə yaxın tibb müəssisəni öz hesabımıza təmir etdirdik. O vaxt Milli Məclis qərar qəbul etdi ki, büdcəsinin 40 faizini səhiyyə özü yaratmalıdır. Ona görə biz pullu xidmət yaratmalı olduq. Bütün deputatlar tələb edirdilər ki, pullu xidmət olsun. Biz də qismən pullu xidmət yaradıb, oradan gələn gəlirlə digərlərini təmin elədik. “İmkanlı insanların hesabına imkansızları müalicə eləmək” siyasəti oldu. Təbii ki, orada da əyintilər oldu. Amma 300 müəssisəni təmir elədik. Desinlər, görək mənim həbsimdən sonra Səhiyyə Nazirliyinin öz hesabına hansı işlər görülüb? Halbuki, bu gün, demək olar, bütün səhiyyə pulludur. Onda tək-tək adamlara pul ödənilirdisə, bir şöbə pullu xidmət göstərirdisə, indi vəziyyət başqa cürdür. İndi az qala, pulsuz yer yoxdur. Həbs olunduğum ərəfədə 4-5 yeni müəssisə açmalıydıq. Onlar məndən sonra açıldı. Kimin ayağına yazdılar, bilmirəm. Məsələn, Yazıçılar poliklinikasını, Respublika Tibb Kitabxanasını, Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda mikrocərrahiyyə şöbəsi yaratmışdıq. Onun şöbə müdiri Türkiyədə təhsil alıb gəlmişdi. Sonradan eşitdim ki, onu işdən qovub, yeri də əlindən alıblar. Deyən adamlar bir şeyi bilməlidilər ki, mənim dövrümdə pul kassaya köçürülürdü, o da Maliyyə Nazirliyinə gedirdi. Orada xüsusi hesab yaradılırdı. Maliyyə Nazirliyi pullu xidmətdən gələn gəlirin illik proqnozunu vermişdi. Yəni nə qədər hara xərclənə bilər. O pullara Maliyyə Nazirliyi nəzarət edirdi. O dövrdə hərbi sahədə yaralanan, xəstələnənlərin 70-80 faizi də bizim müəssisələrdə müalicə olunurdu, hərbi hospitalda yox. Biz pullu xidmət hesabına bunları yola verirdik. Mən çadır şəhərciklərində yaşayan yüzlərlə xəstəni əməliyyat elədik. Təşkil elədik, sanitar maşınlar vasitəsilə gətirib əməliyyat elədik, sonra aparıb yaşadığı yerə qaytardıq. Elə bir dövrdə ki, benzin yox, təkər yox… İndi hepatit baş alıb gedir, tədbir görən də yoxdur. Milyonlarla da vəsait ayrılır.
Mən Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin 9 üzvündən biri olmuşam. Baş Assambleyaya vitse-prezident seçilmişəm. Bunu elə-belə eləməmişdilər. Fədakar Azərbaycan həkimləri və bütün tibb işçiləri olaraq, çox geniş yayılmış poliomielit, difteriya və qızılcanı ləğv eləmişdik. Vərəm, malyariya və digər infeksiyaları kəskin azaltmışdıq. Bunların öhdəsindən gələ bildiyimizə görə. İcraiyyə Komitəsində Avropanı təmsil edənlərdən idim. Mən hökumətə proqram verdim, baxan olmadı. İndi adını çəkmək istəmirəm, o vaxt baş nazirimizə dedim ki, İndoneziyadan tutmuş, Afrikaya qədər məndən proqram istəyirlər. Nə qədər ölkələrə proqramlar vermişəm. Amma öz ölkəmə verdiyim proqrama baxan yoxdur. Dünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsi sıradan bir qurum deyil, orada elə məsələlər müzakirə olunur ki… Bilirsinizmi mənə niyə etimad göstərib ora seçdilər? Ondan əvvəl beynəlxalq konfransda səhiyyədə islahatlar proqramına görə qızıl medal almışdım. 26.2 qramlıq o qızıl medalı da MTN evimdən aparmışdı.
Mən əvvəldən kasıb adam olmamışam
- Evinizdən aparılan qızıllardan söz düşmüşkən, AzTV-də nümayiş etdirilən külçələr…
- Bu yaxınlarda da göstərdilər (gülür-red.). Hanı o külçələr? Mənə MTN-də olanda vəkillərim dedi ki, AzTV-də belə şeylər göstərirlər. Bizdə külçə nə gəzirdi? Mən onu xaricdən necə gətirmişəm? Külçə mənim nəyimə lazımdır?
