Deyəsən Mehriban Əliyevanın Moskva səfəri hələ çox danışılacaq. Kreml qəbulu sosial şəbəkələrə birinci ledinin bahalı geyimləri və yeni estetik üz əməliyyatı ilə bağlı çoxlu mövzu versə də, səfərin siyasi məqsəd daşıdığını bilməyən yox. Yəni dünyanın birinci diktatoru Putin vitse-prezident xanıma “Dostluq medalı”ni yaxası boş qalmasın deyə verməyib. Onsuz da, Əliyevanın evində belə ordenlərdən çoxdur. Xanım da həmin ordenləri bəzək xatirinə almayıb, siyasi ambisiyalarını gerçəkləşdirmək üçün hərəsinə bir ətək pul xərcləyib. Birinə məktəb tikib, birinə muzey təmir etdirib, birinin hesabına pul ötürüb. Bütün bunlar siyasi hiyləgərliklə hakimiyyəti uzun zaman əldə saxlamaq, məqamı gələndə də ailənin növbəti üzvünə ötürülməsinə hesablanmış hazırlıqlar idi. Amma sonra Əliyevlərin bu “xoşməramlı uzaqgörənlik” siyasəti iflasa uğradı. Ailənin adı dünyada çoxlu çirkli işlərə, rüşvət və korrupsiya qalmaqallarına qarışdı, hər kəs də onlardan gen gəzməyə başladı. Bununla, birinci ledinin siyasi hakimiyyəti ərindən təhvil almaq planı da iflasa uğramış oldu. İllərlə zəhmət çəkib, milyardlar xərcləyib əli boşda qalan vitse-prezident xanım üzünü çevirdi son sığınacaqları Kremlə…
Putindən dostluq ordeni almaqla Əliyeva qərbə açıq mesaj vermiş oldu. Xalqın nə düşündüyü, baş diktator kimi, vitse-diktatorun da vecinə deyil. O, Kremlin əli ilə hakimiyyəti ərindən təhvil almağa hazırlaşır. Referendum yolu ilə konstitusiyanı tələm-tələsik dəyişib prezidentlik müddətini 7 ilədək uzadan diktator ərinin indi nədən hakimiyyətə yararlı olmadığını dəqiq bilən yox. İrəli sürülən böyük ehtimallardan biri onun sağlamlıq durumu ilə bağlıdır. Amma hər nə isə, Mehriban Əliyevanın prezidentlik kürsüsündə gözü olması çoxdanın söhbətidir. Heydər Əliyevin ölümündən sonra birinci ledi kimi siyasi meydana ayaq açan təkəbbürlü gəlin lap qısa vaxtda iddialarını ortaya qoymuşdu. İndi də kimsəyə sirr deyil ki, Əliyeva özünü hiylə, zorakılıq və qan üzərində qurulmuş sülalə hakimiyyətin davamçısı hesab edir. Xanım 2003-cü ildə yüzlərlə insanın qanı üzərindən keçib taxta oturan diktator ərinin təcrübəsindən çıxış edərək düşünür ki, o da bu şəkildə yola davam edə bilər. Onun siyasi ambisiyalarını ortaya qoyduğu gündən öz piarı ilə məşğul olduğunu anlamaq da çətin deyildi. Əliyevanın yaratdığı Heydər Əliyev Fondu da məhz bu məqsədə xidmət edirdi. O, bu fond vasitəsilə ölkə sahibkarlarından, nazirliklərdən, müəssisələrdən “töycü” kimi topladığı milyonları müxtəlif beynəlxalq layihələrə səpib, özünü tanıtdırır və gələcək siyasi karyerası üçün imic formalaşdırırdı. Beynəlxalq aləmdən bir nəticə hasil olmadı və ailə indi Putinə göstərdikləri 26 illik xidmətin əvəzini istəyir. Həm də bu əbədi hakimiyyət hərisliyinin ölkəyə, xalqa hansı alçaldıcı şərtlər bahasına başa gəldiyini düşünmədən Rusiyanın himayəsini qəbul edir.
Xülasə, vitse-prezidentin Kremllə dostlaşmasına işarət edən məlum medal siyasi mesajdır. Əliyeva bununla həm ölkə daxilində onun prezidentliyini istəməyən sadiq Rusiya canişinlərinə, həm də “sərt” demokratik şərtlərlə Azərbaycanın Avropaya inteqrasiyasını tələb edən beynəlxalq güclərə yerini göstərdiyini düşünür. Azərbaycanı sülaləsinin şəxsi mülkü hesab edən karyerist xanım mesaj verir ki, onun hakimiyyət hirsi qarşısına çıxan hər kəsi ayağının altına almağa hazırdır. Təkəbbürlü və arsız birinci ledi bunun ölkə üçün hansı ağır nəticələr verəcəyini düşünürmü? Xeyr. Prezidentlik iddiası onun gözünü elə örtüb ki, burnundan bir metr uzağı belə görmür. Buna siyasi korluq deyirlər və fəsadları onun üçün də qorxulu sonluq vəd edir.