Deputatın rekord qıran “çıxışı” Biləsuvar əhalisinə mitinq çağırışı oldu
İki gündür MM-nin qocaman deputatı Xanhüseyn Kazımlının məşhur çıxışı sosial şəbəkələrdə izlənmə rekordu qırır. Onlarla Biləsuvarlı deputatın hətərən-pətərən çıxışını paylaşıb, seçicilərinə müraciət edir. Biləsuvarlılar, siz belə bir deputatı haqq edirsinizmi? Adamın on illərdir o məclisdə oturub sizin haqqınızı yediyinin fərqində deyilmisiniz? Bu adamın nə qədər sizin adınızdan məclisdə oturub sayıqlamasına dözmək fikrindəsiniz? Əlbət ki, Kazımlı da 26 illik Əliyev hakimiyyətinin bənzər deputatlarından biridir. Başqaları ondan çox da fərqli deyil, əslində. Hamısı bir məktəbin məzunu, bir rejimin yetirməsidir. Hələ Xanhüseyn müəllimin prezident seçkilərində lideri Heydər Əliyevin rəqibi olmasına da icazə veriblər. Amma hər şeyin bir həddi-hüdudu, ədəb-ərkanı var, axı. Adam yaşlanıb səksəni haqlamaq üzrədir. Danışığını itirib, fikirlərini toplayıb üç cümləni ard-arda deməkdə çətinlik çəkir. Belə vacibdirmi, parlament kürsüsünə yapışıb özünü elə, aləmə rüsvay etmək?
Buradan Biləsuvar seçicilərinə səslənirik. Xanhüseyn Kazımlıya səs vermədiyinizi bilirik. Ondan narazı və qəzəbli olduğunuzdan da xəbərimiz var. Qəzəbinizi sizi saya almadan ona dönə-dönə deputat mandatı verənlərə yönəltməyə çağırırıq. Etiraz səsinizi seçim haqqınızı oğurlayıb onu zorən deputat edənlərə qarşı ucaltmağa çağırırıq. Yaşı yetmişi çoxdan keçmiş, dili söz tutmayan qoca adamı Biləsuvara zorla deputat seçdirib, sizi təhqir edənlərə ürək sözləriniz var, şübhəsiz. 2 noyabrda meydana gəlin, narazı insanların sırasına qoşulun. Bu başabəla deputatlardan qurtulmaq üçün etiraz şüarlarınızı səsləndirin. Bu ölkədə gerçək xalq parlamenti formalaşdırmaq üçün hamımız meydanlara sözümüzü deməliyik. On illərdir bütün bəlalarımızın başında duran bu parlament istefaya getməlidir! Gəlin, meydanda bir olaq, birlik olaq, o günü daha da yaxınlaşdıraq!