O, rus dilində niyə mətni üzündən zorla oxuyur?
Mehriban Əliyevanın Moskva səfəri bir sıra maraqlı məsələləri ortaya çıxardı. Əliyevanın prezidentlik iddiası yolunda mühüm revanş saydığı Kreml görüşü ortaya çıxardı ki, o, rəsmi görüşlərdə heç səlis danışmağı da bacarmır. Məlum görüşlərin videogörüntülərini izləyənlər şahiddir ki, vitse-prezident yazılıb əlinə verilmiş mətni necə hecalaya-hecalaya oxuyur. Hakim ailə üzvlərinin öz ana dillərində yaxşı danışa bilmədiklərindən xəbərimiz var. Ailə içində rusca danışdıqlarına görə, 26 ildir Azərbaycan dilini öyrənib bir yana çıxara bilməyiblər. Ərli-arvadlı, oğullu-qızlı beş cümləlik çıxışlarında da qrammatik şəkilçiləri qırıb-tökür, cümlələrin qol-qabırğasını sındırıb qoyurlar kənara. Xatırlayırsınızsa, internetdə Mehriban Əliyevanın kiçik bir video-çıxışı yayılmışdı. Şəbəkə fəalları həmin on-on beş cümləlik çıxışda onun “lazımi” sözünü düz 16 dəfə təkrarladığını saymışdılar. Yaxşı, ana dilini başa düşdük, axı bunlar heç rus dilində də fikirlərini doğru-dürüst ifadə edə bilmirlər. Demək ki, vitse-prezidentin problemi təkcə dil bilikləri səviyyəsi ilə də bağlı deyil. Problem həm də siyasi biliklər səviyyəsinin aşağı olmasından irəli gəlir. Geyim tərzindən, modadan, lüks brendlərdən tam məlumatlı olmaq insanın siyasi dünyagörüşündə hər hansı iz buraxmır axı. Elə olsaydı, dünyanın ən bahalı geyim firmalarını ölkəyə gətirib, qarderobunu onların rəngarəng kolleksiyasından yığan xanım Əliyevanın düşüncəsi azacıq dəyişib yeniləşərdi. Elə olsaydı, o, həmin brendlərin ən lüks çeşidlərini geyinib, sevinə-sevinə dünya diktaturalarının baş ştabı Kremlin “podiumuna” çıxmazdı. Əslində, Əliyevanın hansı dildə necə danışması onun qatı diktator düşüncəsi ilə bağlı müqayisədə kiçik məsələdir. Bəla ondadır ki, o da əri kimi dünyanın ən qatı diktatorları ilə bir sıraya girib, despot Putinin himayəsində ailə hakimiyyətini davam etdirmək istəyir. Xalqın nə dediyi, nə düşündüyü onun vecinə deyil, çünki nə xalqın dilindən anlayır, nə də anlamaq fikrindədir.
Diktaturaların bənzər idarəçilik metodu
Yadınıza gəlirsə, bir ara ölkə xaricində bir-iki yazar tapıb Əliyevanın “güclü siyasi ağlı”, “prezidentliyə ərindən daha şanslı biri”, “Azərbaycan qadınlarının idealı” kimi cəfəngiyat şeylər yazdırırdılar. Xüsusi olaraq, Türkiyə mətbuatında çıxan belə məqalələrdə xanım Əliyeva az qala Türk dünyasının dissident və zadəgan ailəsinin varisi kimi təqdim olunurdu. Məsələn, belə yazıların birində deyilir ki, onun babası Mir Cəlal Paşayev kiçik hekayələrində sovet bürokratiyasını tənqid edib və o, Azərbaycan ədəbiyyat tarixində “Azərbaycan türklərinin Maksim Qorkisi” olaraq anılmaqdadır. “Mehriban Əliyevanın atası Arif Paşayev də fizika sahəsində araşdırmalar aparmış və elmi kəşflər etmiş biridir. Aida İmanquliyevanın anası Gövhər Sultanzadə Şamaxı əsilzadələrindəndir. Paşayevlər sülaləsinin tarixi Qaraqoyunlulara uzanır.” Əslində, dünyanın bütün diktatura sistemlərində idarəçilik metodu bənzərdir. Hakimiyyəti ələ keçirən kimi, ailənin nəsil ağacı böyüyüb Adəm peyğəmbərə çıxır, oğullu-qızlı hamıda qeyri-adi istedadlar kəşf edilir, biri şair, biri rəssam, biri alim olub kitab yazır, sərgi açır, film çəkdirir. Bilirsiniz, bu uydurma şəcərə nəyi xatırladır? Markesin “Patriarxın payızı” əsərindəki diktatorun arxivlərdən nəsli haqqında olan bütün gerçəkləri sildirib, özünə yeni şəcərə yazdırmasına. Bütün bu detallar bizə tanış deyilmi? Son 26 illik hakimiyyət tarixində öz həyatımızda birbəbir yaşamadıqmı bütün bunları?
Yenidən Rusiya boyunduruğunamı gedirik?
Mehriban Əliyevanın Kremldən aldığı “Dostluq ordeni”nin neçəyə başa gəldiyini detallı bilmirik. Amma o dəqiqdir ki, diktator beyinli prezident arvadı ilə xalqın düşüncələri arasında böyük uçurum var. O da ərinin davamçısı olaraq, ölkəsini Avropanın bir parçası kimi görmək istəyən xalqın iradəsini zorlayıb, Azərbaycanı Rusiyanın boyunduruğuna sürükləyir. O da əri kimi milli dəyərlərdən, vətənpərvərlikdən danışa-danışa milli maraqları ayaqlar altına atıb, ölkəni Rusiyaya təslim etməyə hazırlaşır. Əbədi hakimiyyət hərisliyi bunların gözünü elə tutub, nə ölkə insanını, nə dövlətçilik maraqlarını, nə Qarabağ məsələsini düşünmək iqtidarında deyillər. Bu mənada, heç modabaz Əliyevanın hansı dildə danışması da önəmli deyil. Önəmlisi odur ki, o, xalqın dili ilə deyil, rus diktəsi ilə danışır. Rusiyaya sığınaraq xalqın qanını soran Əliyevlər hakimiyyətinin hələ davam edəcəyi mesajını verir. Bağlı qapılar arasında cızılan çirkin plan baş tutacaqmı? Bu sualın cavabını da artıq xalqın özündən soruşmaq lazım.