Gənclərin etiraz çağırışları artır
Ölkədə etirazlar gündən-günə artır. Paytaxtın mərkəzində keçirilən son 2 mitinqdən sonra insanların etiraz əhval-ruhiyyəsi daha da yüksəlib. Sosial problemlər, işsizlik, qanunsuzluq və hakimiyyət təmsilçilərinin insanlarla kölə davranışı xalqın səbr kasasını daşdırıb. Artıq Bakının küçələrində xalq hərəkatının ayaq səsləri duyulmaqdadır. Sosial şəbəkələr açıq, mübariz şəkildə etiraz səsini ucaldıb, xalqı mübarizəyə səsləyən video-çağırışlarla doludur. Belə çağırışlardan birini də sosial problemlər məngənəsində boğulan bu gənc edib. Bütün həyatını dolanışıq arxasınca qaçmaqla keçirən, səhərdən axşama kimi zorla qazandığı beş-on manatı da kommunal ödənişlərə verən bir gəncin harayı var bu videoda! Həmyaşıdlarını bu zülmdən, bu işgəncədən qurtulmaq üçün bir olmağa çağırır o gənc!
“Heç nə demirəm, Allah qorxunuz olsun. Prezidentin də Allah qorxusu olsun. Kimdi Mehriban xanım, hardan alıblar o sərvəti? Hamısı bizim hesabımıza deyilmi? Heydər Əliyev fondu… hardan qalıb o fond, dədəsindən qalıb, Ermənistandan gətirib bura? Mən qorxmuram, gəlsin tutsun, aparsın. Yenə də deyirəm cavanlara, hər rayonda 2 min, 3 min birləşib bu hakimiyyəti yıxmaq lazımdır. Erməni bizə gülür, niyə gülməlidir? Bu millət hara gedəcək yatmaqla? Xahiş edirəm, biz yaşda uşaqlar, gəlin birləşək. Birləşək, bu hökumətə “yox” deyək. Neyləyirsiniz, milləti qırmaq fikrindəsiniz? Səhərdən saat 12-yə, 1-ə kimi işləyirəm, qazancım nədi, 3-5 manat. Onu da, prezidentimiz sağ olsun, qazın, işığın pulun artırıb, eləcə gedir ona. Biz xırıldayırıq, onlar xırıltını da kəsir ki, rahat ölək. Başqa millətlərə qazı satırsan 6 qəpiyə, 20 qəpiyə də qoymusan bu millətin belinə. Belə vicdansızlıq olmaz, sənin də vaxtın gələcək, inşallah, səni də taxtdan endirəcəklər. Heç kəsdən qorxmuram, ünvanımı da verirəm, gəl tut apar.”
Bu ölkədə yüz minlərlə əzab-əziyyət içində çapalayan belə gəncimiz var. Bu talançı hökumət onların hamısını bir tikə çörəyə möhtac edib. Onun çağırışını eşitdiniz. İndi söz sizindir, 2 noyabr mitinqində meydanda birlik olmağın zamandır. Bütün gəncləri bu həmyaşıdlarının səsinə səs verməyə çağırırıq! Bu ölkə sizindir, gənclər, gələcək sizindir. Gəlin, gələcəyinizə sahib çıxın!