ABŞ-nin Dövlət Departamenti, Avropa Şurası və diqər təşkilatlar niyə susur?
Dünənki aksiyada baş verənləri hamı gördü. Hər şey dünyanın gözləri qarşısında baş verdi. Doqquz aydır aksiyalara qoyulmuş qeyri-rəsmi qadağadan tutmuş, mitinq ərəfəsi bütün təşkilatçıların və fəalların həbsinə qədər-hər şey beynəlxalq aləmə məlum idi. Amma onlar əllərində olan daha təsirli imkanlardan istifadə etmədilər. Ən azı, xalqın sərbəst toplaşmaq azadlığına yaşıl işıq yandırmaq üçün lazımi mesajı vermədilər. Doğrudanmı, onlar hələ də hakimiyyətin islahat imitasiyasına inanıb, bunca “şıltaqlıqlara” dözürlər? Bunların nazı ilə oynamaq yetərli olmadımı? Nə zamana qədər Avropa Şurasına üzv olan bir ölkənin feodal təfəkkürü ilə idarə olunmasına susacaq beynəlxalq dünya ictimaiyyəti? Nə vaxta qədər ölkənin milyardlarını özləri kimi yaramaz lobbiçilərə paylayıb, hakimiyyətlərinin ömrünü uzadacaqlar? Bəzi Avropa belə adının qarışdığı “kürü diplomatiyası” rəzaləti ibrət olmadımı? Hələ nə qədər iyrənclik yayacaq bu adamlar uzaq sərhədlərə? Avropa parlamentində xanım deputatların “Əliyev hakimiyyətinə sanksiya tətbiq etməyin zamanı çatıb” mesajı nə tez unuduldu?
Hardasınız, ey Bakıda öz ölkəsinin elçisi olan səfirlər? Nədən səsiniz çıxmır? Axı sizin missiyanız təkcə bu hakimiyyət təmsilçiləri ilə görüşlər keçirib, yuxarılara məlumat vermək deyil. Axı bu ölkədə insanların başına açılan dəhşətlər haqqında da danışmalısınız, yazmalısınız, məlumat verməlisiniz. Nə qədər davam edəcək bu hakimiyyətin özbaşınalığı və dünyanı saymazlığı? Nədən təkrar gündəmə gətirilmir bu rejimin başında duranlara qarşı sanksiya qərarı? Bu adamların xaricə çıxışlarına, bank hesablarına, mülklərinə həbs qoymaq o qədərmi çətindir? Bu xalq sizin ədalətli qərarınızı çoxmu gözləyəcək hələ? Nədən Avropa səfirləri ortaya kəskin hesabatlar qoyub, bu hakimiyyətin Avropa Şurasına üzv olan bir ölkəni cəngəlliyə çevirdiyini bəyan etmir? Nədən Amerika və dünyanın bütün demokratik təsisatları dözüm göstərir bu tiranlara? Kimə aydın deyil ki, bu adamları yalnız şəxslərinə və ailələrinə qarşı tətbiq olunan sanksiyalar durdura bilər? Kimə sirdi ki, divin canı şüşədə olduğu kimi, bu hakimiyyətin, xüsusən, Əliyevlər ailəsinin canı sanksiyadadır? O sanksiyaları tətbiq etməyin zamanı gəlib. Axı diktaturaların ayrı-ayrı xalqlar üçün deyil, bütün dünya üçün təhlükə olduğunu hamımız bilirik. Təkcə bir xalqın azadlığı naminə deyil, həm də dünyəvi dəyərlərə hörmət naminə bunu etməlisiniz!