“Təcili millətdən üzr istəməlisiniz”. Bu sözləri keçmiş deputat Cümşüd Nuriyev Hadı Rəcəbliyə ünvanlayıb. O, sosial şəbəkədə yazıb ki, Hadı Rəcəblinin dediyi sözləri oxuduqdan sonra ona “bəzi məsələləri xatırlatmaq” istəyib. Yazdığından belə başa düşülür ki, C.Nuriyevi dilləndirən H.Rəcəblinin xalqın ünvanına “nankor” ifadəsi işlətməsidir.
C.Nuriyev xatırlatmaları bunlardır:
“Heydər Əliyevin birinci hakimiyyəti illərində fəhləlikdən Şəki rayonunun birinci katibliyi vəzifəsinədək, ikinci hakimiyyəti illərində iki dəfə (1995, 2000) layiq olmadığın Milli Məclisə dürtülmüsən”;
“İlham Əliyevin prezidentliyi dövründə daha üç dəfə (2005, 2010 və 2015) “nankor xalqın” parlamentinə soxulmusan”;
“Bəyənmədiyin bu xalqın hesabına hələ doğulmayan nəvələrinə belə var-dövlət yığmısan. Halbuki, bu dövlət üçün can qoyanlar, dövlətinə sadiq qaldıqlarına görə bir tikə çörəyə möhtacdırlar. İş belə tapa bilmirlər”;
“Bəyənmədiyin bu xalqın prezidenti 2007-ci ildə səni “Şöhrət” ordeni ilə təltif edib. Amma təəssüf ki, özün şöhrətli ola bilmədin. Sən necə siyasi elmlər doktorusan ki, sənə bu qədər layiq olmadıqlarını verən bir xalqa qarşı şərəfsiz döyüşə girmisən? Sənin məqsədin nədir? Sifarişi hansı dövlətdən almısan? Nədən sən və sənin kimi deputatlar xalq ilə prezident arasında uçurum yaratmağa çalışırsınız? Nədən “nankor xalqın” deputatı olmaqdan utanmırsınız? Nədən prezidentin sədr olduğu iqtidar partiyasının adını batırırsınız?”
Sonda keçmiş deputat indiki deputatı xalqdan üzr istəməyə çağırır: “Hələ bu verəcəyim sualların bir hissəsidir. Təcili millətdən üzr istəməlisiniz!”
Son zamanlar deputat Hadı Rəcəblinin müxtəlif mövzularda söylədiyi ayrı-ayrı fikirləri cəmiyyətdə haqlı narazılığa və kəskin müzakirələrə səbəb olub.