“Striptiz” Məclis Rövnəq Abdullayevi də qurtardı…

Parlamentdə deputat Rafael Cəbrayılovun mandatı “könüllü” şəkildə əlindən alınandan sonra ortaya maraqlı suallar çıxdı. Siyahı tutub ən çirkli dosyesi olan deputatları sıraya düzsək, ilk onluğa düşəcək namizədlər kimlərdir? Məsələnin görünən tərəfinə baxsaq, Rafael Cəbrayılov 300 min borcun güdazına gedib. Yəni adam 3 milyona aldığı mandatı 300 min borca görə girov qoyub və bu qalmaqal mediaya çıxandan sonra istefa verməli olub. İndi baxaq, görək, bu, böyük qalmaqaldır, yoxsa İspaniyanın İbiza çimərliyində 2, 5 milyonluq saat oğurladan oğlanın parlamentdə oturan deputatın övladı olduğunu dünya mətbuatından eşitmək?

Bəlkə dünyanın ən nüfuzlu jurnalist araşdırmaları mərkəzinin o ərköyün övladın təkcə qol saatlarına 25 milyon manatdan artıq pul xərclədiyini faktlarla ortaya qoyması önəmsiz qalmaqaldır? Bəlkə həmin 25 yaşlı oğlanın Türkiyədə sayı-hesabı bilinməyən şirkətlərdən ibarət biznes şəbəkəsinin ortaya çıxması xırda məsələdir? O zaman həmin saat sahibinin atası, deputat Rövnəq Abdullayevin istefası nədən gündəmə gəlmir? Nədən dövlətin milyardlar gətirən neft şirkətini müflisləşdirib 11 milyard borca salan bu şəxsdən heç bir hesab sorulmur? Niyə MM-də adamı ayağa qaldırıb, oğlunun qolundakı 2, 5 milyonluq saatı hansı pullarla aldığını soruşacaq biri yoxdur? Bu qədər biabırçılıqdan sonra MM-də mandatı alınacaq ilk adam elə Rövnəq Abdullayevin özü deyilmi? Lakin mandatın yerinə, İlham Əliyev bütün Parlamenti buraxdırdı.

Bu Parlamentdə inanılmaz böyük iqtisadi cinayətlər var. SOKAR da vəziyyət eynidir. Uzun illərdir ölkənin dövlət neft şirkətini dədəsindən miras almış kimi idarə edən adam, bütün mühüm vəzifələrə öz qohumlarını yerləşdirib. Neft milyardları yoxa çıxıb, insanlar müflisləşib, amma onların lüks saatları da, lüks avtomobilləri də, biznes imperiyaları da yerində. Hələ üstəlik insanları döymək üçün qoçu dəstəsi də saxlayırlar. Vaxtilə SOCAR-ın fəaliyyəti ilə bağlı araşdırma aparan “Global Witness” təşkilatının təmsilçisi “SOCAR rəsmiləri və qohumlarının rəsmi maaşlarından dəfələrlə baha saatlar taxdıqlarını“ yazmışdı. Həmin təşkilat SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığını qeyd etmişdi. Bunlardan təkcə birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “Socar Trading SA” şirkətindən Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Şərhə ehtiyac varmı? Hələ yaxın zamanda gündəmə daha bir beynəlxalq qalmaqalın gələcəyi gözlənir. Yayılan məlumatlara görə Belçikanın aparıcl “Fluxys” sirkətinin Azərbaycanın SOCAR şirkəti ilə böyük korrupsiya əlaqələri aşkarlanıb. Belə görünür ki, hələ qarşıda bizi Rövnəqlə bağlı daha böyük qalmaqallar gözləyir. Baxaq, ölkənin nüfuzuna bu qədər ləkə vuran Striptiz Məclisin buraxılmasından sonra daha hansı macərayla üzləşməliyik?