- Bir az da o kadrlar insanlarda qəzəb yaratdı ki, səhiyyə belə bir vəziyyətdə, səhiyyə naziri nə qədər qızıl toplayıb…
- Hamı kimi, bizim də evdə qız-gəlin və onların müəyyən bəzək əşyaları var. Mən əvvəldən kasıb adam olmamışam. 50 il işləmişəm. Bizdə də müəyyən zinət əşyaları olub. Amma bunların göstərdikləri yox da. Vəkil danışanda hətta təəccübləndim. Sonradan qohumlarımız danışırdı ki, evimə axtarışa gələndə özlərilə iki torbada nəsə gətiriblər. Elə böyük brilyant sırğa-üzüklər göstəriblər ki, mənim ailə üzvlərim heç elə bəzək əşyaları taxmır. Mənim ailə üzvlərim bu cür məsələlərdə də sadə əşyalardan istifadə edir. Nəyimizə lazımdır onlar bizim? Mənə qarşı nifrət yaratmaq üçün bu cür cılız üsullardan istifadə elədilər. Əvvəl bu mənada istədiklərinə nail oldular. Amma sonra camaat başa düşdü. Axtarış vaxtı evdən sənədləri də aparmışdılar. Amma çətinliklə də olsa, əldə qalan sənədləri toplayıb, məhkəməyə təqdim elədik. Sənədlərdən aydın olurdu ki, xaricdən özümə gələn qonorardan – bank hesabımdan tikinti şirkətinə pul köçürüb, bu evi tikdirmişəm, “Mercedes” firmasına da pul köçürüb, maşını almışam. Mənim nəyim varsa, öz adıma olub. Evdən mənim hətta nişan üzüyümü də apardılar. İçində ad, tarix də vardı. Bu hansı kişiyə yaraşar? Həbsimdən sonra müəyyən adamlara da dedim ki, ayıbdır, elə müqəddəs şeylərə toxunublar ki… Evlənəndə anamın bizə verdiyi hədiyyəni aparıblar. Çox haqsız, çox Allahsız işlər gördülər. Elə il olurdu ki, mənim gəlirim Səhiyyə Nazirliyi Aparatının büdcəsindən çox olurdu. Hələ o dövrdə elə bir il oldu ki, mənim dərmanımdan 1.8 milyon dollar pul gəldi. Hindistanda satılmışdı, bilirsiniz ki, orada da adam çoxdur.
- Siz həm də tibb müəssisələrini özəlləşdirib ələ keçirməkdə ittiham olunurdunuz…
- Mənim dövrümdə 60 müəssisə özəlləşdirilib. Onun 30-a yaxınını kasıb-kusublar özəlləşdirib. Məsələn hansısa xəstəxanaya bitişik bir otağı, tibb müəssisəsinin həyətində kiçik bir tikilini. Bu məsələdə nə qədər imkansıza, məcburi köçkünə kömək eləmişəm. Bir gün Travmatologiya İnstitutunda sanitar işləyən qadın dedi ki, həyat yoldaşım şəhid olub, altı uşaqla qalmışam, acından ölürəm. Ona icazə verdim ki, xəstəxananın həyətində bir aptek köşkü açsın. O köşkdən uşaqlarına çörək aparırdı. Mən həbs olunandan sonra həmin apteki mənim cinayət işimə yazdılar ki, filan institutda, yadımdan çıxıb, 6, yoxsa 8 kvadrat metr yeri özəlləşdirib. Başqa bir məcbur köçkün vardı, fəhlə işləyrdi, uşağı talassemiya xəstəsi idi. Bir xəstəxananın həyətində çayxana tikmək üçün ona icazə verdim. Mənim həbsimdən sonra oranı adamın əlindən aldılar. Mənim işlərimi bilən bilir, qoyun danışan da danışsın, hamının ağzını yummaq olmaz ki. Mənim dərmanlarım indi də xaricdə satılır, amma əlim çatmır. Gərək Səhiyyə Nazirliyi buradan məktub göndərsin. Dövlətin verdiyi pulları zorla ala bilirəm. Bütün qayda-qanunları pozaraq, məni Akademiyadan çıxardılar. Akademik ömürlük seçilir. Cəlal Əliyev Akademiyada kəskin çıxışlar eləmişdi. Dərhal yuxarıdan düzüb-qoşdular, Cəlal Əliyevi çıxarmağı məsləhət gördülər, amma bizim bəyənmədiyimiz Əbdürrəhman Vəzirov qoymadı. Çünki əsasnamədə yazılıb ki, akademik ömürlük seçilir.
İlham Əliyev AXC-Müsavat hakimiyyətini pisləməklə özünə hörmət qazana bilməz
- Həbsdə kimlərsə sizinlə görüşüb, hansısa danışıqlar aparırdımı?
- Bunu vaxt gələr açıqlayaram, amma indi detallarını danışmaq istəmirəm. İlk gündən mənim yanıma yetərincə elçilər gəldilər.
- İlham Əliyev son vaxtlar istər ölkə daxilində, istərsə də xaricdəki çıxışlarında mütləq 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətini yada salır, pisləyir. Siz də uzun müddət Əliyevlər hökumətində təmsil olunmusuz. Bu məsələdə eyni fikirdəsiz?
- Çox səhv eləyir. İlham Əliyev AXC-Müsavat hakimiyyətini pisləməklə özünə hörmət qazana bilməz. O, bizim xalqın parlaq bir dövrüdür. Qoy zəif, təcrübəsiz olsunlar, amma o, xalq hakimiyyəti idi. Necə ki, Məhəmməd Əmin dövrünün ömrü qısa oldu, eləcə də bu hakimiyyətin. Üçüncü dəfə müddət uzun olacaq.
Azadliq.info