O gün qorxaq diktator Qarabağa gedəcək texnikanı Bakıya yığmışdı!
Dünən diktatorun xalqdan necə qorxduğunu gördünüz. Adamın ruh halının adekvat olub-olmadığını deyə bilmərik, amma şəhərin mərkəzinə bir döyüşlük texnika və polis töküb qaçıb gizlənmişdi. Bu qədər hay-küy, müxalifət liderinin vəhşicəsinə döyülməsi və xəsarət alması, yüzlərlə insana qarşı edilən zorakılıq, kütləvi həbslər belə onu gizləndiyi naməlum yuvadan çıxara bilmədi. Dünən paytaxtın küçələri 90-cı ilin 20 yanvar tarixini xatırladırdı. Tək fərq vardı- xalqın qarşısına çıxan sovet əsgərləri deyil, maskalanmış sovetçilərin əsgərləri idi. Yoxsa hardandı onlarda xalqa qarşı bu qədər nifrət və kin? Hardandı zombiləşmiş kaskalıların əliyalın, dinc insanlara qarşı bu qədər nifrəti? Hardandı bu qədər nanəciblik və yaramazlıq? Bu qədər qəddar olmaq göstərişini kim vermişdi, birbaşa Əliyevin özü, yoxsa söylənən “islahata” əngəl olmaq istəyən qruplaşmalardan biri? Onu da demək çətindir, amma ortada bir fakt var-ölkə bir ovuc quldurun əlində girov qalıb. Qanunu, hüququ, xalqın iradəsini ayaqlar altına atıblar bunlar. Ölkə kriminal qaydalarla idarə olunur, hakimiyyətin başı kimin, ayağı kimin əlindədir, bilinmir.
Bu adamlar ölkəni hardan-hara gətirdilər? Bu ölkənin müstəqilliyi üçün rus tanklarının qarşısına yürümüş insanları necə əzib sıradan çıxardılar? Sağ qalıb yola davam edənlərə nədən bu qədər nifrət edirlər? Məsələ aydındır, əslində. Bu adamların vətən, xalq, millət haqında anlayışları o qədər primitivdir ki, sabah rahatlıqla ölkəni Rusiyanın tabeçiliyinə, Qarabağı həmişəlik ermənilərə verməkdən də çəkinməzlər. Əliyev hakimiyyəti bu qədər gücü vaxtında Qarabağda ermənilərə qarşı çıxarsaydı, böyük uğurlar qazanmış olardıq, inanın. Amma Əliyev Qarabağ üçün müharibə edən adama oxşayırmı? Xeyr, ona heç Qarabağ da lazım deyil. Ona görə hakimiyyətini əldə saxlamaq üçün şeytanla da əməkdaşlıq etməyə hazırdır. Həmin gün qorxaqcasına o qədər hərbi texnikanın və polisin arxasında gizlənməsi də hakimiyyət xofunun nəticəsi idi. Amma dünyanın bütün diktatorları kimi o da yanılır. Bu rejimin tarixin zibilliyinə atılmasına az qalır. Vaxtı çatmış ideyaların qarşısını heç bir qüvvə ala bilməz!