Payız “sezonu”nun böyük şok sürprizi
Milli Məclisin payız “sezonunun” gözlənilməz sürprizlərlə başlanacağını yazmışdıq. Həmin böyük sürpriz bir az gecikmə ilə bu gün üzə çıxdı. Gecikmənin səbəblərini aşağıda qeyd edəcəyik. Amma fakt odur ki, parlament buraxıldı və yaxşı ki, buraxıldı. İndiki alverçi deputat heyəti, bu parlament Azərbaycan tarixində ən ləkəli parlament olaraq qalacaq. Çoxdan önəmli dövlət qurumu olmaqdan çıxıb, şou salonuna çevrilən bu binada nə rəzalətlər gördük! Nə rüsvayçılıqlar yaşandı illərdi bu MM iclaslarında! Elə bil, adamları xüsusi bir torpaqda yetişdirib gətiriblər o binaya. Sizi əmin edirəm, dünya tarixində hələ belə rüsvayçı, çirkaba batmış, korrupsiyalaşmış, əxlaqi baxımdan aşınmış anti-xalq parlament nə olub, nə də olacaq. Boş yerə xalq burdakıların hərəsinə bir ləqəb verməyib ki. Sözün həqiqi mənasında, dünyada belə rüsvayçı milli məclis görünməyib. Nə verdilər adamlar bu xalqa? Maaş, xidməti ev, xidməti maşın, köməkçi davasından başqa bir dərdləri oldumu? Aylıq məvacibləri təxminən 3-4 min manat arasında dəyişən adamlar bircə dəfə ortaya xalqın dərdini anladan təklif qoydularmı? 90%-i qeyri-qanuni bizneslə məşğul olan, xalqdan böyük milyonlar oğurlayan, çirkli işlərin içində yer alan nə adamlar gəlib keçdi bu parlamentdən! İndi onlar utanc dolu tarix olur. Amma hələ bunlar da oyunun görünən tərəfidir, pərdə arxasında saxlanan xeyli başqa sirlər var ki, növbəti seçki də ona hesablanıb. İndiki şərtlərdə və hazırkı seçki məcəlləsi ilə İlham Əliyevin demokratik seçki keçirəcəyinə ümid edənin ağlı yerindən oynamış olmalı.
Köhnə heyətdən qurtuluruqmu?
Sizcə indiki şərtlərdə seçki ilə bu parlamentin neçə faizi yenilənə bilər? Yoxsa hakimiyyət xalqı aldadıb “köhnə hamam, köhnə tas” ilə yola davam etmək istəyir? Siz təsəvvür edirsiniz, bir ölkənin AŞPA-da təmsil olunan deputatlarının adı dünyanın ən biabırçı korrupsiya qalmaqallarında hallansın, parlamentdə o məsələ ilə bağlı müzakirə açılmasın? Bu qurumda Azərbaycan nümayəndə heyətinə sual verən oldumu, kilo-kilo kürünü AŞPA deputatlarına daşıyıb çirkli lobbiçilik etmək missiyasını sənə kim tapşırmışdı? Bakıda avropalı deputatların otel otağına qadın və şərab göndərmək, çantasına brilyant bağlaması qoymaq hansı kütbeyin əxlaqsızın ideyası idi? Hansı haqla ölkənin imicini dünyada yerlə bir etmək üçün əlinizdən gələni edirsiniz? Siz heç ağlınıza sığışdırırsınız, hansısa ölkənin dövlət neft şirkətinin prezidenti olan deputatın 25 yaşlı oğlu gedib İspaniya çimərliyində 2 milyon dəyərində saat oğurlatsın, Parlament bu məsələyə münasibət bildirməsin? Neft maqnatı Rövnəq Abdullayevin oğlu öz ölkəsindən min kilometrlərlə uzaq İbitsada 2 milyonluq saatını oğurlatmaqla, yəqin ki, dünyada bir ölkə imza atmış oldu. Bütün dünya mətbuatı dönə-dönə bu oğurluqdan yazdı. Lakin oyuncaq parlament bu rəzalətin üstündən də sükutla keçdi. Biz hələ ata Abdullayevdən prezident olduğu müddətdə 13 milyard borclandırdığı SOCAR-a görə hesab sorulmasını demirik. Bu adamların yarıdan çoxu işlədikləri cinayətlərə görə indi həbsxanalarda olmalı idi, parlamentdə yox.
Seçki, yoxsa növbəti oyun?
“Sürprizin gecikmə səbəbləri nədir” sualının cavabını anlamaq da o qədər çətin deyil. İlham Əliyev illərdir beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Ölkədə yaratdığı feodal qaydaları ilə bildiyini edir, istədiyini tutur, istədiyini əzir, bütün insan azadlıqlarını qırıb tökür. Və artıq adam dalana dirənib, dünyada ailəsinin adı qarışan cinayət qalmaqallarının üstü bir-bir açılır. Bu ara Maltada baş verən həbslər də onun adını yenidən gündəmə gətirib. O isə qəzəbindən cilov gəmirir, “Şərq tərəfdaşlığı sazişi”ndən də, demək olar, imtina etdi. “Biz Avropaya inteqrasiya etməyəcəyik” mesajını verdi və arvadını da Kremlə, Putinin hüzuruna göndərdi. Onun parlamenti buraxmaq haqqında qərarını gecikdirməsi ölkə müxalifətini əzib sıradan çıxarıb, yola rahat davam etməsi ilə bağlı idi. Niyyəti tam şəkildə baş tutmadı, amma adam sərbəst toplaşmaq azadlığını qadağan etməklə, ölkədə tam bir despotik rejim yarada bilib. Bundan sonrası, şübhəsiz ki, onun Türkmənistan tipli bir sistem yaratmasına qarşı yüzminlərin verəcəyi reaksiyadan asılı olacaq. Xülasə, bizi qarşıda növbədənkənar seçki gözləyir, çox çətin bir seçki. Təpədən-dırnağa çirkabın içində olan bu deputatlardan yaxa qurtarmağın zamanıdır. Amma bunun bir oyunun imitasiya parçasına çevrilməsinə də yol vermək olmaz. Xalq saxta seçki oyununda iştirak etməyə yox, bu seçkini bir fürsətə çevirib, ölkəni dəyişməyə hazırlaşmalıdır.
İndi sual yaranıb, bu İlham Əliyevin bir şousudur, və yenə rokirovkalar olacaq, ya da ki bəzi deputatlar həbs olunacaq? Xalq Prezidentin qərərını gözləyir…