Jurnalist araşdırması zamanı məlum olub ki, Milli Məclisin yaşlı deputatları, əsasən, cavan xanım köməkçilərlə işləməyə üstünlük verirlər. Məsələn, parlamentin ən qocaman üzvlərindən olan İntizam Komissiyasının sədri 82 yaşlı Ağacan Abiyevin köməkçisi Xuraman Quliyeva, 79 yaşlı deputat Elxan Süleymanovun köməkçisi Təranə Babayeva, 79 yaşlı Ziyad Səmədzadənin köməkçisi Firuzəxanım Qəribova, 73 yaşlı Əliağa Hüseynovun köməkçisi Aytən Qəniyeva, 72 yaşlı Madər Musayevin köməkçisi Gümüş İbadovadır. Maraqlıdır və yaşlı deputatların xanım köməkçilərlə işləməyə üstünlük verməsi bir neçə səbəblə bağlı ola bilər. Qadınlar daha işgüzardır, daha sözəbaxandır, işə daha canıyananlıqla yanaşır. Yaşlı deputatlara da daha enerjili, daha çevik, daha işlək köməkçi lazım deyilmi? Başqa bir tərəfdən, son vaxtlar “min cavana dəyərəm” deyə parlamentdən ayrılmaq istəmədiyini bəyan edən ahıl deputatların zərif məxluqlarla işləməyə üstünlük verməsi yaş kompleksi ilə də bağlı ola bilər. Məsələni araşdıran jurnalistin dediyi kimi, görünür, qocaman deputatlar gənc xanımlarla işləməyin insanı ruhən cavan saxladığına daha çox inanırlar.
Ümumiyyətlə, bu parlamentdə köməkçi məsələləri həmişə gündəm olub. Bilirsiniz, deputatlar xalq üçün olmasa da, özləri üçün gün ağlamağı yaxşı bacarırlar. İşləri, gücləri özləri üçün maaş artımı, xidməti avtomobil, köməkçi davası döyməkdir. Qanunvericiliyə görə, 125 deputatın hər birinin bir köməkçisi var. Bu vəzifə 2007-cı ilin fevralında yaradılıb və onların aylıq maaşının 700 manat olduğu bildirilir. Amma bəzi deputatlar böyük iş görürlərmiş kimi, işlərinin asanlaşması üçün ikinci köməkçinin də ayrılmasını təklif edirlər. Elmira Axundova deyir ki, deputatlıqdan başqa vəzifə sahibi olan adamların kifayət qədər köməkçiləri var. “Mənim kimi sıravi deputatların köməkçiləri rayonlarda olanda özümüz burada tək qalırıq. Məktub yazmaq, kiməsə zəng eləmək, harasa getmək, qanunvericiliklə məşğul olmaq, hüquqşunas olmadığından qanunvericiliklə bağlı məsələləri özü həll edir. Fazil Mustafa isə həm əlavə köməkçi, həm də avtomobil istəyir:“ Əgər təklif edilirsə ki, ikinci deputat köməkçi lazımdır, deməliyik ki, lazımdır. Köməkçimiz nə qədər çox olsa, işimiz bir o qədər yüngülləşər. Amma inanmıram ki, indiki zamanda ikinci köməkçi ilə bağlı qərar verilsin. Ona görə də, ikinci köməkçidən daha çox, deputatın xidməti avtomobillə təmin olunması məsələsi üzərində düşünmək lazımdır.”.
Mətbuatın yazdığına görə, deputat köməkçiləri də aylıq maaşlarının az olduğundan şikayətçidirlər. Amma bu barədə öz adları ilə danışmaqdan ehtiyatlanırlar. Onlar bildirilər ki, aylıq maaşı seçicilərlə görüşlərə getməyə, seçki dairəsini gəzməyə və başqa məsələlərə bəs etmir. Deyəsən parlamentin suyundan, havasındandır, nə deputatının, nə köməkçisinin xalqın 200-300 manatla necə dolandığından xəbəri yox.